Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-987/2024 28.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı soyad sonluğunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “Dostulu” soyadının sonluğunun “Dostuyev”ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəlki soyadı Dostuyev olmuş, 2019cu il tarixdə Cavabdehnə müraciəti əsasında soyadı “Dostulu”ya dəyişdirilmişdir. Soyadının yenidən dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2019cu ildə Rusiya Federasiyasına getməyinə qadağa (stop) qoyulduğuna görə soyadının sonluğunu dəyişmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 312085 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuş, ata qrafasında X2, ana qrafasında X3 qeyd edilmişdir. -surəti işə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair sənədlərdən və iddiaçıya məxsus hərbi biletdən görünür ki, qeyd olunan bütün sənədlərdə iddiaçının soyadı Dostuyev kimi yazılmıdır. -Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının soyadının sonluğu xx.xx.2019-cu il tarixdə dəyişdirilmiş, bu səbəbdən də yenidən soyadına düzəliş edilməsi qanunvericiliklə müəyyən edilmiş əsasların olmaması səbəbindən mümkün hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından da əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı soyad sonluğunu digər ölkəyə girişinə qadağa qoyulduğuna görə dəyişmiş, yenidən əvvəlki soyadını əldə etmək üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladları ərizəsi təlb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İstinad olunan Qaydalardan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmiş, iddiaçı isə həmin hüququndan artıq istifadə etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı birinci dəfə soyadını başqa ölkəyə girişinə qadağa qoyulduğuna görə sərhəd buraxılış nəzarətindən yayınmaq məqsədilə dəyişmiş, hazırda da bu məqsədlə dəyişmək niyyətinin olması istisna edilmir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən soyadının dəyişdirilməsi məqsədəuyğun hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı soyad sonluğunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-987/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-987/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver