Məhkəmə qərarları › İş №2-1(114)-994/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-994/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-994/2022 18.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Gəncə şəhər Baş Polis İdarəsi) istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 04.11.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının tutduğu vəzifənin və xüsusi rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində polis zabiti kimi xidmət etmiş, göstərilən xidmət dövründə qanunvericilikdə nəzərdə tutulan əsas məzuniyyətdən istifadə etməmişdir. İddiaçı 08.05.2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək, 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının (xidmətdə olduğu sonuncu vəzifənin və xüsusi rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin müraciətinə imtina cavabı verilmişdir. Bundan sonra eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etsə də, həmin orqan tərəfindən də imtina cavabı verilmişdir. Məhkəmənin 13.12.2019-cu il tarixli qərardadı ilə Gəncə şəhər Baş Polis İdarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -ИT-İ seriyalı, 17.02.1984-cü il tarixli ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində polis zabiti kimi xidmət etmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanladığı 08.10.2019-cu il tarixli, 027-47699C-3219 nömrəli məktubda qeyd edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən daxil olmuş məktubda 1990-1997-ci illərdə məzuniyyətdən istifadə edib-etməməsini təsdiqləyən müvafiq sənədlərin olmadığı bildirilmiş, bu baxımdan ona pul kompensasiyasının ödənilməsi imkan xaricindədir. -Gəncə şəhər Baş Polis İdarəsinin iddiaçıya ünvanladığı 03.02.2020-ci il tarixli, 120- 2656-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya istifadə edilməyən məzuniyyət illəri üçün pul kompensasiyası təxris olunduğu günə sonuncu vəzifə və rütbə maaşından hesablanmışdır, yəni (11.8 oklad+4.4 rütbə=16.2) * 7 il=113.40 manat ödəniləcəkdir, həmin vəsaitin ödənilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsində müraciət etməsi, yaxud ona məxsus bank hesabı barədə məlumat verilməsi xahiş olunmuşdur. -Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2021-ci il tarixli, 9/6333 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında ekspertiza qarşısında qoyulmuş suala cavab verilməsi üçün zəruri olan sənədlərin mövcud olmaması səbəbindən İddiaçı 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində xidmət etdiyi dövrdə istifadə etmədiyi məzuniyyətə görə hesablanmalı olan kompensasiya məbləğinin nə qədər təşkil etməli olduğunu hazırki tədqiqatla iş materiallarında olan mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. -surəti əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 10 yanvar 1997ci il tarixli, 53 ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı sıravi və rəis heyəti adına xələl gətirən hərəkətinə görə xidmətdən xaric edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 29 noyabr 2002-ci il tarixli Qərarında təsbit edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunamamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. 19.07.1994-cü il tarixdə qəbul edilmiş və 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsində göstərilmişdir ki, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları istisna olmaqla), işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. -İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Qanunun 32-ci maddəsinə əsasən işçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, təqsirli hərəkətlərinə görə işdən çıxarılma halları istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir. İddiaçı xidmətdən sıravi və rəis heyəti adına xələl gətirən hərəkətinə görə 10 yanvar 1997-ci il tarixli əmrlə xaric edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının ödənilməmiş məzuniyyət haqqını tələb etməklə bağlı tələbi həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan dövr üçün tənzimləmə normalarına əsasən isə onun ödənilməmiş məzniyyət haqqını almaq hüququ istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 05.10.2021-ci il tarixli, 9/6333 nömrəli ekspert rəyinin verilməsinə görə 30 (otuz) manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İddiaçı 30 (otuz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar