Məhkəmə qərarları › İş №2-1(114)-980/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-980/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-980/2023 14.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamın ləğv edilməsi”nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamın ləğv edilməsi” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı ilə Ceyrançöl qış otlaq sahəsindən 195 ha sahə İddiaçı rəhmətlik əri X1 10 il müddətinə icarəyə yerilib. Həmin sərəncam əsasında tərəflər arasında 21 noyabr 2011-ci il tarixli 11 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Bundan sonra Gədəbəy rayonu Qoşabulaq kənd sakinləri Məmmədov Əli və Məmmədov Rizvan tərəfindən həmin qış otlaq sahəsi zəbt olunub. İddiaçı bununla bağlı müvafiq orqanlara şikayətlər etmişdir. X1 verilən sərəncamdan 2 il sonra həmin sahə Gədəbəy rayonu Qoşabulaq kənd sakini X2 Cavabdeh başçısının 15 aprel 2013-cü il tarixli, 54 nömrəli sərəncamı ilə 10 il müddətinə icarəyə verilmişdir. İddia tərəf hesab edir ki, Cavabdeh Başçısının müvafiq sərəncamı əsasında İddiaçı rəhmətlik yoldaşı ilə bağlanılan icarə müqaviləsi qüvvədə olduğu zaman əsassız olaraq 2013- cü il tarixdə İcra Hakimiyyəti tərəfindən yeni sərəncam verilərək Gədəbəy rayonu Qoşabulaq kənd sakini X5 ilə eyni sahənin istifadəsi ilə bağlı icarə müqavilə bağlanılmışdır. Odur ki, həmin sərəncamı qanunsuz hesab edir. Cavabdeh başçısının 7-12/128 nömrəli 19 oktyabr 2022-ci il tarixli cavab məktubundan göründüyü kimi sərəncamının ləğvinə dair etdiyi müraciətə müsbət reaksiya verilməmişdir. Belə ki, Cavabdeh başçısına ünvanladığı ərizə ilə 15 aprel 2013-cü il tarixli 54 nömrəli sərəncamının ləğv edilməsini xahiş edilmişdi. İcra Hakimiyyəti başçısının aparatı öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı X4 ilə rayon icra hakimiyyəti arasında xx.xx.2011-ci il tarixdə Çeyrançöl qış otlaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Lakin müqavilənin şərtlərinə əməl olunmadığından həmin müqaviləyə xitam verilmişdir. Bildirilib ki, Cavabdeh başçısının 15 aprel 2013-cü il tarixli, 54 nömrəli sərəncamının ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin 19 oktyabr 2022-ci il tarixli imtina məktubu poçta 27 oktyabr 2022-ci ildə verilmiş, rəsmi qaydada isə poçt tərəfindən xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. (bütün bunlar imtina məktubuna əlavə olunmuş zərfə vurulmuş möhürdən görünür). Yuxarıda göstərilən məktubda müqavilə şərtlərinə əməl olunmaması göstərilsə də, müqavilənin hansı şərtinin pozulması qeyd olunmamış və həmin şərtin pozulmasının müqaviləyə xitam verilməsi üçün səbəb olması əsaslandırılmamışdır. Belə ki, icarə müqaviləsinin 2.14-cü bəndində göstərilir ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir. Həmçinin qeyd edilir ki, ərizəçinin mərhum həyat yoldaşı X4 ilə rayon icra hakimiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin 1.3-cü bəndində göstərilir ki, torpaq sahəsi icarəyəverən tərəfindən icarəçiyə heyvandarlığın inkişafi üçün verilib. İddiaçının özü və mərhum həyat yoldaşı, yəni icarəçi həmin torpaq sahəsindən də örüş kimi məhz heyvandarlıqla səmərəli məşğul olmaq üçün istifadə ediblər. Lakin sonradan qanunsuz olaraq sərəncam əldə edib torpağı zəbt edən şəxslər buna imkan verməmişlər. Ərazinin qanunsuz zəbt olunmağı ilə bağlı müvafiq polis şöbəsinə, rayon prokurorluğuna İcra Hakimiyyətinə müraciətlər, şikayətlər olsa da mübahisə ilə əlaqədar heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində deyildir, iddiaçı və mərhum əri torpaq sahəsinin qaytarılması ilə bağlı dəfələrlə polisə, prokurorluq orqanlarına müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarına görə, iddiaçının mərhum həyat yoldaşı X3 ilə cavabdeh arasında 21 noyabr 2011-ci il tarixdə bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 195 ha torpaq sahəsi 10 il müddətinə, yəni 21 noyabr 2021-ci il tarixədək icarəyə verilmiş, lakin həmin müqavilənin şərtlərinə əməl olunmaması əsası ilə müqaviləyə xitam verilmiş və hazırda mübahisələndirilən qərarla torpaq sahəsi başqa şəxsə icarəyə verilmişdir. X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçının ərizəsində qeyd etdiyi Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı və icarə müqaviləsi isə ləğv edilmiş, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə hüququ aradan qalxmışdır. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar