Məhkəmə qərarları › İş №2-1(114)-981/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-981/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-981/2022 20.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 14.02.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-605 KOD 50200028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktına düzəliş edilərək ata adının “Ramiz” kimi qeyd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04.09.2000-ci il tarixli 05 saylı qərarı ilə Ağstafa rayonu Dağ Kəsəmən kəndinin ərazisindən 0.54 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adına “Torpağa mülkiyyət hüququna dair” JN-605 KOD 50200028 saylı dövlət aktı verilmişdir. Lakin qeyd olunan dövlət aktında İddiaçı ata adı “Ramiz” əvəzinə “Həmzə” kimi qeyd olunmuşdur. Hazırda qeyd olunan dövlət aktında yanlışlıq olduğundan iddiaçı həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. İddiaçı qeyd olunan aktda düzəliş edilməsi məqsədilə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin 17.02.20212-ci il tarixli, 2-1(114)-981/2022 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir -surəti işə əlavə edilmiş JN-605 KOD 50200028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04.09.2000-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı Həmzə oğluna və X2 0.45 ha torpaq sahəsi verilmişdir. -"xxxx" MMC-nin 09.03.2022-ci il tarixli, **********49 nömrəli məktubuna əlavə edilmiş Ağstafa rayonu Dağkəsəmən kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, siyahının 2303-2304-cü sırasında İddiaçı və X1 adları qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 21.01.2022-ci il tarixli, **********06 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04.09.2000-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı Həmzə oğluna 0.45 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-605 KOD 50200028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. İddiaçı qeyd olunan dövlət aktında adı qeyd olunan şəxsin özü olduğunu, ata adının yazılışında müəyyən səhvə yol verildiyini bildirərək dövlət aktında müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə dövlət aktında onların adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi marağı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04.09.2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, JN-605 KOD 50200028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında torpaq mülkiyyətçisinin ata adı “Həmzə” kimi qeyd edilsə də, “Ağstafa rayonu Dağkəsəmən kəndi üzrə pay torpaq sahəsi alacaq subyektlərin siyahısında ata adı “Ramiz” kimi qeyd olunmuşdur. Göründüyü kimi ilkin sənəddə iddiaçının ata adı düzgün qeyd olunsa da, dövlət aktında səhvə yol verilmişdir. Qeyd olunan hal dövlət aktlarını hazırlayan səlahiyyətli qurumun texniki səhvi və yaxud hər hansı qüsuru kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-605 KOD 50200028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında İddiaçı Həmzə oğlunun ata adına “Ramiz” kimi düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-605 KOD 50200028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında İddiaçı Həmzə oğlunun ata adına “Ramiz” kimi düzəliş edilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar