Məhkəmə qərarları › İş №2-1(114)-974/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-974/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-974/2024 24.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona (ailəsinə) 2023cü il üçün ünvanlı dövlət sosial yardım təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, X3 ilə ailəli omaqla ailə üzvləri ilə birlikdə Gəncə şəhərində məskunlaşmışdır. Altı azyaşlı övladı (xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X4, 02.09.201 1-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X6) var. Maddi durumları olduqca ağırdır. Bir valideyn kimi azyaşlı övladlarının saxlanılması, onların maddi tələbatlarının ödənilməsini, yemək, geyim, təhsil ehtiyyacları, kommunal xərcləri qarşılaya bilmirlər. Bir neçə ildir ki, ünvanlı sosial müavinət alırlar. Lakin 2023-cü ilin iyun ayından etbarən sosial müavinətləri kəsilmişir. Onlar daha sonra təkrar sosial müavinət təyin edilməsi üçün elektron qaydada DSMF-na müraciət etmişlər. Lakin oradan onlara imtina cavabı gəlmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən ona qanunsuz olaraq imtina verilmişdir. Qeyd edir ki, himayələrində altı azyaşlı uşaq var. Bundan başqa uzun müddətdir ki, şiddətli bel ağrısından əziyyət çəkir, demək olar ki, “sürünərək” hərəkət edir. İmkansızlıqdan əməliyyat etdirə bilmirlər. Uşaqların baxımının belə öhdəsindən çətinliklə gəlir. Uşaqlar hamısı məktəblidir. Lakin ağır maddi vəziyyət səbəbilə uşaqları məktəbə çətinliklə göndərir. Hətta elə vəziyyət yaranır ki, onlara çörək belə ala bilmir. Əgər belə şərait davam etsə gələcəkdə əlacsızlıqdan uşaqları məktəbə göndərə bilməyəcək. Qarşıdan qış gəlir o, isə belə ağır maddi vəziyyətdə altı uşağı necə saxlayacağını bilmir. Hesab edir ki, ailəsilə sosial müavinət təyin edilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh orqanın üzərinə qoyulmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ünvanlı dövlət sosial yardımın təyin olunması üçün səlahiyyətli orqan olmaması, ünvanlı dövlət sosial yardımın təyin olunması üçün səlahiyyətli orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu və cavabdeh qismində həmin orqanın qeyd edilməli olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

5. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə təkrar sərəncam göndərilərək, əvvəlki sərəncamda qeyd edilənlər bir daha onun nəzərinə çatdırılmış və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona (ailəsinə) 2023-cü il üçün ünvanlı dövlət sosial yardım təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına qəbul edilməsini xahiş etmişdir.

9. Halbuki, ünvanlı dövlət sosial yardımın təyin olunması üçün səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir və cavabdeh qismində həmin orqan qeyd edilməlidir.

10. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya iki dəfə sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 4-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş (daha sonra müddət uzadılmış), eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

11. Lakin verilmiş müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

12. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

13. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar