Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-978/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təhsil və iş illərinin sosial sığorta stajına daxil edilərək, hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun arxiv arayışına əsasən xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun xx.xx.2022-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1978-ci ildə Bakı Dəmiryol texnikumunun əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidməti başa burmaqla ordudan tərxis olunmuş və təhsilini davam etdirmişdir. xx.xx.1983-cü ildə təhsil müəssisəsini bitirərək, təhsil barədə dövlət sənədi (diplom) almışdır (hərbi xidmətlə birlikdə 4 il 9 ay 24 gün). xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək olan müddət ərzində”Aztransqaz” Birliyində izolyasiyaçı, çilingər və elektrik qaynaqçısı işləmiş (4 il 7 ay 6 gün). xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı ilədək “Rosborukəməritikinti” İdarəsinin 5 nömrəli tikinti-quraşdırma idarəsində elektrik qaynaqçısı işləmişdir (1 il 11 ay 23 gün). xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci ilədək Qazax 66 saylı TSMD-də 6-cı dərəcəli qaynaqçı (8 il 3 ay 7 gün) işləmişdir. xx.xx.2000-ci il tarixdən-xx.xx.2007-ci ilədək "xxxx" QSC-nin SMTSC-də 6-cı dərəcəli eleketrik qaynaqçısı işləmişdir (7 il 2 ay 20 gün). xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASCnin 1 saylı İxtisaslaşdırılmış Tikinti-təmir idarəsində 6-cı dərəcəli qaynaqçı işləmişdir (1 il 5 ay 4 gün). İşlədiyi bütün dövrlərdə qaynaq işlərini əllə aparmışdır. Həmçinin, xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək İ dərəcə əlilliyi müəyyən edilmiş arvadına qulluq etmişdir (6 il 5 ay 2 gün). Beləliklə, 34 il 8 ay 23 gün ümumi və 20 il 1 ay 23 gün xüsusi iş stajına malikdir. Cavabdeh imtina məktubunda əsaslanır ki, xx.xx.1992-xx.xx.2000-ci ilədək işlədiyi “İstanbul” müəssisəsi Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri onun ümumi iş stajına daxil etmək mümkün deyil. Lakin cavabdeh nəzərə almamışdır ki, həmin iş yerindəki iş müddətinin onun iş stajına təsiri yoxdur. Çünki o həmin dövrdə həmçinin, cavabdehin iş stajını mübahisələndirmədiyi 66 saylı TSMD-də işləmiş və 1991-ci ildən 1998-ci ilədək olan dövrdə aldığı əmək haqqına dair arxiv arayışı təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stalı əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı) əsasən müəyyən edilir. Cavabdehin imtinada göstərdiyi “eyni zamanda sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir.” hissəsinə gəldikdə isə cavabdeh ümumi iş stajına hesabladığı və mübahisələnirmədiyi xx.xx.1990-xx.xx.1992-ci il (1 il 3 ay 28 gün) qaynaqçı işlədiyi dövrü nədənsə xüsusi iş stajına daxil etmir. Halbuki, həmin dövr nəzərə alınmaqla onun 14 il 2 ay 14 gün güzəştli iş stajı toplanır. Qeyd olunanları nəzərə alaraq iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı dövrü, arxiv arayışlarına əsasən xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi və 1991-ci ildən 1998-ci ilədək 66 saylı TSMD-də qaynaqçı işlədiyi dövrləri sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 aprel 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının xx.xx.1986-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-xx.xx.2000-ci illərdə Qazax “İstanbul” müəssisəsində işlədiyi dövrdə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi üçün həmin dövr ümumi staja daxil edilə bilməz. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1998-ci illər xx.xx.1988-xx.xx.1990-cı illər, xx.xx.2000-xx.xx.2007-ci illər, xx.xx.2007-xx.xx.2006-cı illər) təşkil edir. İddiaçı ona xx.xx.2022-ci il tarixdən, yəni əmək pensiyaları haqqında qanuna dəyişikliyin qüvvəyə mindiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyn olunmasını xahiş etmişdir. Həmin dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunan qanuna dəyişiklikdən göründüyü kimi iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşı, 25 il ümumi və 12 il 6 ay üzrə güzəştli stajı və fərdi hesabının sığorta hissəsində 34560 manat pensiya kapitalı olmalıdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun tələb olunan yaşa çatmasına baxmayaraq, digər tələblərin heç biri ödənilmir. Belə ki, iddiaçının 18 il 10 ay 7 gün ümumi stajı, 11 il 10 ay 16 gün güzəştli iş stajı, fərdi hesabının sığorta hissəsində 24036,89 manat pensiya kapitalı mövcuddur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur; - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, iddiaçının güzəştli iş stajı və ümumi stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir; - işə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC 1 saylı İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinin Mİ-01 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən "xxxx" ASC-nin 1 nömrəli İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinə 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları; güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ vardır. - işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 291 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1991-ci ilin yanvar ayından 1998-ci ilədək 66 saylı Səyar Mexanikləşdirilmiş dəstədə işləyərək əmək haqqı almışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin 12 nömrəli, xx.xx.2022ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək "xxxx" təşkilatında və xx.xx.2000-ci ildən xx.xx.2007-ci ildək "xxxx" QSC-nin “Səyyar Mexaniki Tikinti Səhmdar Cəmiyyətində” elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 19 gün təşkil edir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” sətrinə uyğundur. - işə əlavə edilmiş ЖТ 014859 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryolu Nəqliyyatı texnikumunda «Dəmir yollarının elektrikdartma təsərrüfatı» ixtisası üzrə tam kursu bitirmişdir. - işə əlavə edilmiş ИТ-İ ******* nömrəli, xx.xx.1986-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci ilədək Qazax 66 saylı TSMD-də 6-cı dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. - işə əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, bundan əlavə əyani təhsil almışdır. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu ümumi stajının və güzəştli iş stajının qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə ilk növbədə iddiaçının ümumi stajı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtina məktubundan və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-67604/2023 nömrəli etirazından görünür ki, iddiaçının mübahisələndirilməyən ümumi stajı 18 il 10 ay 7 gün qeyd edilməklə həmin dövrlərə daxil edilmiş müddətlər müvafiq olaraq sadalanmışdır. Həmin dövrlərdən görünür ki, iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı, həmçinin sonuncunun xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, ilkin olaraq həmin dövlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü araşdırılmalı, müsbət halda dövrlərdən hansının(ların) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olması müəyyən edilməlidir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş diplomla da təsdiq olunur ki, iddiaçı xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil almışdır. Odur ki, iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda əyani təhsil aldığı illər sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə bundan əlavə iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Göründüyü kimi, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci ilədək Qazax 66 saylı TSMD-də 6-cı dərəcəli qaynaqçı vəzifəsində işləməsi qeyd olunsa da, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 66 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləməsi 291 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” vəzifəsində işləməsi, həmçinin bununla bağlı qeydin əks olunduğu iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı mübahisələndirilməmişdir. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” vəzifəsində işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMDdə “qaynaqçı” işlədiyinə dair əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Yuxarıda qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına əlavə edildikdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumi stajı qanunvericilikdə nəzərdə tutulmuş şərti (25 il) ödəyir. Cavabdeh inzibati orqanın imtinasının digər əsası isə iddiaçının güzəştli iş stajının qanunvericilikdə tələb olunan müddətdən az olmasıdır. Bununla bağlı aydınlaşdırılması olan məsələ iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də işlədiyi “qaynaqçı” vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olub-olmamasının müəyyənləşdirilməsidir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müddəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Məhkəmə iddiaçıya münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də işlədiyi “qaynaqçı” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinin iş xüsusiyyətləri ilə eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, həmin dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının hüququ yarandığı tarxidən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, təhsil və iş illəri sosial sığorta stajına daxil edilməli və İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı, həmçinin xx.xx.1990xx.xx.1997-ci illərdə 66 saylı TSMD-də qaynaqçı işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-978/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-978/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver