Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-971/2023 05.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlilliyin bərpa edilərək müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İİ qrup əlillik dərəcəsinin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ müharibəsində iştirak etmiş, 1993-cü ilin dekabr ayında yaralanmış, yoldaşları səyyar hospitala çatdırmışlar. Uzun illər xəstəliyilə əlaqədar olaraq heç bir yerdən xəstəlik tarixində çıxarışını tapa bilmədiyindən illər keçdikdən sonra 2006-cı il sentyabr ayından ona ümumi əllillik təyin edilmişdir. 2016-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ümumi əlliliyin səbəbi dəyişərək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əllilik təyin edilmişdir. Əlillik müddətinin beş ili tamam olduğu üçün yenidən Abbas Səhhət adına Xəstəxananın Poliklinikasında təkrar müayinələrdən keçdikdən sonra forma 88-i qeydiyyata alınmışdır. 17 avqust 2022-ci il tarixdə əyani baxışda olarkən müayinədən keçdikdən sonra xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 731 nömrəli Qərar verilmişdir. Həmin qərarda “qəlpə yaralanmalarından sonra başın sağ alın təpə nahiyəsində, sifətin sol almacıq sümüyü proyeksiyasında, sol saidin orta 1/3-nin ön-içəri səthində, sol baldır nahiyəsinin ön və arxa səthində köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qulaqda eşitmə cihazı qeyd olunsa da, çıxarıldıqda da ünsiyyətə qoşulmuşdur. Bununla əlaqədar təqdim olunmuş tibbi sənədlərin əsaslılığına şübhə yaranmışdır. Müayinə zamanı nevroloji və psixi status yaşa uyğun qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, davranış pozuntusu və psixotik əlamətlər izlənilməmişdir. MN Baş Klinik Hospitalın xx.xx.2022-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “İİİ və lateral mədəciklər orta xətdə olub, bir qədər genişlənmişdir” kimi qeyd olunmuşdur. BERA testinin nəticəsi “Sağ qulaqda İİİ-İV dərəcə, sol qulaqda İ dərəcəli sensonevral tip eşitmə azlığı. Eşitmənin protezləşməsi tövsiyə olunur” kimi təqdim edilmişdir. Əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmədiyindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçının müraciət əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş diaqnozu araşdırılmışdır. Nəticə klinik əlamətlərlə və vətəndaşın əvvəlki əyani müayinə zamanı təqdim etdiyi sənədlərlə uyğunsuzluq təşkil etmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 731 nömrəli qərarının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli və xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubları, müayinə barədə məlumatdan çıxarış, qiymətləndirmə üzrə məlumatdan çıxarış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli və xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarlarının surəti, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə nəticələrinə dair çıxarışların surətləri, 10 aprel 2023-cü il tarixli, T 196/2023 nömrəli ekspert rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3082 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə, xx.xx.2015-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə, xx.xx.2016-cı il tarixdə, sonra yenidən xx.xx.2017-ci il tarixdə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2017-ci il tarixdə beş il müddətinə “baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, Kəllədaxili travma, Qəlpə yaralanmasından sonra başın sağ alın təpə nahiyyəsində sifətin sol tərəfində, sol almacıq sümüyün proeksiyasında sol saidin orta 1/3-nin ön içəri səthində sol baldır nahiyyəsində ön və arxa səthində sağ budun orta 1/3-nin arxa bayır səthində köhnə çapıq toxumaları. Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyasının 1993-cü il) davamlı qalıq əlamətləri” diaqnozu ilə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmiş, lakin əlilliyinin sonuncu, xx.xx.2022-ci il tarixli müayinəsi zamanı əlillik dərəcəsinin təkrar təyin edilməsindən imtina edilmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10 aprel 2023-cü il tarixli, T 196/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “T06.0baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, kəllədaxili travma, qəlpə yaralanmasından sonra başın sağ alın-təpə nahiyəsində sifətin sol tərəfində, sol almacıq sümüyü proyeksiyasında, sol saidin orta 1/3nin ön içəri səthində, sol baldır nahiyəsində ön və arxa səthində, sağ budun orta 1/3-nin arxa bayır səthində köhnə çapıq toxumaları. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyasının 1993-cü il) davamlı qalıq əlamətləri” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir və hal-hazırda sağlamlıq durumu bərpaedici müalicə tələb etmir. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verənKomissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Bundan əlavə məhkəmə iddiaçının tələbinin “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bir halda ki, cavabdeh qurumun iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinası haqlı olmuşdur, iddiaçıya mövcud olmayan əlillin müddətsiz təyin edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının həmin tələbi də əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlilliyin bərpa edilərək müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlilliyin bərpa edilərək müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-971/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-971/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver