Məhkəmə qərarları › İş №2-1(114)-976/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-976/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-976/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 nömrəli qərarı əsasında Gədəbəy rayonu Poladlı kəndində yerləşən 0.05 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli kod: 50522318, JN 0029 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhv yazılmış “Gülmalı” adının “Güman”-la düzəliş edilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə X6 və X1 adlarına verilmiş 0,05 ha torpaq sahəsinə Gədəbəy rayon Torpaq Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli kod 50522318, JN 0029 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X9 (Güman) qızı onun xalası, X10 isə onun əridir. Xalası xx.xx.2016-cı il tarıxdə ölmüşdür. O, ölməmişdən əvvəl xx.xx.2009-cu il tarixli vəsiyyətnamə ilə bütün əmlakını ona vəsiyyət etmişdir. xx.xx.2021-ci il tarixdə tərəfindən vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün Gədəbəy rayon Notariat Ofisinə müraciət edilmişdir. Gədəbəy rayon xüsusi notariusu DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə məktub göndərərək mərhum X2 və onun əri X5 miras qalmış Gədəbəy rayon Poladlı kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə dair reyestrdən çıxarışın və həmin daşınmaz əmlaklara dair müvafiq məlumatların verilməsini bildirmişdir. Bundan sonra o, ərizə ilə cavabdehə müraciət etmiş, vərəsəsi olduğu X8 və ailə üzvünə məxsus olan Gədəbəy rayonu Poladlı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-0029 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında çıxarışın verilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda xalasının atasının adı səhvən “Gülmalı” kimi yazılmışdır. Əslində isə bütün sənədlərdə, o cümlədən ölüm kağızında olduğu kimi “Güman” olmalı idi. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 27 aprel 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı və ailə üzvlərinə məxsus olan, Şəmkir şəhərində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-0029 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda səhv ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 385 nömrəli məktubundan görünür ki, iddiaçı X7 və X6 qanun üzrə vərəsəsidir. -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə hüququna dair” JN-0029 Kod 50523018 nömrəli dövlət aktından görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 nömrəli qərarına əsasən X10 və X3 0.05 ha torpaq sahəsi verilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, məktubu ilə təqdim edilmiş Gədəbəy rayonu, Poladlı kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, X7 və X6 istifadələrində 0.05 ha həyətyanı torpaq sahəsi olmuşdur. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********95 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hər tərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 nömrəli qərarına əsasən X10 və X1 ailə üzvlərinin mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-0029 Kod 50523018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktı verilmişdir. İddiaçı sözügedən dövlət aktında ikinci sırada qeyd edilmiş “X4”-nın ata adına “Güman” kimi düzəliş edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İş materiallarında olan “Torpağın mülkiyyətə hüququna dair” JN-0029 Kod 50523018 nömrəli dövlət aktı və məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş siyahıya əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 nömrəli qərarına əsasən X4 və X8 0.05 ha torpaq sahəsinin verildiyi müəyyən edilmişdir. Göründüyü kimi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 nömrəli qərarına əsasən torpaq payı verilmiş X1 ata adının “Güman” olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur və cavadeh qeyd olunan əsaslardan çıxış edərək iddiaçının müraciətinin müsbət həllindən haqlı olaraq imtina etmişdir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar