Məhkəmə qərarları › İş №2-1(114)-995/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-995/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-995/2022 14.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə 15.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 29.03.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə ona təyin olunmuş sosial müavinətin ləğv edilməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19979,81 manat məbləğində pensiya kapitalına mülkiyyət hüququnun tanınması və həmin pensiya kapitalının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ona 29.03.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş, müavinət təyin olunan zaman 59 yaşı olmuşdur. İddiaçıya 2-ci dərəcə əlillik təyin edilməsinə səbəb bədəninin bir hissəsinin iflic olması və bu səbəbdən işləmək qabiliyyətini itirməsi olmuşdur. İddiaçının ümumilikdə 27 il 1 ay sığorta stajı var, bu səbəbdən DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19979,81 manat pensiya kapitalının özünə qaytarılmasını və təyin edilmiş müavinətin ləğv edilməsini xahiş etmiş, cavabdeh isə 12.01.2022-ci il tarixli məktubu ilə bundan etmişdir. Məhkəmənin 14.04.2022-ci il tarixli qərardadı ilə iddia “sosial müavinətin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 27 il 1 ay olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19979,81 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (24768,00 manatdan) azdır. Bu səbəbdən də ona 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona qaytarılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli 04.09.1984-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 21.01.1983-ci il tarixdən 17.02.2020-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -surəti işə əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 20.11.1980-ci tarixdən 29.12.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 23.12.2021-ci il tarixli, **********6 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19979,81 manat pensiya kapitalının ona qaytarılmasını tələb etsə də, cavabdeh orqan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalın qaytarılmasının qanunvericiliklə nəzərdə tutulmadığını bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. -2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. -12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. -19.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların fərdi uçotu həyata keçirilmiş, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazası yaradılmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər" bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sözügedən Qanunun 5-ci maddəsinə uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Yəni fərdi şəxsi hesabda toplanmış məcburi dövlət sosial sığorta haqları və digər gəlirlər hesabına pensiya təyinatı aparılır. Başqa sözlə, 01.01.2006-cı il tarixdən sonra sosial sığorta hesabında pensiya kapitalı mövcuddursa, həmin yığılmış kapital əsasında pensiya məbləği müəyyən edilir. Həmin Qanunun 1.0.17-ci maddəsində sosial sığorta ehtiyatı anlayışı verilmişdir. Belə ki, sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə” Qaydalarının 3.1-ci maddəsinə əsasən sosial sığorta ehtiyatından aşağıdakı istiqamətlər üzrə istifadə edilir: 3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına; 3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə; 3.1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə. Sözügedən Qaydaların 3.3-cü maddəsində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, hər bir sığortaolunan şəxsə fərdi şəxsi hesab açılır və həmin bu hesaba sığortaedən və sığortaolunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün), könüllü sosial sığorta üzrə daxil olan sığorta haqqı daxil olunur. Həmin bu hesabda toplanan vəsaitlər dövlət sosial müdafiə fondunda cəmləşdirilir və sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Beləliklə məhkəmə qeyd edir ki, sosial sığorta sahəsində qüvvədə olan qanunvericiliklə sosial sığorta ödənişlərinin digər məqsədlər üçün istifadə olunması nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının hazırki tələbi əsaslı sayıla bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına qarşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar