Məhkəmə qərarları › İş №2-1(114)-987/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-987/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-987/2020 08.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddaçı İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Məlikova Könül Yusif qızının iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən basdırılmış iki ədəd elektrik dirəyinin cavabdehin öz hesabına çıxarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən basdırılmış iki ədəd elektrik dirəyinin cavabdehin öz hesabına çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon X2 Rəyasət Heyətinin xx xxxxx 1994cü il tarixli, 04 saylı qərarı əsasında iddiaçıya Göygöl rayonu, Qızılca kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində 2000-2002-ci illərdə iki yaşayış evi tikdirmişdir. Evi tikdirib yaşamaq üçün köçdükdə həmin ərazidə elektrik xətti olmadığından başqa işıqlandırma vasitələrindən istifadə etməklə yaşamışdır, hazırda da həmin evdə yaşayır. 2007-ci ildə torpaq sahəsinin plan və ölçü sənədi verilmiş, 2016-cı ildə isə mülkiyyət hüququ dövlət reyesterində qeydə alınmaqla çıxarış verilmişdir. Sonradan ərazidə yaşayış sahəsi yarandığından əraziyə elektrik dirəkləri basdırılmış və elektrik xəttləri çəkilməklə enerji verilməsi təmin edilmişdir. Həmin yaşayış məntəqəsində, mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yola paralel olaraq iki elektrik dirəyi basdırılmışdır. O, dirəklər basdırılan zaman müvəqqəti olaraq Daşkəsən rayonunda yerləşən evində yaşamışdır. Dirəkləri gördükdən sonra şifahi qaydada ərazidə olan elektrik şəbəkə işçilərinə etirazını bildirmiş, lakin nəticəsi olmamışdır. Hazırda hər iki elektrik dirəyi mülkiyyətində olan torpaq sahəsindədir. Bu səbəbdən də, yəni elektrik dirəyinin həyətində olması səbəbindən evinə elektrik sayğacı qoyulmur. O, cavabdeh orqanın Gəncə Asan Xidmətində olan nümayəndəsinə yaxınlaşaraq mülkiyyətində olan torpaq sahəsindən elektrik dirəklərinin yerinin dəyişdirilməklə həyətindən çıxarılmasını tələb etmiş, müraciəti əsasında araşdırma aparılmış, mütəxəsis rəyi əsasında müəyyən edilmişdir ki, həmin dirəklər mülkiyyətində olan torpaq sahəsində yerləşir və yeri dəyişdirilməlidir. Elektrik dirəklərinin yerinin dəyişdirilməsi məqsədi ilə ortaya çıxan maddi xərclərin onun tərəfindən ödənilməsi təklifinə razılaşmış, bu məqsədlə smeta tutulmuş, xərclər hesablanmış və protokol təsdiqlənmişdir. Onun tərəfindən smeta əsasında hesablanmış məbləğ bank hesabına ödənilmişdir. Ancaq bütün bunlara baxmayaraq cavabdeh “xxxxxxxx” ASC xx.xx.2020-ci il tarixli məktubu ilə bu razılaşmanın tam əksinə olaraq dirəklərin çıxarılmasından imtina etmiş və onu elektik şəbəkələrinin mühafizə qaydalarının kobud şəkildə pozulmasında təqsirləndirmişlər. Hesab edir ki, cavabdeh “xxxxxxxx” ASC-nin hərəkətləri tam qanunsuz və əsassız olmaqla bu təşkilat onun mülkiyyətinə qanunsuz müdaxiləni tam şəkildə aradan qaldırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərəkGöygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən basdırılmış iki ədəd elektrik dirəyinin cavabdehin öz hesabına çıxarılması barədə qərar qəbul edlməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Məlikova Könül Yusif qızı iddia tələbini qəbul etdiyini bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında göstərmişdir ki, həqiqətən də işıq dirəkləri iddiaçının mülkiyyətində olan həyətyanı sahəsində basdırılmışdır. Dirəklər basdırılan zaman orada hasar olmamış və idarə torpağın hüdudlarını bilmədiyi üçün dirəkləri səhvən iddiaçıya məxsus torpaq sahəsində basdırılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 11- 01/11/H-032/632 nömrəli məktubu; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surəti; Göygöl rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 317 nömrəli arxiv arayışı; A seriyalı, 091948 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti; xx.xx.2020-ci il tarixli, 359 nömrəli mədaxil qəbzinin surəti; Gəncə şəhəri, Yeni Qızılca qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin 0,4 kV-luq dayağın yerinin dəyişdirilməsi qiymətlərinin xx.xx.2019-cu il tarixli razılaşdırma protokolunun surəti; xx.xx.2019-cu il tarixli baxış aktının surəti; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********36 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən, mülkiyyətində olan 0,12 ha torpaq sahəsində “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən basdırılmış iki ədəd elektrik dirəyinin cavabdehin öz hesabına çıxarılması ilə bağlı həmin orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir və həmin hərəkətləri iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli (xx.xx.2019-cu il qeydiyyat tarixli) çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilənGöygöl rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 317 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon X2 Rəyasət Heyətinin xx xxxxx 1994-cü il tarixli, 04 saylı qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün “R.Məmmədov” adın kolxozun torpaq sahəsindən kolxozun ərazisində yaşayan 100 nəfər fəhlə və qulluqçulara hər birinə 0,12 ha olmaqla həyətyanı torpaq sahəsi verilmişdir. “R.Məmmədov” adına kolxozun ümumi yığıncaqlarının protokollarındakı siyahıda vətəndaş İddiaçı adına 39-cu sıra sayında 0,12 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən A seriyalı, 401371 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Xanlar rayon X2 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 04 saylı qərarı ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 1200 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən istehlakçı İddiaçı və “xxxxxxxx” ASC-nin əməkdaşlarının imzası ilə təsdiq edilmiş baxış aktının surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən, istehlakçı İddiaçı balansında olan obyektin elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi məqsədilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “xxxxxxxx” ASC tərəfindən göstərilən istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin siyahısının müvafiq bəndlərində göstərilən işlərin həyata keçirilməsi zəruridir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Gəncə şəhəri, Yeni Qızılca qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin 0,4 kV-luq dayağın yerinin dəyişdirilməsi qiymətlərinin xx.xx.2019-cu il tarixli razılaşdırma protokolunun surətindən görünür ki, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin 0,4 kV-luq dayağın yerinin dəyişdirilməsi razılaşdırılmış və xx.xx.2020-ci il tarixli mədaxil qəbzinə əsasən bunun müqabilində iddiaçı tərəfindən 216,04 manat məbləğində vəsait bank hesabına ödənilmişdir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olmasına, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin 0,4 kV-luq dayağın yerinin dəyişdirilməsi razılaşdırılmasına və bunun müqabilində iddiaçı tərəfindən 216,04 manat məbləğində vəsaitin bank hesabına ödənilməsinə baxmayaraq, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti iddiaçının hüquqlarını pozaraq Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində basdırılmış iki ədəd elektrik dirəyinin öz hesabına çıxarılmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, mülkiyyət hüququ üzrə İddiaçı məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində“xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən basdırılmış iki ədəd elektrik dirəyi, onun öz mülkiyyətindən maneəsiz istifadə etməsinin qarşısını alır. Bu hal isə iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi də, iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində basdırılmış iki ədəd elektrik dirəyinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına çıxarılması vəzifəsi “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində basdırılmış iki ədəd elektrik dirəyinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına çıxarılması vəzifəsi “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar