Məhkəmə qərarları › İş №2-1(114)-976/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-976/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-976/2022 26.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X44, X21, X45, X22, X11, X8, X27, X12, X46, X28, X64, X13, X47, X48, X23, X29, X30, X31, X49, X50, X14, X5, X32, X51, X33, X34, X15, X52, X9, X6, X16, X35, X36, X17, X37, X53, X7, X24, X38, X39, X25, X4, X18, X26, X1, X97, X72, X65, X98 və X40) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı 14.02.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon İcra Hakimiyyətinin 25 yanvar 1996-ci il tarixli 16 saylı sərəncamına əsasən "Seyfəli" Üzümçülük sovxozunun ərazisindən sərəncama əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 25.0 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona verilmiş torpaq sahəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına dair B №000192 Dövlət aktı ilə təsbit edilmiş müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyətinin 25 yanvar 1996-ci il tarixli 16 saylı sərəncamına əsasən iddiaçıya "Seyfəli" Üzümçülük sovxozunun ərazisindən sərəncama əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25.0 ha torpaq sahəsi verilmiş və ona verilmiş torpaq sahəsi mülkiyyət, sahiblik və istifadə hüquqlarına dair B №000192 Dövlət aktı ilə təsbit edilmiş, sözügedən dövlət aktı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktları kitabı”nda 16.05.1996-cı il tarixli 103 nömrə ilə qeydiyyatdan keçmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin 27.04.2022-ci il tarixli qərardadı ilə X44, X21, X45, X22, X11, X8, X27, X12, X46, X28, X64, X13, X47, X48, X23, X29, X30, X31, X49, X50, X14, X5, X32, X51, X33, X34, X15, X52, X9, X6, X16, X35, X36, X17, X37, X53, X7, X24, X38, X39, X25, X4, X18, X26, X1, X97, X72, X65, X98 və X40 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X52 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçıya, cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 01.04.2022-ci il tarixli, **********23 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı ərizəsində qeyd edilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, torpaq sahəsi Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli 50 nömrəli qərarı ilə 32 ailənin (Abbaslı kənd sakinləri) mülkiyyətinə verilmiş, qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmışdır. Bu səbəbdən İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- -B 000192 nömrəli 16.05.1996-cı il tarixli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktından görünür ki, Şəmkir Rayon İcra Hakimiyyətinin 25 yanvar 1996-ci il tarixli 16 saylı sərəncamına əsasən "Seyfəli" Üzümçülük sovxozunun ərazisindən sərəncama əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25.0 ha torpaq sahəsi İddiaçı verilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 07.01.2022-ci il tarixli **********19 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsində qeyd etdiyi torpaq sahəsi Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli 50 nömrəli qərarı ilə Şəmkir rayonu, Abbaslı kənd sakinlərinin mülkiyyətinə verilmişdir. Beləliklə, müəyyən olunur ki, Şəmkir Rayon İcra Hakimiyyətinin 25 yanvar 1996-ci il tarixli 16 saylı sərəncamına əsasən iddiaçıya verilmiş torpaq sahəsi sonradan, yəni Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli 50 nömrəli qərarı ilə Şəmkir rayonu, Abbaslı kənd sakinlərinin mülkiyyətinə verilmiş, eləcə də həmin şəxslərin əksəriyyətinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, hazırda mülkiyyət hüququna dair çıxarış verilməsi tələb olunan sahənin bir qismi işdə olan Dövlət aktları ilə digər şəxslərin mülkiyyətinə verildiyindən və həmin sənədlər qüvvədə olduğu halda sahənin mülkiyyətə verilməsi barədə iddia mümkünlük şərtlərinə cavab vermir. Eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sənədlərdən görünür ki, dövlət aktı ilə iddiaçıya verilmiş sahə sonradan kənd sakinlərinə pay kimi verilmiş, onlardan bir qismi sahəni iddiaçının oğlu X2 və sonuncu aldığı sahələri öz mülkiyyətinə keçirmişdir. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin xeyli hissəsini iddiaçının oğlu almışdır və hazırda mülkiyyətindədir. Belə olan halda, həmin hissə üzərində iddiaçının mülkiyyət hüquqları yenidən qeydə alına bilməz, digər hissələr isə hazırda başqa şəxslərin mülkiyyətindədir. Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar