Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-979/2021 31.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) torpağın mülkiyyətə verilməsinə dair JN-095A saylı şəhadətnamədə 6-cı sırada yazılmış ailə üzvü olmayan X1 adının şəhadətnamədən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 15.04.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-095A saylı şəhadətnamədə 6-cı sırada yazılmış ailə üzvü olmayan X1 adının şəhadətnamədən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 29.06.2021-ci il tarixli qərardad ilə X3 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar Torpağın mülkiyyətə verilməsinə dair JN-095A saylı Şəhadətnaməyə əsasən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,46 hektar torpaq sahəsi X2, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X1 mülkiyyətinə verilmişdir. X4 17.10.2015-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra miras qalmış əmlakı iddiaçılar öz adlarına keçirmək istəmiş, lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-095A saylı Şəhadətnaməsində 6-cı sırada yazılmış X1 da, razılığı olması tələb olunmuşdur. X3 adlı iddiaçıların ailə üzvləri olmadığı üçün torpaq sahəsinin mülkiyyət hüququnu öz adlarına dəyişdirə bilmirlər. Bununla bağlı cavabdeh orqana müraciət etsələr də, sonuncu bundan imtina etmişdir. İddiaçılar cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə iclası 31 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlmat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh tərəfindən ünvanlanmış 09.03.2021-ci il tarixli imtina məktubunun əsli; - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095A KOD 61100028 nömrəli şəhadətnamənin surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.05.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.06.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Tərtər rayon Qeydiyyat şöbəsinin 18.08.2021-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095A saylı şəhadətnamədə 6-cı sırada yazılmış ailə üzvü olmayan X1 adının şəhadətnamədən çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ünvanlanmış 09.03.2021-ci il tarixli imtina məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında Aqrar İslahatı aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İddiaçı1 və ailə üzvlərinizə məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0.46 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-095A saylı Şəhadətnaməsində hansı səbəbdən ailə üzvü olmayan X1 adının qeyd olunması cavabdehə məlum deyil. Həmin sənədin iddiaçıların ailə üzvlərinə məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda ailə üzvü olmayan X1 adının şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir, bu səbəbdən də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədə uyğundur. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Tərtər rayon, Bəyimsarov kəndi üzrə X9 Komissiyasının siyahısında iddiaçılar ilə birlikdə torpaq sahəsi verilən subyektlərin dairəsində X1 da adı yazılmışdır. Belə olan halda həmin şəxsin adının şəhadətnamədən çıxarılması istisna olunur. Başqa sözlə şəhadətnamə ilkin sənəd olan Tərtər Rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxsin adı olduğu halda şəhadətnamədən adın çıxarılması yolverilməzdir. Digər tərəfdən İddiaçı1 adının şəhadətnamədən çıxarılması şəhadətnamədə adları qeyd olunan digər payçıların pay həcminin artması və islahat komissiyasının müəyyən etdiyi normadan artıq olmasına zəmin yaradacaq. Odur ki, iddiaçılar və şəhadətnamədə adları qeyd olunan digər payçılar hər biri, yaxud birlikdə özlərinin pay haqqına münasib həcmdə hissənin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüquqları izah olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) torpağın mülkiyyətə verilməsinə dair JN-095A saylı şəhadətnamədə 6-cı sırada yazılmış ailə üzvü olmayan X1 adının şəhadətnamədən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-979/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-979/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver