Məhkəmə qərarları › İş №2-1(114)-979/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-979/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-979/2022 14.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqanın 14 yanvar 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, ərizəsinə əlavə etdiyi "xxxx" baş direktoru tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli məktubunda göstərilir ki, “quyuların qazılması üzrə istehsalat prosesində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər” bəndindəki böyük mexanik vəzifəsi ilə "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən hal-hazıra kimi çalışdığı baş qazma mexaniki adları fərqli olsa da əmək funksiyaları ilə eynilik təşkil edir. Bu isə onu sübut edir ki, onun ərizəsindən imtina edilməsinin hüquqi əsası yoxdur. Onun işlədiyi mexanik və baş mexaniklər bəndindəki mexanik vəzifəsi baş qazma funksiyasını yerinə yetirirlər. Ona görə də cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 iyun 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı 06 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşdan, yəni 05 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahis etmişdir. Cavabdehin 14 yanvar 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.1980-ci il tarixli, ******* nömrəli əmək kitabçasına və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdən bugünədək "xxxx" MMC-də baş qazma mexaniki vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin baş qazma mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb edilən 12 il 6 aydan az (5 il 5 ay ) təşkil etdiyindən, həmçinin iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2021-ci il tarixli, 12/195 nömrəli arayışı, iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, Q-İ 038272 nömrəli diplomun təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli, AQS 047/22 nömrəli arayışları, xx.xx.2018-ci il tarixli, İR- 1149-2/18 nömrəli əmrinin təsdiqlənmiş surəti, xx.xx.2018-ci il tarixli, xxxxxxx000200 nömrəli və xx.xx.2018-ci il tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin təsdiqlənmiş surətləri, xx.xx.2018-ci il tarixli məlumat, xx.xx.2018-ci il tarixli, 1666/KS nömrəli, xx.xx.2018-ci il tarixli, İR-1094/18 nömrəli əmrin, xx.xx.2017-ci il tarixli, İR-728-2/17 nömrəli, xx.xx.2016-cı il tarixli, İR-709/16 nömrəli, xx.xx.2018-ci il tarixli, İR-915-10/18 nömrəli, xx.xx.2021-ci il tarixli, İR-1639/21 nömrəli əmrinin təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli, İR-124/21 nömrəli əmrinin təsdiqlənmiş surəti, iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, VS-066755 nömrəli hərbi biletin təsdiqlənmiş surəti, xx.xx.2022-ci il tarixli, AQS-050/22 nömrəli əmək haqqı cədvəli təşkil etmişdir. Məhkəmə qeyd edilən sənədlərin məzmununa istinad etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən verilmiş imtinada xx.xx.1980-ci il tarixli, ******* nömrəli əmək kitabçasına və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdən bugünədək "xxxx" MMC-də işlədiyi baş qazma mexaniki vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı üçün güzəştli staj kimi nəzərə alınmadığı qeyd edilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının xx.xx.2014-cü il tarixdən bugünədək "xxxx" MMC-də işləməsi mübahisələndirilməmiş və sonuncu imtina əsası kimi iddiaçının işlədiyi baş qazma mexaniki vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2014-cü il tarixdən bugünədək "xxxx" MMC-də işləməsi faktı inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən və təqdim edilmiş sənədlərlə təsdiq edildiyindən hazırkı iş üzrə pensiya hüququnun həyata keçirilməsi ilə bağlı iddiaçının işlədiyi baş qazma mexaniki vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, 4 işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı 01 avqust 2019cu il tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müədəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci bəndinin b) yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 dekabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 31 oktyabr 2008-ci il tarixdən bu günədək "SOCAR-AQŞ MMC-də dəniz şəraitində xx.xx.2008-xx.xx.2009-cu il tarixlərində çilingər peşəsində, xx.xx.2009-xx.xx.2010-cu il tarixlərində motorçu peşəsində, xx.xx.2010xx.xx.2018-ci il tarixlərində mexanik vəzifəsində çalışmış və xx.xx.2018-ci il tarixindən halhazırki vaxtadək “SOCAR-AQŞ' MMC-nin fəaliyyət göstərdiyi Xəzər dənizində yerləşən Günəşli yatağının 7 saylı platformasında neft quyularının qazılması zamanı Baş qazma mexaniki olaraq öz əmək funksiyalarının icrasını həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci maddəsinin a) yarımbəndində fəhlələr siyahısında qeyd olunan qazma qurğularının motorçuları və buruqlara xidmət üzrə çilingər peşələri ilə "xxxx" MMC-də dəniz şəraitində xx.xx.2008-xx.xx.2009-cu il tarixlərində çalışdığı çilingər peşəsi və xx.xx.2009-xx.xx.2010-cu il tarixlərində çalışdığı motorçu peşəsi ilə həmçinin b) yarımbəndində "rəhbərlər və mütəxəssislər” siyahısında göstərilmiş “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər” bəndindəki böyük mexanik vəzifəsi ilə "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən hal-hazırki vaxtadək çalışdığı Baş qazma mexaniki adları fərqli olsa da əmək funksiyaları ilə eynilik təşkil edir. Beləliklə, iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərə aid olmuş, iddiaçının 25 ildən çox ümumi iş stajı olmuşdur ki, həmin dövrün 14 il 01 ay 12 gün müddətində işlədiyi iş dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərə aid olmuşdur. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının 60 yaşından (01 avqust 2019-cu il tarixdən) əmək pensiyası hüququ yarandığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar