Məhkəmə qərarları › İş №2-1(114)-982/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-982/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-982/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkil Nümayəndə1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 339 nömrəli əmrinin qismən, onun ehtiyata buraxılmağına dair hissəsində ləğv edilməsi, işə bərpa edilməsi, işdən çıxarıldığı gündən işə bərpa edildiyi günədək əmək haqqı və digər təminat xərcliyinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X8 xx.xx.2024-cü il tarixli, 339 nömrəli əmrinin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 2009-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimtədris mərkəzinin gizir hazırlıq kursunu bitirərək, N nömrəli hərbi hissədə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə işini sevməklə, hər hansı nöqsana yol verməmişdir. Hərbi xidməti yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 093 T nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubileyi medalı ilə təltif edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0218 t nömrəli əmri ilə 3-cü dərəcəli qüsursuz xidmətə görə medalı ilə təltif edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0173 t nömrəli əmri ilə Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 099 t nömrəli əmri ilə 2-ci dərəcəli qüsursuz xidmətə görə medalı ilə təltif edilmişdir. xx.xx.2024-cü il tarixdə Quru Qoşunları komandanın 339 əmri ilə işdən azad olunmuşdur. Bu günədək işdən çıxarılması barədə əmrin surəti ona verilməmişdir. İddiaçı hesab edir ki, işdən çıxarılmağı qanunsuz və əsassızdır. İddiaçı olaraq o, prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. Ona görə də, o, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-982/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli, 339 nömrəli əmrinin qismən, onun ehtiyata buraxılmağına dair hissəsində ləğv edilməsi, işə bərpa edilməsi, işdən çıxarıldığı gündən işə bərpa edildiyi günədək əmək haqqı və digər təminat xərcliyinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı N nömrəli hərbi hissənin xüsusi-poçt rabitə qovşağının mübadilə məntəqəsinin rəisi vəzifəsində, “gizir” hərbi rütbəsində xidmətdə olarkən Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr 2019-cu il tarixli 010 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə” Təlimatın 587.7ci yarımbəndini, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 10 sentyabr 2021-ci il tarixli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarında istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında əmri”nin və Müdafiə nazirinin müavini-X8 23 yanvar 2024-cü il tarixli 018 nömrəli “Məxfilik rejiminin və informasiya təhlükəsizliyinin təmin olunması” haqqında əmrinin tələblərini kobud şəkildə pozaraq hərbi hissənin ərazisinə gətirilməsi qadağan olunmuş smartfon tipli mobil telefon ilə hərbi xidmətlə bağlı ona həvalə olunmuş N nömrəli hərbi hissədən N mart 2023-cü il tarixli 059 nömrəli məktubla məxfi kargüzarlıqla qeydiyyata alınaraq zərfə qoyulmuş və N nömrəli hərbi hissəyə göndərilməsi üçün N mart 2023-cü il tarixli 33 nömrəli reyestrlə xüsusi poçt rabitə qovşağına təhvil verilmiş zərfi vəzifəsindən sui-istifadə edərək açmış “təqdimatların uçotu jurnalı” üzrə qeydiyyata alınmış məxfi qrifli 17 nömrəli təqdimatın foto görüntüsünü çəkmiş, bu görüntünü anasına və digər şəxslərə göndərmişdir. Gizir İddiaçı yuxarıda qeyd olunan kobud intizam və bundan əvvəllər mütəmadi olaraq intizam pozuntusuna yol verdiyi nəzərə alınaraq Müdafiə nazirinin müavini-X8 3 iyun 2024-cü il tarixli 339 nömrəli əmri ilə məxfilik rejiminin və informasiya təhlükəsizliyinin tələblərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Silahlı X2 61-ci maddəsinin “ə” bəndinə əsasən “Xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” intizam cəzası elan edilmişdir. Gizir İddiaçı yuxarıda qeyd olunan intizam cəzası elan edildiyi üçün o, Azərbaycan Ordusundan Müdafiə nazirinin müavini-X8 5 iyul 2024-cü il tarixli 025 nömrəli əmri ilə “Xidmət vaxtı başa çatmamış” ehtiyata buraxılmışdır. Xidmət etdiyi hərbi hissədən təqdim olunan sənədlərə əsasən İddiaçı N nömrəli hərbi hissənin xüsusi-poçt rabitə qovşağının mübadilə məntəqəsinin rəisi vəzifəsində xidmət edərkən özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidməti vəzifələrinə laqeyd yanaşmış, ona verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkmiş, ona tutulan iradlardan, verilən intizam cəzasından nəticə çıxarmamış, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol vermiş, 2024-cü ildə 2 dəfə, 2023-cü ildə 7 dəfə və 2022-ci ildə isə 4 dəfə intizam məsuliyyətinə cəlb edilmiş, lakin ona verilmiş intizam cəzalarından nəticə çıxarmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi gizir İddiaçı özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, ona tutulan iradlardan, verilən intizam cəzasından nəticə çıxarmamış, xidməti vəzifələrinə laqeyd yanaşmış, verilən tapşırıqları vaxtında yerinə yetirilməsində çətinlik çəkmiş, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol vermiş, məxfilik rejiminin və informasiya təhlükəsizliyinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 093t nömrəli, xx.xx.2016-cı il tarixli əmri ilə gizir İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı ilə təltif edilmişdir. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0218t nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə gizir İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla ilə təltif edilmişdir. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0173t nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə gizir İddiaçı “Azərbaycan Ordusunun 100 illiyi (1918-1920)” Yubiley medallı ilə təltif edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 6416 arayışından görünür ki, İddiaçı “Nadir hallarda kəskinləşən residiv gedişli, diskogen mənşəli xroniki boyun radikuliti, tamam remissiya mərhələsində. C-Cs fəqərəarası diskin yırtığı. Büzdümün dermoid kistinə görə aparılmış kistektomiyadan sonrakı bərkimiş dəri çapığı. Sol tərəfli İİİ dərəcəli varikoselektamiyadan sonrakı bərkimiş dəri çapığı. Her iki gözün sadə miopik astigmatizmi sağda Em və M 1.25 D, solda Em və M 1.75 D görmə itiliyinin 0.6-ya qədər azalması korreksiya ilə 1.0 olmaqla. Çənədə ikincili hissəvi adentiya” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Sıradankənar hərbi xidmətə yararlıdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 099t nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə gizir İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 339 nömrəli “məxfilik rejiminin və informasiya təhlükəsizliyinin pozulması və təqsirkar şəxsin cəzalandırılması haqqında” əmrinə əsasən, məxfilik rejiminin və informasiya təhlükəsizliyinin tələblərini kobud şəkildə pozduğuna görə N nömrəli hərbi hissənin xüsusi-poçt rabitə qovşağının mübadilə məntəqəsinin rəisi gizir İddiaçı Azərbaycan Respublikasının Silahlı X1 61-ci maddəsinin “ə” bəndinə əsasən, “xidmət vaxtı başa çatmamış” ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli Təqdimatına əsasən, N nömrəli hərbi hissənin, xüsusi-poçt rabitəsi qovşağının xüsusi-poçt göndərişlərinin mübadilə məntəqəsinin rəisi, gizir İddiaçı xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. xx.xx.2024-cü il tarixli söhbət vərəqəsindən görünür ki, N nömrəli hərbi hissənin xüsusi-poçt rabitəsi qovşağının xüsusi-poçt göndərişlərinin mübadilə məntəqəsinin rəisi gizir İddiaçı ona verilən suala cavab olaraq bildirmişdir ki, o, vəzifəsindən istifadə edərək, heç vaxt məxfi və qeyri-məxfi sənədi açmamış və heç bir sosial şəbəkədə paylaşmamışdır. O, həmişə dövlətinə, millətinə sevərək xidmət etmiş, barəsində aparılan araşdırma ilə razı deyil və xidmətdən ayrılmaq istəmir. N nömrəli hərbi hissənin xüsusi-poçt rabitəsi qovşağının xüsusi-poçt göndərişlərinin mübadilə məntəqəsinin rəisi gizir İddiaçı “xidməti xasiyyətnamə”sindən görünür ki, N nömrəli hərbi hissənin xüsusi-poçt rabitəsi qovşağının xüsusi-poçt göndərişlərinin mübadiləsi məntəqəsinin rəisi vəzifəsində xidmət edən gizir İddiaçı xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərib, xidməti müddətində bəzi nöqsanlara yol vermişdir. Komandir və rəislər tərəfindən verilmiş əmr və tapşırıqları vaxtında yerinə yetirməkdə çətinlik çəkir, icraçılıq qabiliyyəti normaldır, geyim qaydalarını dəfələrlə pozmuşdur. Hərbi nizamnamələrin tələblərini yerinə yetirməyə çalışır. Vəzifə borcunun tələblərini yerinə yetirməkdə çətinlik çəkir. Fiziki cəhətdən sağlam deyil. Mənəviyyatca möhkəmdir. Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli məzuniyyət biletinə əsasən, gizir İddiaçı 25 gün müddətinə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Gəncə şəhərinə növbəti məzuniyyətə buraxılmış, N nömrəli hərbi hissəyə qayıtmalı olmalı, xidmətə gəlmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Müdafiə nazirinin müavini – X8 xx.xx.2024-cü il tarixli 25gm nömrəli Əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin Xüsusi-poçt rabitəsi qovşağının Xüsusipoçt göndərişlərinin mübadilə məntəqəsinin rəisi gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X1 6-cı maddəsinin “ə” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli 27 nömrəli təyinat vərəqəsinə əsasən, Müdafiə nazirinin müavini – X8 05 iyul 2024-cü il tarixli, 025 gm nömrəli ilə İddiaçı 08 iyul 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qeydiyyat üçün getməyi əmr edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, xx.xx.1985ci il tarixdə Saatlı rayonu, Dədə Qorqud kəndində anadan olmuşdur və hazırda həmin ünvanda qeydiyyatdadır. N nömrəli hərbi hissənin məxfi bölmə rəisi, baş gizirdir. İddiaçı ehtiyata buraxılması ilə bağlı məlumatı var. Zərfi onlara “FBS”nin əməkdaşları, yəni poçt mübadiləsi bölməsi təqdim edir. Bütün zərflər bağlı şəkildə olmalıdır. Yəni zərf ona çatana qədər ondan qabaq hansı əməkdaşda olmuşsa bağlı şəkildə olur. Əgər hər hansı təqdim edilən zərf açılsaydı o, başa düşərdi. Çünkü zərfin hər üç yerində möhürlü kağızlar var. O, zərfi təhvil alarkən yoxlayır daha sonra həmin zərfi gətirən şəxs tərəfindən ona reyestr təqdim edilir. Həmin reyestrə qol çəkib, möhür vurur və əməkdaşı yola salır. O, açıq zərflə bağlı halla qarşılaşmamışdır. Ona çatana qədər açıq zərf halı mövcuddursa, ondan öncəki əməkdaşlar həmin zərfi qəbul etməməlidirlər. O, heç bir halda açıq zərf qəbul etmir. Ondan zərfi hansı vəziyyətdə aldığı soruşulanda bağlı vəziyyətdə təhvil aldığını bildirmişdir. Hərbi hissəyə daxil olan poçt məktubu son mərhələdə ona çatır. Ondan sonra da aidiyyəti üzrə göndərilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı onun məntəqə rəisi olmuşdur. İlkin həmişə işində dəqiq və məsuliyyətli biri olmuşdur. Öncə poçt onların məntəqəsinə daxil olur. Daha sonra məxfi hissəyə təqdim edilir. Poçtlar fərqli aidiyyətli ola bilər. Hamısı məxfi hissəyə təqdim edilir. “521” hərbi hissə, ancaq “201” komandanlıqdır. İşlədiyi yer N nömrəli hərbi hissənin tərkibindədir. Zərfin açıq verilməsi halı heç vaxt olmamışdır. Ümumiyyətlə belə bir ixtiyarları yoxdur. O, məntəqədə ekspeditor vəzifəsində çalışır. Zərfləri isə təhvil alan Afina xanımdır. Zərfləri çatdırmaq daşınmalara aiddir. Onlar sadəcə zərfləri daşınmalara təhvil verirlər. Zərflərin təqdim edilməsini isə daşınmalar həyata keçirir. Əvvəllər N nömrəli hərbi hissənin tərkibində olanda məxfi hissə ilə aralarındakı məsafə az olduğundan zərfləri özləri təqdim edirdilər. Həmin zaman növbətçi zərfləri təqdim edə bilərdi. Hal-hazırda məsafə uzaq olduğundan zərflər onlar tərəfindən təqdim edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, İddiaçı məntəqə rəisi vəzifəsində işləmiş və çox məsuliyyətli biri olmuşdur. O, açıq zərflə bağlı vəziyyətin İddiaçı təqsiri üzündən baş verdiyinə inanmır. Çünki onların işi məxfi sənədlərlədir. Heç bir halda nöqsanlı hər hansısa bir sənəd onlar tərəfindən qəbul edilməmişdir. Zərflə bağlı nöqsan halı müşahidə olunduğu zaman dərhal İddiaçı məlumat verilirdi. O da halı təsdiq edərdisə sənəd geri qaytarılırdı. Belə bir halın baş verməsi qeyri mümkündür. Zərfdə əgər cüzi bir nöqsan aşkarlanırsa həmin vaxt geri qaytarılır. İddiaçı həmin sənədi görməmişdir. Sənəd axşam 18:00 radələrində gəlmiş, onlardan xahiş olunmuşdur ki, sənədlər axşamdan təhvil verilsin. Çünkü sənədlər onlar tərəfindən hazırlanmışdır. Sənəd gələn kimi dərhal təhvil verilmişdir. Zərfin 4 bir tərəfi möhürlü olur və məlumat sadəcə həmin zərfin hardan və haraya çatdırılması barədə olur. Son olaraq zərflər reyestr şəklində məxfi hissə rəisinin bölmə rəisi baş gizir Rəşidova təhvil verilir. Zərfin açılması halı baş verməmişdir. Sənədləri məxfi hissəyə ya o, ya da Elnarə xanım aparır. İddiaçı tərəfindən də zərflərin məxfi hissəyə aparılması halları olmuşdur. Zərflər gələn zaman onun tərkibi barədə məlumatları olmur. Ümumiyyətlə gələn zərflər axşam radələrində təhvil verilir. İddiaçı töhmətləri qərəzli şəkildə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, İddiaçı məxfi bölmə rəisi olmuşdur. O, X6 məxfi bölməsinin kargüzar-operatoru vəzifəsində çalışır. Məxfi bölmə rəisi Baş gizir Şahid1 sənədləri bağlı şəkildə FBS-dən qəbul edir. O, isə digər otaqda oturur. Baş gizir şəxsən sənədləri özü açır, sənədlərlə tanış olur və ona verir. O da sənədlərə daxilolma vurub qeydiyyata salır. O, heç bir zaman açıq zərf görməmişdir. Yəni bölmədə elə halın baş verməsinə yol verilə bilməz. Açıq şəkildə olan zərfləri nə təhvil alır, nə də təhvil verirlər. Sənədlər birbaşa məxfi bölmə rəisinin özünə təqdim edilir. Sənədlər rəisin özü tərəfindən açılır, tanış olunur, onun tərəfindən daxilolma vurulur və sonda da rəisin özünə qaytarılır. Rəis də sənədləri kimlər tanış olmalıdırsa həmin müvafiq bölmələrə paylayır. Yekun olaraq məxfi sənədlər onların bölməsində qalır. Və lazımı bölmələr sənədlərlə gəlib orada tanış olurlar. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.

165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 Gizirlərə və miçmanlara verilən intizam cəzaları

61. Gizirlərə və miçmanlara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. İntizam cəzalarının verilmə qaydası

85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

87. Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli, 339 nömrəli əmrinin qismən, onun ehtiyata buraxılmağına dair hissəsində ləğv edilməsi, işə bərpa edilməsi, işdən çıxarıldığı gündən işə bərpa edildiyi günədək əmək haqqı və digər təminat xərcliyinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Silahlı X1 61-ci bəndində gizirlərə və miçmanlara verilən intizam cəzalarından biri xidmət vaxtı başa çatmamış ehtiyata buraxma nəzərdə tutulmuşdur. İşdə olan sənədlərdən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 339 nömrəli “məxfilik rejiminin və informasiya təhlükəsizliyinin pozulması və təqsirkar şəxsin cəzalandırılması haqqında” əmrinə əsasən, məxfilik rejiminin və informasiya təhlükəsizliyinin tələblərini kobud şəkildə pozduğuna görə N nömrəli hərbi hissənin xüsusi-poçt rabitə qovşağının mübadilə məntəqəsinin rəisi gizir İddiaçı Azərbaycan Respublikasının Silahlı X1 61-ci maddəsinin “ə” bəndinə əsasən, “xidmət vaxtı başa çatmamış” ehtiyata buraxılmışdır. xx.xx.2024-cü il tarixli söhbət vərəqəsindən görünür ki, N nömrəli hərbi hissənin xüsusi-poçt rabitəsi qovşağının xüsusi-poçt göndərişlərinin mübadilə məntəqəsinin rəisi gizir İddiaçı ona verilən suala cavab olaraq bildirmişdir ki, o, vəzifəsindən istifadə edərək, heç vaxt məxfi və qeyri-məxfi sənədi açmamış və heç bir sosial şəbəkədə paylaşmamışdır. O, həmişə dövlətinə, millətinə sevərək xidmət etmiş, barəsində aparılan araşdırma ilə razı deyil və xidmətdən ayrılmaq istəmir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli Təqdimatına əsasən, N nömrəli hərbi hissənin, xüsusi-poçt rabitəsi qovşağının xüsusi-poçt göndərişlərinin mübadilə məntəqəsinin rəisi, gizir İddiaçı xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli məzuniyyət biletinə əsasən, gizir İddiaçı 25 gün müddətinə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Gəncə şəhərinə növbəti məzuniyyətə buraxılmış, N nömrəli hərbi hissəyə qayıtmalı olmalı, xidmətə gəlmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Müdafiə nazirinin müavini – X8 xx.xx.2024-cü il tarixli 25gm nömrəli Əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin Xüsusi-poçt rabitəsi qovşağının Xüsusipoçt göndərişlərinin mübadilə məntəqəsinin rəisi gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X1 6-cı maddəsinin “ə” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. İş materiallarından müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ehtiyata buraxılması barədə cəza tətbiq edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı ilə 1 dəfə söhbət aparılmış və bu barədə söhbət vərəqəsi tərtib edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən, iddiaçının xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Göründüyü kimi iddiaçının ehtiyata buraxılması ilə bağlı qanunvercilikdə nəzərdə tutulan tələblərə riayət edilməmişdir. Belə ki, iddiaçı ilə onun ehtiyata buraxılmasından əvvəl 2 dəfə söhbət aparılmalı idi. Lakin 1 dəfə söhbət aparılmışdır, həmçinin qanunvericilikdə nəzərdə tutulan söhbət zamanı edilməli olan hərəkətlər söhbət vərəqəsində öz əksini tapmamışdır. Bundan başqa N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli məzuniyyət biletində iddiaçının xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək məzuniyyətə buraxıldığı, xidmətə gəlmə tarixinin xx.xx.2024-cü il qeyd edilməsinə baxmayaraq, iddiaçının məzuniyyət dövrünə daxil olan xx.xx.2024-cü il tarixdə o, Müdafiə nazirinin müavini – X8 əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və X9 hərbi hissənin poçtuna daxil olan sənədlərin İddiaçı tərəfindən açılmadığını, ümumiyyətlə bütün sənədlərin qapalı, möhürlü səkildə aidiyyəti üzrə təhvil verildiyini bildirmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-1920)” Yubiley, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 339 nömrəli əmri qismən, İddiaçı ehtiyata buraxılmağına dair hissəsində ləğv edilməli, onun işə bərpa edilməsi, işdən çıxarıldığı gündən işə bərpa edildiyi günədək əmək haqqı və digər təminat xərcliyinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1, 70.3 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 339 nömrəli əmri qismən, N nömrəli hərbi hissənin xüsusi-poçt rabitə qovşağının mübadilə məntəqəsinin rəisi gizir İddiaçı Azərbaycan Respublikasının Silahlı X1 61-ci maddəsinin “ə” bəndinə əsasən, “xidmət vaxtı başa çatmamış” ehtiyata buraxılması hissəsində ləğv edilsin. İddiaçı əvvəlki vəzifədə xidmətə bərpa olunması, ehtiyata buraxıldığı gündən xidmətə bərpa edildiyi günədək ödənilməli olan əmək haqqı və digər təminat xərcliyinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar