Məhkəmə qərarları › İş №2-1(114)-978/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-978/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-978/2022 22.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 12 mart 2021-ci il tarixli, **********3 nömrəli məktubu ilə X2 xx.xx.2020-ci il tarixli, 133 saylı arxiv arayışında Goranboy rayonu “İ.Qayıbov” və “M.Müşfiq” adına kolxozlarda 1976, 1978-1996-cı illərdəki fəaliyyət dövrü əmək kitabçasında öz təsdiqini tapmadığına və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu illərin, X4 Texnikumunun “Aqronom” ixtisası üzrə təhsil aldığı illərin (1973-1978-ci illərdə) 1976, 1978-1996-cı illərdə kolxozlarda və 1997-2000-ci illərdə Qarabağ kiçik müəssisəsində anbardar işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin 25 il sığorta stajı olmadığı əsas gətirilərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Onun işlədiyi illər əmək kitabçası və arxiv arayışında tam göstərilmişdir. Hesab edir ki, onun hüquqları pozulur və işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş edir. İddiaçı X5 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Goranboy rayon Dövlət Arxivinin 133 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən 1976, 1978-1996 illərdə Goranboy rayonu İ.Qayıbov və M.Müşfiq adına kolxozlarda, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Qarabağ” çox profilli müəssisəsində işlədiyini iddia edir. İddiaçının işlədiyini iddia etdiyi 1976, 1978-1996 illərdə Goranboy rayonu İ.Qayıbov və M.Müşfiq adına kolxozlarda dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən əmək kitabçası olmadığından, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Qarabağ” çox profilli müəssisəsində işlədiyi illərin öz təsdiqini tapmaması səbəbindən iddia olunan illərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədə (diplom) əsasən xx.xx.1973-cü İİ tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı dövr və eyni zamanda təhsil aldığı dövrdə xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla onun ümumi 4 il 6 ay 9 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Sözügedən şəxsin xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd edilən “Qarabağ” çox profilli müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün sözügedən şəxsin xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 3 il 1 ay 8 gün fəaliyyət dövrü və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Goranboy rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli № 133 nömrəli arxiv arayışına əsasən Goranboy rayonu İ.Qayıbov və M.Müşfiq adına kolxozlardakı 1976, 1978-1996-cı illərdəki fəaliyyət dövrləri əmək kitabçasında öz təsdiqini tapmadığı üçün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Odur ki, İddiaçı tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən onun yaşa görə pensiya almaq hüququ yaranmır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 394 nömrəli arayışı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Regional Kollecinin xx.xx.2020-ci il tarixli, 01/672 nömrəli arxiv arayışı, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 133 nömrəli arxiv arayışı, iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, 043082 nömrəli diplomun və xx.xx.1997-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surəti, xx.xx.2021-ci il tarixli, 65 nömrəli arayış, iddiaçının kolxozda işləməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətləri, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 12 mart 2020-ci il tarixli, **********3 nömrəli imtina məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də qismən əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının kolxozlarda və Qarabağ kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının kolxozlarda işlədiyi stajı əmək kitabçası ilə və Qarabağ kiçik müəssisəsində işlədiyi illər isə arxiv arayışı ilə təsdiqlənmir. Məhkəmə qeyd edir ki, iddiaçının 1978-1994-cü illərdə “İ.Qayıbov” adına kolxozda, 1995-1996-cı illərdə “M.Müşfiq” adına kolxozda işlədiyi dövr Goranboy rayon Dövlət Arxivinin 11 dekabr 2020-ci il tarixli, 133 nömrəli arxiv arayışında, 1997-2000-ci illərdə Qarabağ kiçik müəssisəsində işlədiyi dövr isə iddiaçıya məxsus xx.xx.1997-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin arayışın və əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda müxtəlif illər üzrə minimum əmək günü norması 180, 200, 206, 210 və 240 gün olmuşdur. İddiaçı 1980-1988-ci illərdə və 1990-1996-cı illərdə minimum adam günü normasından artıq, 1978, 1979-cu illərdə (2 ildə) cəmi 248 adam günü (1 il 04 gün), 1989-cu ildə isə cəmi 149 adam günü (08 ay 05 gün) işləmişdir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə almır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Bu halda iddiaçının Goranboy rayonu “İ.Qayıbov” adına və “M.Müşfiq” adına kolxozlarda cəmi 17 il 8 ay 9 gün, Qarabağ kiçik müəssisəsində isə 3 il 1 ay 8 gün əmək stajı müəyyən olunmuşdur. Məhkəmə iddiaçının Goranboy rayonu “İ.Qayıbov” və “M.Müşfiq” adına kolxozlardakı əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının, Qarabağ kiçik müəssisəsindəki əmək fəaliyyəti ilə bağlı isə əmək kitabçasında əks olunmuş məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Goranboy rayonu “İ.Qayıbov” və “M.Müşfiq” adına kolxozlardakı əmək fəaliyyəti ilə bağlı arxiv məlumatları, Qarabağ kiçik müəssisəsindəki əmək fəaliyyəti ilə bağlı isə əmək kitabçasında əks olunmuş məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Qeyd olunanlara əsasən iddiaçının sosial sığorta stajı 25 il 3 ay 26 gün (4 il 6 ay 9 gün hərbi xidmət və təhsil müddəti, 3 il 1 ay 8 gün əmək kitabçasında əks olunmuş iş illəri və 17 il 8 ay 9 gün kolxozda işlədiyi müddət) təşkil edir. İddiaçı X5 iddia ərizəsində ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-cu ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı X5 xx.xx.1955-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş, 1978-1994-cü illərdə “İ.Qayıbov” adına kolxozda, 1995-1996-cı illərdə “M.Müşfiq” adına kolxozda və 1997-2000-ci illərdə Qarabağ kiçik müəssisəsində işlədiyi dövr də daxil edilməklə, cəmi 25 il 3 ay 26 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı X2 1978-1994-cü illərdə “İ.Qayıbov” adına kolxozda, 1995-1996-cı illərdə “M.Müşfiq” adına kolxozda və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Qarabağ kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. Goranboy rayon Dövlət Arxivinin 11 dekabr 2020-ci il tarixli, 133 nömrəli arxiv arayışı ilə müəyyən edilən minimum adam günü norması nəzərə alınmaqla X2 1978-1994cü illərdə “İ.Qayıbov” adına kolxozda, 1995-1996-cı illərdə “M.Müşfiq” adına kolxozda və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Qarabağ kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar