Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-972/2023 06.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Əmək Pensiyaları haqqında” Qanunun 9.1 maddəsinə görə iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2022-ci il tarixə qədər ümumi əmək stajı 29 il 3 ay 17 gün güzəştli şərtlərlə zərərli stajı 18 il 6 ay təşkil edir. O, xx.xx.2022-ci il tarixdə Gəncə “Asan Xidmət” Mərkəzinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 01 iyul 2022-ci il tarixdən təyin edilməsi üçün sənədlərini təqdim etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********6 saylı məktubu ilə ona imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi onun güzəştli şərtlərlə zərərli stajının xx.xx.2022-ci ilə kimi 9 il 5 ay 6 gün olmasını gösdərilmişdir. O, xx.xx.2013-cü ildən hal-hazıra kimi "xxxx" MMC-nin texniki Departamentinin mexaniki avadanlıqların təmiri və xidmət sahəsinin Tökmə və Anod sexlərində növbətçi çilingər vəzifəsində işləyir. Həmin vəzifədə işləməyi haqqında "xxxx" MMC-nin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında arayış da var. Arayışda onun növbətçi çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 11.1 tökmə istehsalı (yarım bölməsində) təmirçi çilingərlər peşə koduna müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Tökmə və Anod sexində iş şəraiti zərərli hesab edilir. Növbətçi çilingərlər də həmin şəraitdə işləyirlər. Təmirçi çilingərlərlə eyni şəraitdə eyni təmir işləri görürlər. Onlar həftə ərzində 5 gün gündüz işləyir. Onlar isə növbəli şəkildə istər gündüz, gecə, istirahət və bayram günləri də xidmət və təmir işləri həyata keçirirlər. Eyni sexdə, eyni yerdə, eyni şəraitdə işləyirlər. Ona görə də peşələrin uyğunlaşdırılması zamanı işlədiyi sahənin xüsusiyyətləri, peşənin yerinə yetirildiyi şərait, məşğul olduğu peşə üzrə icra etdiyi əmək pensiyalarının məzmunu, həyata keçirdiyi fəaliyyətin xarakteri və davamlığı nəzərə alınmalıdır. "xxxx" MMC-də zərərli şəraitdə işlədiyinə görə faiz əlavə əmək haqqı verilir. Bundan başqa zərərli şəraitdə işlədiyinə görə əlavə olaraq 6 gün əlavə məzuniyyət də verilir. Beləliklə, cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina qanuna zidd olmuş və Azərbaycan Respublikası Konstitusiyasının 38ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına tələb olmuşdur. Hesab edir ki, bütün bunlar nəzərə alınmaqla “Əmək Pensiyaları haqqında” Qanunun iyun 2022-ci il tarixdə 9.1 maddəsinə edilmiş dəyişikliyə əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun iyul 2022-ci il tarixdən yaranır. İş üzrə şifahi məhkəmə baxışı iclası 06 aprel 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC- nin Texniki Departamentinin Mexaniki Avadanlıqlarının Təmiri və Xidməti sahəsinin Tökmə və Anod sexlərində növbətçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının tökmə istehsalı bölməsinin (11.1) fəhlələr bəndində (a) müvafiq olaraq kondisionerləşmə və ventilyasiya sistemlərinin təmiri və xidməti üzrə çilingərlər, təmirçi çilingərlər, elektrik avadanlığının təmiri üzrə elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda iddiaçının xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Lakin İddiaçı qeyd edilən dövr üzrə zərərli və ağır işdə işləməyinə dair arayış təqdim etmədiyinə görə iddiaçının sözügedən müəssisədə çalışdığı dövrün güzəştli iş stajına aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq var. Belə ki, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmasına baxmayaraq, həmin dövr üzrə "xxxx" MMC ona dair 5 aprel 2022-ci il tarixli arayışında tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçi peşəsində işlədiyi göstərilmişdir. Bu səbəblərdən də onun güzəştli iş stajı 12 il 6 aydan az ((9 il 5 ay 6 gün (xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.2005-xx.xx.2009-cu il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur; - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, iddiaçının güzəştli iş stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir; - işə əlavə edilmiş "xxxx" MMC-nin 04-2022-0256 nömrəli, xx.xx.2022-ci il tarixli «Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında» arayışdan görünür ki, iddiaçı "xxxx" MMC-nin Texniki Departamentinin Mexaniki Avadanlıqlarının Təmiri və Xidməti sahəsinin Tökmə və Anod sexlərində xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək və xx.xx.2018-ci ildən hal-hazıradək «təmirçi çilingər» vəzifəsində işləyir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 9 il 1 aydır. Bundan əlavə arayışda iddiaçının işlədiyi vəzifənin 4-cü dərəcəli “Təmir çilingəri”nin iş xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.1. Tökmə istehsalı (yarımbəndində) təmirçi çilingərlər peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. - işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin Texniki Departamentinin Mexaniki Avadanlıqlarının Təmiri və Xidməti sahəsinin Tökmə və Anod sexlərində xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək və xx.xx.2018-ci ildən hal-hazıradək «təmirçi çilingər» vəzifəsində işləyir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müddəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Məhkəmə iddiaçıya münasibətdə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün birinci şərtlə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2013xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Texniki Departamentinin Mexaniki Avadanlıqlarının Təmiri və Xidməti sahəsinin Tökmə və Anod sexlərində işlədiyi “növbətçi çilingər” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilmədiyindən həmin vəzifədə işlədiyi dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçının "xxxx" MMCnin Texniki Departamentinin Mexaniki Avadanlıqlarının Təmiri və Xidməti sahəsinin Tökmə və Anod sexlərində xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində “növbətçi çilingər” vəzifəsində işləməsini mübahisələndirməmişdir. Odur ki, məhkəmə “növbətçi çilingər” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olub-olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “növbətçi çilingər” vəzifəsinin sözügedən siyahıda qeyd edilməməsinə baxmayaraq, "xxxx" MMC-nin 04-2022-0256 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, sonuncu “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının tökmə istehsalı bölməsinin (11.1) fəhlələr bəndində (a) qeyd edilmiş “təmirçi çilingər” vəzifəsinin iş xüsusiyyətləri ilə eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “növbətçi çilingər” vəzifəsinin yuxarıdakı siyahıda qeyd edilməməsinə əsaslanaraq həmin dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir. İkinci şərtlə bağlı isə qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilməsi üçün qanunvericiliklə tələb olunan ümumi iş stajı mübahisələndirilməmişdir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının hüququ yarandığı tarxidən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-972/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-972/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver