Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-984/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı məcburi köçkünlərin adlı siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2010-cı il tarixdə AA 212612 nömrəli məcburi köçkün vəsiqəsi verilmiş və o, 2013-cü ilədək məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinəti almışdır.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.4-cü bəndinə əsasən iddiaçıya verilən müavinət cavabdeh tərəfindən 2013-cü ildən dayandırılmışdır.
3. Elektron Məhkəmə informasiya sistemindən çıxarışla müəyyən edilir ki, İddiaçı məcburi köçkün statusu vardır. II. Məhkəmədə icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı il tarixdə Ağdam rayonunda doğulmuş, 1993-cü ildə köçkün düşmüşdür (məcburi köçkün vəsiqəsinin seriyası, nömrəsi və tarixi: AA 212612, xx.xx.2010-cu il). 2013-cü ildən etibarən ona məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənişi əsassız olaraq dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək, vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 5-31/1-71-82-073/2023 nömrəli məktubu ilə vahid aylıq müavinətin ödənişinin bərpasından imtina edilmişdir. Məktubda bildirilir ki, «Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən yerli sakinlə ailə həyatı qurduğunuza görə Sizə ödənilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarının 2.4-cü bəndinə uyğun olaraq dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara aylıq mavinətin ödənilməsi şamil olunmur».
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdeh yerləşdiyi Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
17. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2010-cu il tarixli, AA 212612 nömrəli məcburi köçkün vəsiqəsi; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Elektron Məhkəmə informasiya sistemindən çıxarış.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
19. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti 2013-cü ilədək almışdır. Lakin iddiaçının məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə faktiki nikaha daxil olmaqla ailə qurması əsas gətirilərək, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.4-cü bəndinə əsasən ona verilən müavinət dayandırılmışdır.
21. Məhkəmə qeyd edir ki, Məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la və digər normativ aktlarla tənzimlənir.
22. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 25. Bərabərlik hüququ I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
23. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna görə: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: - məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq.
24. Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 5 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimata görə: Bənd 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarmayan şəxslərə.
25. 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimata görə: V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə.
26. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimata görə:
6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na görə”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara, lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara.
28. 2 iyun 2017-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, No 6, maddə 1221) ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndində “(nikahla və ya nikaha daxil olmadan),” sözlərindən sonra “həmçinin sonradan boşanmış qadınlara” sözləri əlavə edilmişdir və həmin bənddən “lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara” sözləri çıxarılmışdır.
29. İddiaçının Ağdam rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci üçün müavinət alması, məcburi köçkün olmayan şəxslə 203-cü ildə faktiki nikaha daxil olması və qısa müddət sonra ayrılması, 2013-cü ildə bu əsasla həmin müavinətin ödənilməsinin dayandırılması, həmçinin hazırda məcburi köçkün statusuna malik olması işin mübahisə olunmayan hallarıdır.
30. Həm iddiaçının faktiki nikahda olduğu dövrdə, həm də ondan sonrakı dövrdə qüvvədə olan və yuxarıda istinad olunan normalarda qeyd edilmişdir ki, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş şəxsə yemək xərci üçün aylıq müavinət ödənilmir. Həmin normaların məzmunundan görünür ki, məcburi köçkün qadının məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxıbçıxmamasının ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməməsinə hər hansı təsiri yoxdur. Yəni məcburi köçkün qadın məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra, onun qeydiyyat yerindən, əvvəlki qeydiyyatın saxlanılmasından, həmçinin nikahın pozulmasından asılı olmayaraq ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməsi dayandırılır.
31. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün statusuna malikdir və həmin statusu itirməmişdir.
32. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi Qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslərin sırasına daxil edilməmişdir. Halbuki, istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına aid edilmişdir.
33. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.
34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
35. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
36. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir.
37. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə və qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyi üçün, cavabdehin mübahisə olunan hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
40. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva