Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-98/2023 26.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının kifayət həcmdə sosial sığorta stağının olmasına baxmayaraq yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2 əmək kitabçasının olmasının səbəbini bilmir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarına və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı 5 il 4 ay təşkil edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.1973-cü il tarixində və xx.xx.1973-cü il tarixində iddiaçının adına tərtib edilmiş əmək kitabçalarında qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. X7 filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş 4 №-li X1 xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, "xxxx" ASC- nin xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, 2705 №-li Avtodəstəsinin xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, "xxxx" ASC-nin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək arxiv sənədləri Gəncə rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda Gəncə- Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş “Gəncə Nəqliyyat-05" ASC-dəki xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti zamanı iddiaçının adına yazılmış əmək haqqı məbləğləri başqa rəngli qələmlə və başqa xətlə yazıldığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 2 əmək kitabçası var, hər iki sənəddə iddiaçının iş dövrləri ilə bağlı qeydlər fərqlidir, ona görə də əmək kitabçaları mötəbər sübut hesab oluna bilməz. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2-1.2.1-ci maddəsinə əsasən, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır İstinad olunan qanunvericiliyin tələblərinə əsasən pensiya təyinatı üçün iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. -surəti işə əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1973-cü və xx.xx.1973-cü il tarixli əmək kitabçalarından görünür ki, həmin sənədlərdə iddiaçının eyni dövrlərdə müxtəlif müəssisələrdə işləməsi, həmçinin eyni müəssisədə işləməsi ilə bağlı işə girmə və çıxma əmrlərinin tarixləri və nömrələri hər iki sənəddə fərqli qeyd edilmiş, habelə xx.xx.1973-cü il tarixli əmək kitabçasında “Gəncə Nəqliyyat-05" ASC-dən xx.xx.2000-ci il tarixdə işdən azad edilməsi qeyd edilmiş, xx.xx.1973-cü il tarixli əmək kitabçasında isə həmin müəssisədən xx.xx.2005-ci ildə işdən azad edildiyi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə-Daşkəsən regional filialının mütəxəssisi və “Gəncə Nəqliyyat-05" ASC-nin rəhbəri Qasımov R.H-nın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktının məzmunundan görünür ki, Cəmiyyətin əmək haqqı cədvəllərində iddiaçının adına yazılmış məbləğlər başqa rəngli qələmlə və başqa xəttlə yazılmış, həmçinin 1997- 2000-ci illərdə adı siyahının sonunda başqa xəttlə yazılması müəyyən edilmişdir. -işə əlavə edilmiş “Gəncə Nəqliyyat-05" ASC-nin rəhbəri Qasımov R.H və baş mühasibMəmmədov İ.B tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 34 nömrəli arayışlarda iddiaçının 1992-2000-ci illərdə müvafiq aylar üzrə əmək haqqı alması qeyd edilmişdir. “Gəncə Nəqliyyat-05" ASC-nin sənədləri arxivə təhvil verilmədiyinə görə qeyd olunan arayışlar, yuxarıda qeyd olunmuş akt və iddiaçıya məxsus əmək kitabçalarında olan məlumatlar ziddiyətli olduğundan 1983-2000-ci illərə dair əmək haqqı kitablarının baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi barədə “Gəncə Nəqliyyat-05" ASC-yə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli sərəncamlar göndərilməsinə, habelə qeyd olunan sübutu təqdim etmədiyinə görə Cəmiyyətin cərimə edilməsinə baxmayaraq əmək haqqı cədvəlləri təqdim edilməmişdir. Əmək haqqı cədvəllərinin təqdim edilməsindən yayınma məhkəmə üçün xx.xx.2021ci il tarixli 34 nömrəli arayışların müvafiq arxiv məlumatlarına əsaslanmadan tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçaları da əmək fəaliyyəti ilə bağlı qeydlərin yuxarıda qeyd edildiyi kimi ziddiyətli olması baxımında mötəbər sübut növü kimi qəbul edilmir. Bu qənaətə gəlməyə əsas verən səbəblərdən biri də odur ki, iddiaçı onun adına 2 gün fərqlə 2 əmək kitabçasının açılmasının və qeydlərin ziddiyətli olmasının səbəbini izah etməmiş və yaxud izah etmək istəməmişdir. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərlə onun pensiya təyinatına əsas verən kifayət qədər sosial sığorta stajının olması müəyyən edilmir. Həmçinin müəyyən olunur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya təyinatına əsas verən həcmdə pensiya kapitalı movcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-98/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-98/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver