Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-994/2020 18.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı X1nun xx xxxxxx 1993-cü il (və ya sənəd üzrə xx.xx.1994-cü ildə) tarixdə Azərbaycan Respublikasının suverenliyi uğrunda erməni işğalçılarına qarşı Ağdam rayonunun Salahlı-Kəngərli kəndləri uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından həlak olduğu üçün ona şəhid adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda erməni işğalçılarına qarşı Ağdam rayonunun Kəngərli - Salahlı kəndləri istiqamətində gedən döyüşlərdə xx xxxxxx 1993-cü ildə həlak olmuşdur. X1 həlak olan zaman subay olmuş, anaları X3 1993-cü ildə, ataları X6 isə 2006-cı ildə vəfat etmişlər. Qardaşı döyüş əməliyyatlarında həlak olduqdan sonra onun cənazəsi evə gətirilmiş və böyük izdihamla dəfn edilmişdir. 1994-cü ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Samux rayon şöbəsində şəhid kimi qeydiyyata alınmış, atasına isə şəhid ailə üzvü statusuna malik olmasına dair vəsiqə təqdim edilmişdir. Samux Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1997-ci il tarixli, 215 saylı sərəncamına əsasən Samux rayonunun Sərkar kəndində yerləşən 8-ci küçəyə (sərəncamda “8-ci küçə - Vüqar Məmmədov- Şəhid Sərkar kənd sakini” qeyd edilmişdir) qardaşı Vüqar Məmmədovun adı verilmiş, hazırda da, həmin küçə qardaşının adını daşıyır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinnin xx.xx.2019-cu il tarixli, 462 nömrəli məktubu ilə qardaşının döyüş əməliyyatlarında iştirak etməsi arxiv sənədlərinə əsasən öz təsdiqini tapsa da, onun hərbi əməliyyatlar zamanı həlak olmadığı üçün "şəhid” hesab edilməməsi qeyd edilməklə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri,mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. İş materiallarında olan sənədlərdən məlum olur ki, X5 Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin tərkibində xidmət etmiş və həmin hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. X5 xx.xx.1993-cü il tarixdə “beyin daxili qanaxma” nəticəsində həlak olduğu üçün N nömrəli Hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Göründüyü kimi, mərhum X4 Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən həlak olmuşdur. Hərbi hissələrin tərkibində xidmət edərkən həlak olan şəxslərə isə şəhid statusunun verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd edilməli idi. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Bu baxımdan, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə əlaqədar vaxt verilmiş, məhkəmənin sərəncamı poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2020-ci ildə xəbərnaməyə imza etdirilməklə ona çatdırılmış, lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1, 4.2, 5.1 və 5.2 bəndləri). Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80. maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid statusunun verilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-994/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-994/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver