Məhkəmə qərarları › İş №2-1(114)-99/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-99/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-99/2022 01.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Məmmədli kəndində “Oğlanbaba” adlanan meşə ərazisndə yerləşən pambıqçılıq sahə binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin 10 .01.2001-ci il tarixli 04 saylı ümumi iclasının qərarına əsasən müəssisənin balansında olan "Oğlanbaba" adlanan meşə ərazisində yerləşən pambıqçılıq sahə düşərgəsinin binası kooperativinin üzvü və əmlakı olaraq iddiaçıya və ailə üzvlərinə əmlak payı olaraq verilmişdir. Əmlakdan pay haqqının verilməsi barədə xx.xx.2001 -ci il tarixli akta əsasən 12.240000 (on iki mlyon iki yüz qırx) manata qiymətləndirilmiş qeyd edilən bina iddiaçıya əmlak payı olaraq təhvil verilmişdir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı qərarı ilə isə Bərdə rayonu "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin 10 .01.2001 -ci il tarixli 04 saylı ümumi iclas protokolu təsdiq edilmişdir. Bütün bunlara baxmayaraq əmlak payı kimi verilmiş, Bərdə rayon Məmmədli kəndində "Oğlanbaba" adlanan meşə ərazisində yerləşən pambıqçılıq sahə düşərgəsi binasına hüququ müəyyənedici sənədi əldə edə bilməmiş, yəni həmin əmlak payı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata aldırıb çıxarış ala bilməmişdir. Məhz bu səbəbdən əmlakın üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə baxılarkən məlum olmuşdur ki, əmlak payının iddiaçıya verilməsi barədə X3 Komissiyasının protokolundan çıxarış, Rayon Aqrar İslahat Komissiyasının iclas protokolundan çıxarış, əmlakın təhvil-təslim aktı, qiymətləndirmə cədvəli təqdim olunsa da, lakin binanın təsdiq olunmuş eskizi, əmlakın pay haqqının verilməsi barədə akt təqdim olunmamışdır. Bundan əlavə əmlak payının yerləşdiyi torpaq sahəsinə dair sənədlər də ərizəyə əlavə edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Bərdə rayon "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, müəssisənin balansında olan "Oğlanbaba" adlanan meşə ərazisində yerləşən pambıqçılıq sahə düşərgəsinin binasının kooperativin üzvü əmlakçı İddiaçı və ailə üzvlərinə əmlak payı olaraq verilməsi qərara alınmışdır. -işə əlavə edilmiş Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə rayon "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin xx.xx.2001-ci il tarixli 04 saylı ümumi iclas protokolu təsdiq edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********329 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********15 nömrəli məktubundan görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı qərarına əsasən İddiaçı Bərdə rayon Məmmədli kəndində "Oğlanbaba" adlanan meşə ərazisində yerləşən pambıqçılıq sahə binasının verilməsi haqqında, həmçinin "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin xx.xx.2001-ci il tarixli protokol qərarı, aktı və Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı qərarı barədə məlumat Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubunda Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı qərarının arxivdə aşkar edilmədiyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolunun qərarına əsasən müəssisənin balansında olan "Oğlanbaba" adlanan meşə ərazisində yerləşən pambıqçılıq sahə düşərgəsinin binası kooperativinin üzvü əmlakçı İddiaçı və ailə üzvlərinə əmlak payı olaraq verilməsi qərara alınmış, bundan sonra Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı iclas protokolunun qərarı ilə Bərdə rayon "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin xx.xx.2001-ci il tarixli 04 saylı ümumi iclas protokolu təsdiq edilmişdir. İddiaçı sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını cavabdehdən tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə binanın təsdiq olunmuş eskizinin və əmlakın pay haqqının verilməsi barədə aktın təqdim olunmaması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materialları ilə müəyyən olunur ki, iddiaçı iddianın əsasını təşkil edən sübut növü kimi Bərdə rayon "Qılınclı" İstehlak Texniki Xidməti Koperativinin xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışa və Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışa istinad etsə də, Bərdə rayon Aqrar İslahat Komissiyasının qeyd olunan qərarı səlahiyyətli qurumun arxivində aşkar edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin hazırki vəziyyəti 20 il əvvəl tərtib edilmə görüntüsü və təsviri yaratmır. Göründüyü kimi iddiaçı tərəfindən sübut növü kimi təqdim edilmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun deyildir. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Bərdə rayonu Məmmədli kəndi ərazisində yerləşən əmlak payı kimi iddiaçıya verilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrindən qeydiyyata alınması ilə təqdim olunmuş sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar