Məhkəmə qərarları › İş №2-1(114)-974/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-974/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-974/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 1979-cu ildən 1996-cı ilədək Hacılar kənd Kalinin kolxozunda sürücü kimi işlədiyi illərin və xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Hacılar bələdiyyəsində hesabdar vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuş, 1979-cu ildən 1996-cı ilədək Hacılar kənd Kalinin kolxozunda sürücü kimi işləmiş və ona əmək günləri yazılmışdır. Bu barədə ona məxsus olan əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Lakin 1987-ci ildə Kalinin kolxozunun binasında yanğın hadisəsi baş vermiş, yanğın zamanı arxiv sənədləri məhv olmuşdur. Həmçinin, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək Hacılar bələdiyyəsində hesabdar vəzifəsində işləmiş, bu barədə ona məxsus əmək kitabasında müvafiq qeydlər aparılmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar sənədlərini cavabdeh orqana təqdim etmiş, sənədlərinə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılaraq ona xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktub göndərilmişdir. Həmin məktubda cavabdeh orqan onun 1979-cu ildən 1996-cı ilədək Hacılar kənd Kalinin kolxozunda sürücü kimi işlədiyi illəri, eləcə də xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək Hacılar bələdiyyəsində hesabdar vəzifəsində işlədiyi illəri sosial sığorta stajına daxil etməkdən imtina etmiş, buna səbəb kimi həmin illərə dair əmək stajının təsdiqlənmədiyini göstərmişdir. İddiaçı hesab edir ki, onun qeyd olunan müddətlərdə işlədiyi illər mübahisələndirilə bilməz, bu fakt ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır. Ona görə də hesab edirəm ki, cavabdehin bundan imtina etməsi üçün heç bir qanuni əsası yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2001- 2008-ci illərdə bələdiyyədə işlədiyi dövrdə əmək haqqı almamışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ümumi iş stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri və xx.xx.1974cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 10 il 10 ay 10 gün təşkil edir. Belə ki, 1979-1987 və 2001-2008-ci illər iş stajı kimi nəzərə alınmır, çünki arxiv idarəsinin verdiyi məlumata görə 1979-1987-ci illər üzrə əmək haqqı sənədləri arxivə təhvil verilməmişdir, 2001-2008-ci illərdə isə bələdiyyədə işləməsi barədə məlumat yoxdur. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək 10 il 10 ay 10 gün sığorta stajına uyğun olaraq 8.276,92 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 511 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş attestatdan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək peşə məktəbində əyani təhsil almışdır. -surəti işə əlavə edilmiş xx.xx.1984-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 1979-1996-cı illərdə Hacılar kənd Kalinin kolxozunda sürücü, xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Hacılar bələdiyyəsində hesabdar işləmişdir. -Gədəbəy rayon Dövlət Yanğından mühafizə hissəsinin xx.xx.2022-ci il tarixli, 37/Ə- 157 nömrəli arayışından görünür ki, həqiqətən 1987-ci il tarixdə Gədəbəy rayon Hacılar kənd Kalelin adına kolxozun idarə binasında yanğın hadisəsi baş vermiş, yanğın zamanı arxiv sənədləri yanıb məhv olmuşdur. -Gədəbəy rayon Hacılar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, İddiaçı 2001-ci il tarixdən 2008-ci il tarixədək Hacılar Bələdiyyəsində hesabdar vəzifəsində işləməsi barədə həmin dövrün əmr kitabı keçmiş bələdiyyə tərəfindən təhvil verilmədiyinə görə heç bir məlumat yoxdur. -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. -Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 24 nömrəli məktubundan görünür ki, İddiaçı 1988-1996-cı illərdə Kalinin adına kolxozda işləmiş və əmək haqqı almış, 1979-1987-ci illərə dair « Əməyin ödənişi uçotu » kitabları Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı iş stajını təsdiq edən sənədlərlə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ümumi iş stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş 1979-1996-cı illərdə Hacılar kənd Kalinin kolxozunda işlədiyi müddətlər üzrə 1988-1996-cı illərdə əmək haqqı alması barədə məlumat olsa da, 1979- 1987-ci illərə dair « Əməyin ödənişi uçotu » kitabları Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Qeyd olunan müddətlər üzrə sənədlərin arxivdə olmamasına səbəb isə 1987-ci il tarixdə kolxozun idarə binasında yanğın hadisəsinin baş verməsi, yanğın zamanı arxiv sənədlərinin yanması olmuşdur. Göründüyü kimi, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz, çünki qeyd olunan müddətlərdə işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. Odur ki, qeyd olunan müddətlər üzrə iddiaçının təqribən 18 il sığorta stajı olması öz təsdiqini tapır. Eyni zamanda işə əlavə edilmiş hərbi biletlə müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur Odur ki, həmin müddətlər üzrə onun 1 il 11 ay 21 gün sığorta stajı təsdiq olunur. Bundan əlavə, müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil almışdır, odur ki, həmin müddətlər üzrə onun 10 ay 19 gün sığorta stajı mövcuddur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasında onun 2001-ci il tarixdən 2008-ci il tarixədək Hacılar Bələdiyyəsində hesabdar vəzifəsində işləməsi qeyd olunsa da, məhkəmə tərəfindən verilmiş aidiyyəti sorğulara cavablar nəticəsində onun işləməsi faktı müəyyən olunmamışdır. Eyni zamanda iddiaçı özü məhkəmə iclasında qeyd olunan müddətlərdə əmək haqqı almadığını etiraf etmişdir. Bu səbəbdən də həmin müddətlər onun sığorta stajında daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinin qeyd hissəsində müəyyən olunmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yas həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1956-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək hərbi xidmətdə olduğu dövr -1 il 11 ay 21 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil müddəti- 10 ay 19 gün və 1979-1996-cı illərdə işlədiyi müddət- təqribən 18 il sığorta stajı nəzərə alındıqda onun ümumilikdə təqribən 20 il 10 ay 10 gün sığorta stajının olması müəyyən olunur. Göründüyü kimi iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə əsasən onun ümumilikdə təqribən 20 il 10 ay 10 gün sığorta stajı mövcuddur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona pensiya təminatına imkan vermədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar