Məhkəmə qərarları › İş №2-1(114)-995/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-995/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-995/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Tərtər rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Tərtər rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi və pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Tərtər rayonunun sabiq “Qələbə” kolxozunda üzvlük əsasında kolxozçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Baytarlıq stansiyasında sanitar, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X14 Kontorunda nəzarətçi, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı Şəhər klinik xəstəxanasında sanitarka, xx.xx.2014-cü il tarixdən xx.xx.2014cü il tarixədək Bakı Sağlamlıq Mərkəzində kiçik tibb bacısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri 4 saylı Şəhər klinik xəstəxanasında xadimə işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, bu əsasla ona xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi və pensiya fərqinin həmin vaxtdan hesablanaraq ödənilməsivəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Tərtər rayonunun sabiq “Qələbə” kolxozunda üzvlük əsasında kolxozçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Baytarlıq stansiyasında sanitar, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X14 Kontorunda nəzarətçi, xx.xx.2004cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı Şəhər klinik xəstəxanasında sanitarka, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Sağlamlıq Mərkəzində kiçik tibb bacısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri 4 saylı Şəhər klinik xəstəxanasında xadimə işləmişdir. Ümumilikdə əmək stajı 30 il 7 ay 6 gündür. xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlillik təyin edilmişdir. Ona görə də iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, əmək pensiyasının hüququ yarandığı xx.xx.2018-ci il tarixdən ona 2-ci qrup əlilliyə görə pensiya təyin edilməsi və ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı bacısıdır, ərə gedərkən soyadını dəyişmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və iddiaya qarşı etiraz ərizəsi təqdim etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Rəhimova (Əliyeva) Gültəkin Qarakişi qızına məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1979-cu il tarixdən xx.xx.2018-ci il tarixədək ayrı-ayrı yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Tərtər rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 296 nömrəli arxiv arayışından görünür ki, Rəhimova (Əliyeva) Gültəkin Qarakişi qızı 1980-1985-ci illərdə “Qələbə” kolxozunda işləmiş və əmək haqqı almışdır. -Bərdə rayon Baytarlıq İdarəsinin xx.xx.2019-cu il tarixli, 182 nömrəli arayışından görünür ki, Rəhimova (Əliyeva) Gültəkin Qarakişi qızı xx.xx.1986-cı il tarixli, 04 nömrəli əmrlə Mehtixanlı baytar sahəsinin baytar sanitar vəzifəsinə təyin edilmiş və xx.xx.1993-cü il tarixli, 02 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. -AZ-İ 547751 nömrəli xx.xx.2010-cu il tarixli Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X2 xx.xx.2010-cu ildə nikahlarını bağlamış və arvada “Rəhimova” soyadı verilmişdir. -X13 Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik verilmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı 1980-1985-ci illər kolxozda işlədiyi müddətdə adam günü norması qeyd edilmədiyi və xx.xx.1986xx.xx.1993-cü illərdə Bərdə rayon Baytarlıq stansiyasında işlədiyi illərin yoxlanılması mümkün olmadığı üçün ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1979-cu il tarixdən xx.xx.2018-ci il tarixədək ayrı-ayrı yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.2018-ci il tarixdən ona 2-ci dərəcə əlillik verilmişdir. Bundan sonra iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, əmək pensiyasının hüququ yarandığı xx.xx.2018-ci il tarixdən tarixdən təyin edilməsi və ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh orqan iddiaçının 1980-1985-ci illərdə işlədiyi müddət üzrə adam günü norması qeyd edilmədiyinə və xx.xx.1986-xx.xx.1993-cü illərdə Bərdə rayon Baytarlıq stansiyasında işlədiyi illərin yoxlanılması mümkün olmadığına və nəticə etibarı ilə onun tələb olunan pensiya kapitalı yaranmadığına görə bundan imtina etmişdir. Cavabdeh orqanın iddiaçının 1980-1985-ci illərdə kolxozda işlədiyi müddət üzrə adam günü norması qeyd edilmədiyinə və xx.xx.1986-xx.xx.1993-cü illərdə Bərdə rayon Baytarlıq stansiyasında işlədiyi illərin yoxlanılması mümkün olmadığına görə həmin illərin pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi arxiv arayışları stajı təsdiq etmək üçün mötəbər sübutdur. Yalnız adam günü norması göstərilmədiyinə, eləcə də işlədiyi illərin yoxlanılması mümkün olmadığına görə bu illərin staj kimi qəbul olunmaması, iddiaçının sosial təminat hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılmasıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Məhkəmə qeyd ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında, eləcə də işlədiyi müəssisə tərəfindən verilmiş arayışda göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə iddiaçının iş stajını təsdiq edən əmək kitabçasına, arxiv arayışına və müəssisənin müvafiq arayışına əsasən onun ümumilikdə 30 il 6 ay 5 gün sığorta stajı, habelə tələb olunan həcmdə pensiya kapitalı yaranmış olur. Məhkəmə qeyd olunan arxiv arayışını və müəssisənin arayışını mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi və pensiya məbləğinin həmin vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2004cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi və pensiya məbləğinin həmin vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 Publik hüquqi şəxsin Tərtər rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar