Məhkəmə qərarları › İş №2-1(114)-974/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-974/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-974/2022 16.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdehin etibarnamə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı 16 oktyabr 1998-ci il tarixdə 024320 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmiş və bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. İddiaçıya Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi 16 oktyabr 1998-ci il tarixdən etibarən cavabdeh tərəfindən sosial müavinətin ödənilməsi həyata keçirilir. İddiaçı sosial müavinətin təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün ona verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə qanunvericiliyə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyinə istinad edərək 05 yanvar 2022-ci il tarixli, **********3 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək sosial müavinətin təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həqiqi hərbi xidmətdə olmuşdur. Həmin hərbi xidməti başa vurduqdan sonra 1992-1996-cı illərdə erməni qəsbkarları Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa cəhd edən zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda torpaqların müdafiəsi üzrə gedən döyüş əməliyyatlarında ön cəbhələrdə erməni qəsbkarlarına qarşı şüacətlə döyüşmüş, döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Ona görə də ona Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş, bu barədə 16 oktyabr 1998-ci il tarixli, 024320 nömrəli vəsiqə ilə təmin olunmuşdur. Bundan sonra hər ay ona müavinət verilmiş, lakin müharibə veteranlarına müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üzrə ödənilməsi qanunla nəzərdə tutulmuş müavinət ödənilməmişdir. Bu barədə cavabdeh təşkilata rəsmi müraciət etmiş, lakin tələbi təmin təmin olunmamışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 may 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 024320 nömrəli veteran vəsiqəsi 16 oktyabr 1998-ci il tarixdə verilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu Qanunun 11.1.5-ci maddəsində qeyd olunan müddətə - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən ona 05.03.2010-cu il tarixdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə pensiya təyin olunmuş və ödənilmişdir. Bu səbəbdən həmin müavinətin ödənişi dayandırılmışdır. İddiaçıya 05.03.2010-cu il tarixdən yaşa görə pensiya təyin edildiyiüçün və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.6-cı maddəsinə əsasən pensiyasının üzərinə 11 manat məbləğində əlavə ödənildiyi üçün qanunvericiliyin tələblərinə əsasən keçmiş dövr üçün müavinətin ödənilməsi mümkün hesab edilmir. İddiaçıya 01.04.2019-cu il tarixdən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və 16.10.1998-ci il tarixli, 024320 nömrəli vəsiqənin təsdiqlənmiş surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05.01.2022-ci il tarixli, **********3 nömrəli məktubu və iddiaçıya məxsus 13.11.1978-ci il tarixli, NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun:- -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. -7-ci maddəsinin 2-ci hissəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -4.0.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər ödənilir. -7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. -14-cü maddəsinə əsasən Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Qeyd edilməlidir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 16.10.1998-ci il tarixdə verilmişdir və həmin dövrdə müharibə veteranları üçün kommunal, nəqliyyat və digər xidmətlər üzrə müvafiq güzəştlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə Fərmanın adında qeyd olunan güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə müvafiq məbləğdə aylıq müavinət müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının müharibə veteranı vəsiqəsi əldə etdiyi zaman o, həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququna malik olmuşdur, sonradan həmin güzəştlərin müvafiq müavinətlə əvəz edilməsi zamanı isə iddiaçı bu barədə müvafiq aktın qüvvəyə mindiyi gündən sonra sosial müavinəti əldə etmək hüququ qazanmışdır. Həmçinin qeyd edilməlidir ki, müvafiq kateqoriyadan olan müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (9.1-ci maddəsində) nəzərdə tutulmuşdur, sözügedən Qanun isə 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən sonra yaranmış münasibətlərə şamil olunmuşdur. Beləliklə, iddiaçı müavinət təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədi 16.10.1998-ci il tarixində əldə etdiyinə görə həmin tarixdən əvvəlki dövrdə “müharibə veteranı” statusuna malik olmadığından, eləcə də müvafiq müavinətin təyin edilməsi və məbləği barədə hər hansı hüquqi akt qüvvədə olmadığından ona 16.10.1995ci il tarixdən 16.10.1998-ci il tarixədək olan müddət üzrə müavinətin ödənilməsi tələbi qanuni və əsaslı hesab edilə bilməz. Başqa sözlə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar