Məhkəmə qərarları › İş №2-1(114)-99/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-99/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-99/2024 18.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X12, üçüncü şəxs Gəncə şəhər Kəpəz Bələdiyyəsinin nümayəndəsi X18, üçüncü şəxs X13 və onun vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhər Kəpəz bələdiyyəsi və X13) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1968-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Gəncə (Kirovabad) Alüminium zavodunda müxtəlif vəzifələrdə işləmişdir.

2. "Metallurq" Bağçılıq Yoldaşlığı tərəfindən 1991-ci il tarixdə verilmiş İddiaçı 531 nömrəli üzvlük biletində ona 04 nömrəli bağ torpaq sahəsinin verildiyi qeyd edilmişdir.

3. X2 nəzdində olan "Metallurq" Yoldaşlıq-Bağçılıq Sahəsinin ümumi siyahısında İddiaçı adının qarşısında 7 sot torpaq sahəsi qeyd edilmişdir.

4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 02 nörməli məktubunda bildirilmişdir ki, Birliyin tərkibində olan X3 (indiki Azəralüminium ASC-nin X23 İstehsalat sahəsinin) Həmkarlar İttifaqı komitəsinə aid arxiv sənədləri də daxil olmaqla, SSRİ-nin dağılması ilə əlaqədar siyasi sistemin dəyişməsi səbəbindən tamamilə məhv edilmişdir. X23 İstehsalat sahəsinin keçmiş işçisi, hazırda təqaüdçü olan müraciətçiyə X10 Sovetinin İcraiyyə Komitəsi, “Azərəlvanmetal” İstehsalat Birliyi və Kirovabad Alüminium zavodu tərəfindən üçtərəfli qaydada 1987-ci ildə təsdiq edilmiş qeydiyyat nömrəsi 04/340-8a-17 olan Nizamnamə əsasında yaradılmış X5 təsərrüfatında xx.xx.1988-ci il tarixində X10 Sovetinin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş Genplana əsasən müraciətçinin bağ üçün torpaq sahəsində tikilməsi nəzərdə tutulan təsdiqli 531 saylı torpaq sahəsi üzrə layihə sənədinə və müraciətçinin adına təsdiqli X5 təsərrüfatının üzvü olması haqqındakı 531 saylı üzvlük vəsiqəsinə əsasən "xxxx" ASC Həmkarlaq ittifaqı Komitəsi keçmiş işçi, hazırda təqaüddə olan İddiaçı X5 təsərrüfatında bağ üçün torpaq sahəsini ayrılmasını istinsa etmir.

5. Dövlət X11 xx.xx.2011-ci il tarixli arxiv arayışından görünür ki, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə Kirovabad ŞİH-in xx.xx.1986-cı il tarixli 13 nömrəli və xx.xx.1987-ci il tarixli 13 nömrəli qərarları ilə əvvəllər ayrılmış torpaq sahəsinə 55.0 ha torpaq sahəsinin əlavə edilərək, Kirovabad şəhərinin qərbində bağçılıq yoldaşlığının ərazisinin 98.0 ha çatdırılması qərara alınmışdır.

6. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədin ərizəyə əlavə edilmədiyi, həmçinin "Metallurq" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.

7. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 1422/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X4 özünə məxsus əşyalarla birlikdə Gəncə şəhəri, Natəvan qəsəbəsi, Xaliq Bayramov küçəsi, 24 saylı bağ evindən çıxarılması və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-180/2022 nömrəli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-1422/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X8 qarşı cavabdehin əmlakı ilə birlikdə ona məxsus evdən çıxarılması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 5689/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

8. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-Ə-622/8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Metallurq bağçılıq yoldaşlığı”nın arxiv sənədləri X16 Filialına təhvil verilməmişdir.

9. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-3/2- 0055/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 3713 saylı sərəncamı ilə Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin balansında olan mənzillər və digər təsərrüfat tikililəri Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatının balansına verilmişdir. Həmçinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin balansında olan mənzillər və digər təsərrüfat tikililərinin arxiv sənədləri qanunvericiliyə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinə verilmişdir.

10. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3226/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, onların arxivlərinin "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli 283 nömrəli Sərəncamına əsasən ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Gəncə şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri, nömrələnmiş sahələrin göstərildiyi cizgi-planları və ayrıc aktları, yerquruluşu sənədləri əsasında vətəndaşların təsdiq olunmuş siyahıları, bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan ilkin torpaqayırma sənədləri quruma təhvil verilməmişdir.

11. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2023-cü il tarixli M-509 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 3713 nömrəli sərəncamı ilə Gəncə “Gil- Torpaq” İstehsalat Birliyinin balansında olan 51 ədəd yaşayış binası əvəzsiz olaraq Mənzillərin Təmiri İstismarı Trestinin (indiki MKTİB) balansına qəbul edilmişdir. Gəncə “Gil- Torpaq” İstehsalat Birliyinin balansında olan torpaq sahələri haqqında müvafiq sərəncamda heç bir məlumat göstərilməmişdir. Torpaq sahələri Birliyin balansına qəbul edilməmişdir.

12. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-555/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə bağçılıq təsərrüfatı ilə bağlı olan bütün sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərildiyi üçün “Metallurq” bağçılıq yoldaşlıq birliyinə aid torpaq sənədlərinin təqdim edilməsi mümkün olmamışdır.

13. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Metallurq” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 531 nömrəli üzvlük biletinə əsasən 1969-cu ildə cəmiyyət tərəfindən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin məkan göstəriciləri ( koordinatları (X,Y) və dəqiq yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, tərəfimizdən aparılan araşdırma zamanı, naturada təqdim olunan faktiki sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan 0.11 ha torpaq sahəsi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutlan torpaq sahəsidir. Naturada təqdim olunan torpaq sahəsi üzərində üçüncü şəxs X4 faktiki istifadəsində olan fərdi yaşayış evi mövcuddur. 2) Naturada təqdim edilən həmin torpaq sahəsi ölçülərək, faktiki olaraq 0.11 ha təşkil etdiyi müəyyən olundu. 3) Elektron baza materillarına istinadən, naturada təqdim olunan 0.11 ha torpaq sahəsinin, hər hansı subyektin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə, üst-üstə düşməsi halı aşkarlanmadı. 4) Həmin torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1968-ci ildən 2008-ci ilədək Gəncə şəhər (köhınə Kirovabad şəhər olan vaxtından) Alüminium zavodunda "sahə və sex rəisi vəzifəsində işləmişdir. 40 il bir zavodda çalışmışdır. O, 1991 ci ilin noyabr ayında “ Metallurq Baxçılıq yoldaşlığına üzv olmuşdur. Bu barədə faktiki vəsiqəsi, əmək kitabçası və surəti notarial təsdiq edilmiş bir sıra əsasları mövcuddur. Xahiş edirəm nəzərə alasınız. Ona iş yerindən işlədiyi müddətdə “Metallurq Bağçılıq yoldaşlığı tərəfindən sahə-531 olan X6 şöbəsi tərəfindən Nətavan qəsəbəsindən torpaq sahəsi verilmişdir. Bu barədə sxem və ölçü planı mövcuddur. O, həmin torpaq sahəsində fərdi yaşayış ev inşa etmiş, 2000-ci ildə tam tamamlamışdır. Onun mərhum arvadı X9 xx.xx.2019 cu ildə vəfat edib, o, özü də 85 yaşında xəstə adamdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin əsassız hərəkətlərindən dolayı öz inşa etdiyi evə dair sənədləri rəsmiləşdirə bilmir. Bu yaxında 2023-cü ilin yanvar ayında o, ona verilmiş torpaq üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ona xx.xx.2023 cü il tarixli 3-21-3-33/2-640/2023 nömrəli imtina məktubu verilmişdir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

17. İddiaçı nümayəndəsi X12 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən 7 sot torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadlarıı ilə X13 və Gəncə şəhəri Kəpəz bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı, iddiaçının nümayəndəsi X12, üçüncü şəxs Gəncə şəhər Kəpəz Bələdiyyəsinin nümayəndəsi X18, üçüncü şəxs X13 və onun vəkili X14 məhkəmə iclasına gəlmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı və onun nümayəndəsi X12 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər.

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərardadın 5-ci bəndi).

24. Üçüncü şəxs X13 və vəkili X14 məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etmişlər.

25. Üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X18 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

26. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

27. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

28. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1968-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Gəncə (Kirovabad) Alüminium zavodunda müxtəlif vəzifələrdə işləmiş, "Metallurq" Bağçılıq Yoldaşlığı tərəfindən İddiaçı 531 nömrəli üzvlük bileti 1991-ci il tarixdə verilmişdir. Həmin biletdə və "Metallurq" Yoldaşlıq-Bağçılıq Sahəsinin ümumi siyahısında ona 04 nömrəli 7 sot torpaq sahəsinin verildiyi qeyd edilmişdir.

29. Hazırda İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

30. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

31. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

32. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

33. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

34. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını iddia edə bilməsi üçün ilk növbədə "Metallurq" Bağçılıq Yoldaşlığı tərəfindən ona ayrılmış 7 sot torpaq sahəsinin koordinatları müəyyən olmalı, yerləşmə yerini əks etdirən sənədlər mövcud olmalıdır ki, həmin torpaq sahəsinin iddiaçıya məxsus olması halı müəyyən edilə bilinsin.

35. Lakin iddiaçının adına qeyd olunan 7 sot torpaq sahəsi ilə bağlı X2 nəzdində olan "Metallurq" Yoldaşlıq-Bağçılıq Sahəsinin ümumi siyahısında qeyd olsa da, həmin siyahı həmin Birlik və ya hər hansı orqan tərəfindən təsdiqlənməmişdir. Həmçinin həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından iddiaçının naturada təqdim edərək iddia etdiyi həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və İddiaçı verilmiş torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.

36. Belə ki, iddiaçı həmin torpaq sahəsinin ona 1969-cu ildə verildiyini və həmin vaxtdan istifadə etdiyini iddia etsə də, "Metallurq" Yoldaşlıq-Bağçılıq Cəmiyyətinin nizamnaməsindən onun xx.xx.1987-ci ildə təsdiq edildiyi görünür. Eyni zamanda, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə Kirovabad ŞİH-in xx.xx.1986-cı il tarixli 13 nömrəli və xx.xx.1987-ci il tarixli 13 nömrəli qərarları ilə əvvəllər ayrılmış torpaq sahəsinə 55.0 ha torpaq sahəsinin əlavə edilərək, Kirovabad şəhərinin qərbində bağçılıq yoldaşlığının ərazisinin 98.0 ha çatdırılması qərara alınmışdır.

37. Yəni, iddiaçının "Metallurq" Yoldaşlıq-Bağçılıq Cəmiyyəti tərəfindən 1969-cu ildə ona ayrıldığını iddia etdiyi torpaq sahəsi 1987-ci ildə yaradılmış Cəmiyyətə 1987-1988-ci illərdə ayrılmışdır.

38. Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Metallurq” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 531 nömrəli üzvlük biletinə əsasən 1969-cu ildə cəmiyyət tərəfindən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin məkan göstəriciləri ( koordinatları (X,Y) və dəqiq yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, tərəfimizdən aparılan araşdırma zamanı, naturada təqdim olunan faktiki sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan 0.11 ha torpaq sahəsi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir.

39. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir.

40. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

41. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

42. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar