Məhkəmə qərarları › İş №2-1(114)-986/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-986/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-986/2022 18.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış binasının istismara qəbul edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 14.02.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Yeni-Gəncə yaşayış massivi, Vaz Texniki xidmət stansiyasının yanında yerləşən qeyri-yaşayış binasının istismara qəbul edilməsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yeni-Gəncə yaşayış massivi ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı MMC-nin sahibliyində və istifadəsindədir. Binanın yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarına dair Əmlak Komitəsi ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan binanın istismara qəbulu və əmlak üzərində hüquqlarını dövlət qeydiyyatından keçirilməsi üçün cavabdehə istismara qəbul aktının təsdiq edilməsi və verilməsi barədə bütün sənədləri təqdim etsə də, cavabdeh tərəfindən guya iddiaçı tərəfindən qeyri-yaşayış binasının tikintiyə icazə sənədinin surəti memarlıq və tikinti şöbəsinə təqdim edilmədiyi üçün binanın istismara qəbul aktının verilməsindən imtina edilmişdir, o cümlədən cavabdeh hansı sənədlərin təqdim edilməsi ilə bağlı imtina məktubunda heç bir qeyd göstərməmişdir. Bu səbəbdən də iddiaçı istismara qəbul aktının təsdiq edilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 06.09.2021-ci il tarixli 15131 nömrəli müqavilə üzrə təhvilqəbul aktından görünür ki, elmi-texniki məhsul icraçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən sifarişçi İddiaçı MMC-yə təhvil verilmişdir. -surəti işə əlavə edilmiş 14.10.2021-ci il tarixli Ö/005027 nömrəli istismara hazırlıq aktından görünür ki, bu akt Uğur-Qrup” MMC tərəfindən inşa edilmiş obyektdə tikintiquraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. -surəti işə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X3 qrupunun 01.11.2021-ci il tarixli 1143 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış sahəsi VAZ texniki xidmət stansiyasının yanında yerləşən İddiaçı MMC tərəfindən inşa olunmuş emalatxana və təmir sexlərinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir və bu baxımdan binanın istismara yararlı olması barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 10.01.2022-ci il tarixli 1231 nömrəli müqavilədən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış sahəsi VAZ texniki xidmət stansiyasının yanı ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1330.0 kv.m torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin 10.01.2022-ci il tarixli 03 nömrəli sərəncamına əsasən İddiaçı MMC tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 10.02.2022-ci il tarixli, Z-5-091 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17.07.1996-cı il tarixli 3787 nömrəli sərəncamı ilə istehsalat bazası yaratmaq üçün ona Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış sahəsi VAZ texniki xidmət stansiyasının yanından ayrılmış 1800 kv.m torpaq sahəsində inşa olunmuş emalatxana və təmir sexlərinin istismara qəbul edilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də iddiaçı qeyd olunan halı məhkəmədə mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir. -4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. -5.2-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Təqdim edilmiş sübutlardan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17.07.1996-cı il tarixli 3787 nömrəli sərəncamı ilə istehsalat bazası yaratmaq üçün iddiaçıya Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış sahəsi VAZ texniki xidmət stansiyasının yanından 1800 kv.m torpaq sahəsi ayrılmış, iddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edərək müvafiq tikililər inşa etmişdir. Belə ki, 06.09.2021-ci il tarixli 15131 nömrəli müqavilə üzrə təhvil-qəbul aktına əsasən elmi-texniki məhsul icraçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən sifarişçi İddiaçı MMC-yə təhvil verilmişdir. Bundan əlavə, 14.10.2021-ci il tarixli Ö/005027 nömrəli istismara hazırlıq aktı ilə Uğur-Qrup” MMC tərəfindən inşa edilmiş obyektdə tikintiquraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X3 qrupunun 01.11.2021-ci il tarixli 1143 nömrəli rəyi ilə həmin emalatxana və təmir sexlərinin istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh orqanın imtina məktubunda imtinanın əsası kimi qeyriyaşayış binasının tikintiyə icazə sənədinin təqdim edilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X4 ünvanlanmış 01.11.2021-ci il tarixli 761 nömrəli məktubu ilə müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış sahəsi VAZ texniki xidmət stansiyasının yanında yerləşən İddiaçı MMC-nin Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətində İddiaçı MMC-yə məxsus 1800 m2 torpaq sahəsində tikinti sahəsi 411.03 m2 olan emalatxana və təmir sexləri inşa olunduğunu və istifadə edildiyini bildirərək sənədləşməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Göründüyü kimi, qeyd olunan məktubla Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tikinti ilə bağlı aidiyyəti quruma (FHN-in Tikintidə Təhlükəsizliyə X4) razılıq ifadə olunduğu təqdirdə, hazırda həmin binanın istismara qəbulundan imtina olunmasının məntiqi və qanuni əsası yoxdur. Bu səbəbdən də məhkəmə cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) iddialara baxılır. -34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Uğur-Qrup” MMC tərəfindən Gəncə şəhəri, Yeni-Gəncə yaşayış massivi, Vaz Texniki xidmət stansiyasının yanında yerləşən ərazidə inşa edilmiş qeyri-yaşayış binasının istismara qəbul edilməsinin təsdiq edilməsi öhdəliyi Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar