Məhkəmə qərarları › İş №2-1(114)-975/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-975/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-975/2020 21.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon X3 qarşı xəsarətin səbəbli əlaqəsi faktının müəyyən edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon X3 qarşı iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4 tərəfindən xəsarətin səbəbli əlaqəsi faktının müəyyən edilərək, qərarın, rəyin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X10 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərkən, ermənilər tərəfindən təcavüzə məruz qalaraq Ermənistan Respublikasında girov saxlanılaraq, ermənilər tərəfindən işgəncələrə məruz qaldığından sağlamlığını itirmişdir. Uzun müddətdir ki, yataq xəstəsidir. Tibbi X9 tərəfindən hərbi əməliyyatlar keçirilən zonada olmaqla İ qrup əlillik təyin edilmişdir. Atası İ qrup əlil, yataq xəstəsidir və fəaliyyət qabiliyyətini itirmişdir. Hələ də X4 tərəfindən xəsarətin səbəbli əlaqəsi müəyyən edilərək, tam qərar və ya rəy verilməmişdir. O, bununla əlaqədar Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında ərazi üzrə X3 müraciət etməsi bildirilmişdir. O, bununla əlaqədar olaraq, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon X3 müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən məhkəmənin sərəncamına əməl edilməmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlkin olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsində tələb qeyri-müəyyən olmaqla, “xəsarətin səbəbli əlaqəsi faktının müəyyən edilməsi” qeyd edilmişdir. Lakin, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Bundan başqa, «Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin 3.1.2. bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək xidmətin vəzifəsidir. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi X2 sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2017-ci il tarixli qərarından məlum olur ki, X1 imkanı qiymətləndirilərək «birinci dərəcəli əlillik», müddəti «müddətsiz» və əlillik səbəbi isə «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik» kimi qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əlilliyin səbəbli əlaqəsinin müəyyən edilməsi xahiş olunsa da, qeyd edilən qərarla artıq iddiaçının qəyyumu olduğu atası X7 əllliyinin səbəbi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi X2 sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı (inzibati akt) mübahisələdirilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon X3 qarşı xəsarətin səbəbli əlaqəsi faktının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon X3 qarşı xəsarətin səbəbli əlaqəsi faktının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar