Məhkəmə qərarları › İş №2-1(114)-994/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-994/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-994/2023 22.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı cavabdehin üzərinə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında onun xx.xx.1963-cü il tarixdə doğulmağı barədə qeydə düzəliş edilərək “xx.xx.1959-cu il” kimi qeyd edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, faktiki faktiki olaraq xx.xx.1959-cu ildə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuşdur. Lakin doğum haqqında akt qeydləri kitabında və doğum haqqında şəhadətnamədə doğum tarixi səhvən xx.xx.1963cü il kimi qeyd edilmişdir. Halbuki o, 1959-cu ildə anadan olmuşdur. Belə ki, o 8 yaşında Gədəbəy rayonu Çalburun kənd səkkizillik məktəbinin 1-ci sinfinə getmiş və 1975-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Həmin şəhadətnamədə də doğum ili kimi 1959-cu il qeyd edilmişdir. Eləcə də sinif yoldaşları X2, X1 və X3 da onunla eyni sinifdə oxumuşlar. Onların da doğum tarixləri 1959-1960-cı illərdir. Bu da bir daha təsdiq edir ki, o həqiqətən də 1959-cu ildə doğulmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında onun xx.xx.1963-cü il tarixdə doğulmağı barədə qeydə düzəliş edilərək “xx.xx.1959-cu il” kimi qeyd edilməsi üçün kifayət qədər hüquqi əsaslar vardır. O, bununla bağlı cavabdehə müraciət etmiş, oradan isə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus АЗ 378138 nömrəli “Doğum haqqında” şəhadətnamənin surəti, iddiaçıya məxsus АЗ-İ 253077 nömrəli “səkkizillik təhsil haqqında” şəhadətnamənin surəti və Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/09-588-15 nömrəli məktubu əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus sənədlərdən yalnız “səkkizillik təhsil haqqında” şəhadətnamədə doğum ilinin düzgün qeyd edilməsini bildirərək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında onun təvəllüdünün “xx.xx.1959-cu il” kimi dəyişdirilməsini tələb edir. İddianın mümkün olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin və АЗ 378138 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətlərindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixində Gədəbəy rayonu, Çalburun kəndində doğulmuşdur. Məhkəmə qeyd olunanlarla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Müddəların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə, nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə, atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə, atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda, vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə, övladlığa götürmə ləğv edildikdə, atalığın müəyyən edilməsi ləğv olunduqda, vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə, cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə, vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə, vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə və qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra –müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Məhkəmə işin faktiki hallarına əsasən o qənaətə gəlir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində iddiaçının təvəllüdünün “xx.xx.1959-cu il” kimi dəyişdirilməsinə əsas yoxdur. Belə ki, iddiaçının doğum təvəllüdünün dəyişdirilməsi üçün qanunvericilikdə sadalanan hallardan hər hansı biri yoxdur və sonuncuya məxsus digər ilkin sənədlərlə də onun təvəllüdünün 1959-cu il deyil 1963-cü il olması öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddiaçının təvəllüdünün dəyişdirilməsinə dair göstərdiyi dəlillər əsassızdır və mötəbər sübutlara əsaslanmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda bunu edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar