Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-98/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “Goranboy rayonu, Baxçakürd kəndində 0,12 ha həyətyanı torpaq sahəsinə dair hüququnun X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1984-cü il tarixdə Goranboy rayonun Baxçakürd kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçının atası X5 həyətyanı torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2005-ci il tarixdə Goranboy rayon Baxçakürd bələdiyyəsinə müraciət etmişdir. xx.xx.2005-ci il tarixdə vətəndaşın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri B.Vəliyev, şöbənin baş məsləhətçisi F.Məmmədov, Baxçakürd icra nümayəndəsi M.Əsgərov və bələdiyyə üzvü V.Qasımovun iştirakı ilə yerin seçilmə aktı tərtib edilmişdir. Kənd sakininə bələdiyyə mülkiyyətindən həyətyanı torpaq sahəsi məqsədilə 0,12 ha torpaq sahəsinin satılması barədə sənədlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi rəy vermiş və bildirmişdir ki, satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla Baxçakürd bələdiyyəsinin mülkiyyətinə daxildir, kəndin prespiktiv inkişafına aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Goranboy rayon Baxçakürd bələdiyyə şurasının xx.xx.2005-ci il tarixli 09 nömrəli qərarına əsasən X4 bələdiyyənin prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan yararlı olan torpaq sahəsindən 0,12 ha torpaq sahəsi satılması qərara alınmışdır. xx.xx.2005-ci il tarixdə bələdiyyə sədri tərəfindən təsdiq edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri və baş mütəxəssis tərəfindən torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Həmin torpaq sahəsinə görə vətəndaş tərəfindən xx.xx.2005-ci il tarixdə 530.000 AZM dəyərində pul bələdiyyənin hesabına köçürülmüşdür. xx.xx.2005-ci il tarixdə bələdiyyə orqanının nümayəndəsinin, iddiaçının, rayon (şəhər) torpaq şöbəsinin müdirinin iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2005-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində 74 nömrə ilə qeydiyyata alınmışdır. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Gəncə regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 1558 nömrəli məktubuna əsasən iddiaçı mərhumun vərəsəsidir. İddiaçı bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-Ə-00xx-xx/2023 nömrəli məktubunda bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində jeydiyyata alınması üçün təqdim etdiyi sənədlərdə bir sıra çatışmamazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən Goranboy rayon Baxçakürd Bələdiyyəsinin 18 iyul 2005-ci il tarixli 09 nömrəli qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinə dair təsdiq olunmuş yerquruluşu planından çıxarış, torpaq sahəsinin alqı-satqısına dair akt, torpaq sahəsinin sahəseçmə aktı təqdim edilmiş, lakin torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamışdır. İmtina ilə razılaşmayan iddiaçı əvvəl iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Goranboy rayonu, Baxçakürd kəndində 0,12 ha həyətyanı torpaq sahəsinə dair hüququnun X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsində fərdi yaşayış evi mövcud deyildir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-1283/2023 nömrəli etirazını təqdim etmiş, etirazda imtina əsaslarını təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Goranboy rayonu Baxçakürd bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Goranboy rayonu Baxcakürd bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 09 saylı qərarı ilə X1. Goranboy rayonu Baxcakürd kəndində yerləşən 0.12 ha torpaq sahəsi koordinatlarını əks etdirən (Çıxarış plan ölçü və şəhadətnamə) sənədi olmadığından iddiaçı tərəfindən naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kateqoriyası yaşayış məntəqəsi torpaqları təyinatı üzrə həyətyanı torpaq sahəsidir. Həmin torpaq sahəsinin ilkin torpaq islahatı zamanı tərtib olunan kompleks yerqurluşu layihəsində və TEKUİS-də mülkiyyət, forması, təyinatı, kateqoriyası mənsubiyyəti uyğunluq təşkil edir və dəyişdirilməyib. İddiaçının iştirakı ilə mübahisələndirilən və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirildi. İddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin yerquruluşu planında göstərilən 0,12 ha torpaq sahəsinə dair koordinatları əks etdirən (şəhadətnamə, çıxarış və "Torpaq sahəsinə dair plan və ölçü") sənədlərin olmadığından koordinatlarının üst-üstə düşüb düşmədiyini müqayisələndirmək mümkün olmamışdır. İddiaçı tərəfin naturada göstərdiyi həyətyanı torpaq sahəsinin yerin üzərində rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətləri mövcud olmadığından mühafizə zolağına və ya sürüşmə zonasına düşmür.Qeydə alınmış torpaq sahəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Rəy ilkin torpaq islahatı zamanı tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və TEKUİS (Torpaqların elektron kadastr ucot informasiya sisteminə) əsasən hazırlanıb. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7702 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Goranboy rayonu Baxçakürd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə bələdiyyənin Perspektiv inkişaf fond torpağından 0,12 ha torpaq sahəsi iddiaçının mərhum atasına fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına 530.000 manat (AZM) ödəmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində xx.xx.2005-ci il tarixdə 74 sıra nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarıla satılmış torpaq sahəsinin iddiaçının atasına məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. Cavabdeh iddiaçının müraciətini rədd edərkən qeyd etmişdir ki, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədin əlavə edilməməsi olmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (23 oktyabr 2007-ci il tarixə qədər olan redaksiya). Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Cavabdeh iddiaçının müraciətini rədd edərkən qeyd etmişdir ki, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədin əlavə edilməməsi olmuşdur. Cavabdehin bu mövqeyi ilə bağlı məhkəmə hesab edir ki, həmin sənədin hazırlanması iddiaçının deyil, yerquruluşu planından həmin çıxarışı verməyə səlahiyyətli olan qurumların və vəzifəli şəxslərin məsuliyyət sferasına aid edilməlidir. Bundan başqa, mütəxəssis rəyi ilə sözügedən bələdiyyə qərarına əsasən ayrılan 0,12 ha torpaq sahəsinin torpağın yerləşmə cizgisi də hazırlanmış, koordinatları müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, səlahiyyətli dövlət orqanı tərəfindən sözügedən 1200 kv.m. torpaq sahəsi iddiaçının mərhum atasına məxsus olmuşdur. Digər tərəfdən, qeyd olunan Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir (7.1ci bənd). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir (7.2-ci bənd). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3-cü bənd). Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Başqa sözlə, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Goranboy rayonu Baxçakürd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 09 nömrəli qərarına əsasən satılmış 0,12 ha torpaq sahəsinin X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X2, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev