Məhkəmə qərarları › İş №2-1(114)-973/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-973/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-973/2021 02.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov ELdar Yaşar oğlunun katibliyi, cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər Baş İdarəsi) 10.04.2019-cu ildən təyin edilmiş sosial müavinətin dayandırılması haqqında 31.07.2020-ci il tarixli qərarın ləğv edilməsi və 31.07.2020-ci il tarixdən sosial müavinətin bərpa edilməsi, həmin vaxtdan hal-hazıra kimi qalan ayların pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı 14.04.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 10.04.2019-cu ildən təyin edilmiş sosial müavinətin dayandırılması haqqında 31.07.2020-ci il tarixli qərarın ləğv edilməsi və 31.07.2020-ci il tarixdən sosial müavinətin bərpa edilməsi, həmin vaxtdan hal-hazıra kimi qalan ayların pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəməyə iddia ərizəsi vermək üçün nəzərdə tutulan prosessual müddəti ötürmüş, məhkəməyə ərizə təqdim edərək prosessual müddətin bərpa olunmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 19.05.2021-ci il tarixli, 2- 1(114)-973/2021 nömrəli qərardad ilə iddiaçı tərəfindən ötürülmüş prosessual müddət bərpa olunmuşdur. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 19.05.2021-ci il tarixli, 2-1(114)- 973/2021 nömrəli qərardad ilə Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər Baş İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 10 aprel 2019-cu il tarixdə 57 yaşı tamam olduğundan, o, işləməyən 3 uşaq anası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X10 şəhəri Kəpəz rayon şöbəsinə yaşa görə sosial müavinət almaq üçün rəsmi müraciət etmişdir. Həmin vaxtdan ona sosial müavinət təyin edilmiş və həmin tarixdən mütəmadi olaraq 130 manat sosial müavinətini almışdır. O, dərzi kimi əvvəllər ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Lakin ona işləməyən 3 uşaq anasi kimi sosial müavinət təyin olunmamışdan üç ay əvvəl, yəni 18 yanvar 2019-cu il tarixdə o, 12 saylı Ərazi Vergilər Departamentinə müraciət edib xəstəliyi ilə bağlı VÖEN-i beş il müddətinə bağlatdırmışdır. 2019-cu ilin axırlarında həkim müayinəsi zamanı məlum olmuşdur ki, o, Onkoloji xəstədir. 10 aprel 2019-cu ildə ona 130 manat sosial müavinət təyin edildikdən sonra Kapital bankın Gəncə filialından 1850 manat kredit götürmüşdür. Həmin pulu o, müalicəsinə xərcləmişdir. Onkoloji xəstəxanada müalicə olunan vaxt 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları ona telefonla zəng vurub demişlər ki, vergidə VÖEN-nin qabağı açıq qalıb, təcili bununla bağlı Gəncə şəhərinə qayıtmalıdır və bu məsələ araşdırılmalıdır. O, onlara bildirmişdir ki, 2019-cu ilin yanvar ayının 18-dən o, VÖEN-i ərizəsi əsasında bağlatdırmışdır. Bu barədə ona rəsmi sənəd də, verilmişdir. O, 2020-ci ilin sentyabr ayının 10-da Bakı şəhərindən Gəncəyə qayıdıb gəlmiş və 11.09.2020-ci il tarixdə 12 saylı Ərazi Vergilər Departamentinə müraciət edərək adına olan VÖEN-i yenidən dayandırmışdır. Göstərilənlər sənədlərlə də, tam təsdiq olunur. 12 saylı Ərazi Vergilər Departamentinin “Fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi” ərizəsinin 18.01.2019-cu il tarixli rəsmi sənədində də, qeyd olunur ki, sair fərdi xidmətlərlə məşğul olan, hüquqi ünvanı Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev 6, mənzil 25 olan ********** nömrəli VÖEN- lə işləyən X2 fəaliyyətinə 18.01.2019-cu il tarixdən xitam verilsin. 2021-ci ilin iyul ayının 31-də onun sosial müavinəti cavababdeh orqan tərəfindən dayandırılmışdır. O, cavabdeh orqana bu barədə müraciət edib, pensiyasının bərpa edilməsini bildirdikdə cavabdeh orqan bundan imtina etmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 02 iyul 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X9 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - cavabdehin iddiaçıya ünvanladığı 18.03.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunun əsli; - Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı 22.09.2020-ci il tarixli məktubun surəti; - Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı 11.11.2020-ci il tarixli məktubun surəti; - Cavabdehin **********3 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli məktubun əsli. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinin tələblərinə əsasən, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin qanunun 12-ci maddəsinə əsasən, bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş veridikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatlarn verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialı tərəfindən qəbul edilmiş **********3 nömrəli qərardad görünür ki, İddiaçı təyin olunmuş yaşa görə sosial müavinət adına aktiv VÖEN olduğu üçün dayandırılmış və İddiaçı tərəfindən 2041 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialının bank hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı yaşa görə sosial müavinət bərpa olması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh oraq iddiaçıya 18.03.2021-ci il tarixli, **********03 nömrəli imtina məktubu göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən yaşa görə sosial müavinətlər təyin edilərkən müraciət edən şəxsin VÖEN-i olmadıqda ona müavinət təyin edilir,VÖEN olduqda isə statusunun aktiv və ya passiv olması, passiv olduğu halda dondurulmuş və ya ləğv edilmiş olması yoxlanılır. İddiaçıya 10.04.2019-cu il tarixdə yaşa görə sosial müavinət təyin edilib.Təqdim edilən vergi uçotunun ləğvi barədə arayışda 18.01.2019-cu il tarixli ərizəyə əsasən vergi uçotun ləğv edildiyi qeyd olunmuşdur. Lakin vergi uçotu hansı tarixdən ləğv olunmağı göstərilmədiyi üçün və həmin tarixdən iddiaçının adına aktiv VÖEN olduğu üçün onun yaşa görə sosial müavinəti qanunvericiliyə uyğun olaraq bərpa oluna bilməz. Göründüyü kimi cavabdeh iddiaçının sosial müavinətini onun adına aktiv VÖEN olduğu üçün dayandırmışdır. Məhkəmə cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab edir. Bekə ki, Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 31.07.2006-cı il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə Vergi orqanında vergi uçotuna alınmış vergi ödəyicisi X1 18.01.2019-cu il tarixdə “Fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi” haqqında ərizə ilə Vergi orqanına müraciət daxil olmuşdur. Vergi orqanı tərəfindən müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi ödəyicisinin vergi uçotu 11.09.2020-ci il tarixdə ləğv olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, qeyd olunan tarix aralığında vergi ödəyicisinin fəaliyyət vəziyyəti aktiv olmasına baxmayaraq vergi ödəyicisinin hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh orqan İddiaçı adına aktiv VÖEN olduğu üçün onun yaşa görə sosial müavinəti dayandırılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 18.01.2019-cu il tarixdə “Fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi” haqqında ərizə ilə Vergi orqanına müraciət etmiş, vergi uçotu 11.09.2020-ci il tarixdə ləğv olunmuş və həmin aralıqlarda onun VÖEN-ni mövcud olsa da, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin l hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə, həmçinin Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli məktub ilə müəyyən edilir ki, İddiaçı18.01.2019-cu il tarixdə “Fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi” haqqında ərizə ilə Vergi orqanına müraciət etmiş, vergi uçotu 11.09.2020-ci il tarixdə ləğv olunmuş və həmin aralıqlarda onun VÖEN-ni mövcud olsa da, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 10.04.2019-cu ildən təyin edilmiş sosial müavinətin dayandırılması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının 31.07.2020-ci il tarixli qərarı ləğv edilməli və 31.07.2020-ci il tarixdən sosial müavinətin bərpa edilərək həmin vaxtdan hal-hazıra kimi qalan ayların pullarının iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, cavabdehin nümayəndəsinin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının 31.07.2020-ci il tarixli qərarı ləğv edilməli və 31.07.2020-ci il tarixdən sosial müavinətin bərpa edilərək həmin vaxtdan halhazıra kimi qalan ayların pullarının iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının 31.07.2020-ci il tarixli qərarı ləğv edilsin. 31.07.2020-ci il tarixdən sosial müavinətin bərpa edilərək həmin vaxtdan hal-hazıra kimi qalan ayların pullarının iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar