Məhkəmə qərarları › İş №2-1(114)-996/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-996/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-996/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X44 etibarnamə üzrə nümayəndəsi X23 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X48 (üçüncü şəxslər X24 və X29) qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X44 xx.xx.2018-ci il tarixli, 4509 nömrəli məktubu ilə iddia predmeti olan torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan, ərizənin icrasının mümkün olmadığı bildirilmiş və bu əsasla iddiaçının müraciətindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X48 (üçüncü şəxs X24) qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60-da yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(83)-96/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X44 üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)-413/2019 nömrəli qərardadı ilə cavabdehinzibatiorqanınapellyyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(83)-96/2019 nömrəli qərarı ləğv olunmuş və iş təkrar baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X25 ilə X33 1986-cı ildə ailə qurmuşlar. X6 xx xxxxx 2007-ci ildə vəfat etmişdir. Mərhum atasından ünvan 2 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli, 4 saylı iclas protokoluna əsasən iddiaçının mərhum nənəsi X8 məxsus ünvan 2 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən iddiaçının mərhum X6na 0.05 hektar həyətyanı torpaq sahəsi ayrılması barədə qərar qəbul edilmişdir. Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1991-ci il tarixli, 9 saylı çıxarışına əsasən həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,05 hektar torpaq sahəsi kəsilərək iddiaçının mərhum X6na verilmiş və Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1991-ci il tarixli, 18 saylı qərarına əsasən sözügedən ərazinin ayrılması barədə qərar təsdiq edilmiş və həmin ərazidə onun ev tikdirməsinə icazə verilmişdir. Həmin torpaq sahəsində maddi imkansızlıq baxımından ev tikdirə bilməmiş və xx xxxxxx 2004-cü ildə valideynləri ayrılmışlar. İddiaçının yaşayış yeri olmadığından atasından miras qalmış həmin torpaq sahəsində ev tikdirmək üçün ailə üzvlərinin razılığı ilə öz adına sənədləşdirmək istəmişdir. Bu məqsədlə X6ndan miras qalmış sözügedən torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(061)-938/17 saylı qətnaməsi ilə atasından qalmış Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Bundan sonra həmin torpaq sahəsində işlər görmək istəyərkən, hazırki iş üzrə üçüncü şəxs X24 öz qanunsuz hərəkətləri ilə buna mane olaraq torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Dəfələrlə ondan qanunsuz hərəkətlərinə son qoymasını bildirsə də, iddiaçının haqlı tələbinə məhəl qoymamış və torpaq sahəsini qanunsuz olaraq istifadə etməkdə davam edir. Tofiq Muradov iddiaçıya torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir, halbuki, həmin torpaq sahəsi mülkiyyət hüquqları üzrə iddiaçıya məxsusdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi X33 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın etibarnamə üzrə nümayəndəsi X34 məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar olaraq əmlakın faktiki vəziyyətinin öyrənilməsi məqsədilə torpaq sahəsinə müayinə baxışı keçirilmək istənilən zaman məlum olmuşdur ki, torpaq sahəsi hasarlanmış və torpaq sahəsində digər şəxs tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin şəxs torpaq sahəsinə müayinə baxışı keçirilməsinə icazə verməmiş, torpaq sahəsini bələdiyyədən aldığını bildirərək, heç kimin ora girməsinə ixtiyarı olmadığını bildirmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi üzərində mübahisə olub, hal-hazırda da mübahisə davam etməkdədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçıya əmlakın faktiki texniki göstəricilərinin götürülməsi təmin olduqdan sonra, əmlaka məxsus hüquqmüəyyənedici sənədlərin əsilləri ilə müraciət edəcəyi təqdirdə müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacağı bildirilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, XDS İcraiyyə Komitəsi xx xxxxxxxx 1991-ci il tarixli, 18 nömrəli iclas protokoluna əsasən X8 məxsus həyətyanı torpaq sahəsindən X13 verilmiş 0.05 ha torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən RX 13330072 saylı çıxarışla hüquqları qeydə alınmış X14 mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin və ünvan 5 ünvanı ilə çıxarışda qeyd olunan ünvan 6 A ünvanının eyni olub-olmaması araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X14 mülkiyyətində olan, ünvan 6A ünvanında yerləşən 0.07 ha torpaq sahəsi Tərtər rayonu Tərtər şəhər Bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşa satılmışdır. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1991 -ci il tarixli, 18 nömrəli iclas protokoluna əsasən X8 məxsus həyətyanı torpaq sahəsindən X13 verilmiş 0.05 ha torpaq sahəsinin müvafiq qaydada təsdiq olunmuş yerquruluşu planı (cizgi planı) mövcud deyildir, həmin sənəd hüquqların dövlət qeydiyyatına alınması məqsədilə vətəndaş İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət olunan zaman da təqdim edilməmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, Tərtər şəhəri N.Nərimanov küçəsində əmlakların, yəni fərdi yaşayış evi və torpaq sahələrinin son sıra nömrəsi 54 olmaqla yekunlaşır. Üçüncü şəxs X24 məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının atası Rafiq Muradov onun qardaşı olmuşdur. Rafiq Muradov vəfat etmişdir. Rafiq iddiaçının anası X33 ilə boşanmışdır. Onların 2 övladı olmuşdur. İstər Arzu, istərsə də, övladları bir gün olsa belə torpaq sahəsi tələb etdikləri ünvanda yaşamamışlar. Onların və mərhum anası Qızqayıt Muradovanın mübahisə predmeti olan torpağa heç bir sənədləri olmamışdır. Belə ki, Tərtər rayon X22 xx xxxxxxx 2005-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə görə verilmiş JN 698A, KOD 61101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə iddiaçının, ailə üzvlərinin və mərhum Qızqayıt Muradovanın adları yoxdur. İddiaçının nənəsi Qızqayıt Muradovanın həmin torpağa dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədi olmamışdır. İddiaçının tələb etdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsidir. Bu hal Tərtər rayon X22 xx xxxxxxx 2005-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair JN 698A, KOD 61101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə öz əskini tapmışdır. Həmin torpaq sahəsini Tərtər şəhər sakini bələdiyyə ehtiyat fonduna aid olduğundan ərizə ilə Tərtər bələdiyyəsinə müraciət edərək almış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda da, həmin evdə yaşayır. İddiaçı yalnız öz şəxsi mülahizəsinə görə bu iddianı qaldırmış və əsaslı bir sənəd təqdim etməmişdir. İddiaçı qeyd etdiyi kimi deyil, həmin mübahisəli torpaq sahəsinin ona və ailə üzvlərinə heç bir aidiyyəti yoxdur. İddiaçıya və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: -Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli, 4 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 nömrəli evdə yaşayan əhaliyə məişət xidməti idarəsində fotoqraf işləyən X25 və həmin evdə yaşayan anası X7, yəni hər iki ana və oğulun ayrılmaları barədə verdikləri ərizələri nəzərə alınmış, xx xxxxx 1991-ci il tarixdən X5 şəhər XDS İcraiyyə Komitəsində ayrı təsərrüfat kimi qeydə alınmışdır. -Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1991-ci il tarixli, 9 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan SSR Torpaq Məcəlləsinin 133-cü maddəsinə müvafiq olaraq şəhərin N.Nərimanov küçəsi, 60 nömrəli evdə yaşayan və məişət xidməti istehsalat idarəsində fotoqraf işləyən X15 anası X7 həyətyanı torpaq sahəsindən 0.05 hektar kəsilib verilməsi qərara alınmışdır. -Tərtər rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1991-ci il tarixli, 18 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, şəhər sakini X13 0.05 hektar həyətyanı torpaq sahəsi verilməsi barədə şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1991-ci il tarixli, 9 nömrəli qərarının təsdiq edilməsi, R.S.Muradova 0.05 hektar həyətyanı torpaq sahəsində ümumi sahəsi 129 kv.m, o cümlədən yaşayış sahəsi 82 kv.m olan 4 otaqlı, kürsülü, birmərtəbəli fərdi yaşayış evinin və yardımçı binalar hamam, ambar, qaraj tikintisinin aparılmasına icazə verilməsi qərara alınmışdır. -“Torpağın mülkiyyətə verilməsinə dair” xx xxxxxx 2006-cı il tarixli, JN-698A, KOD 61101004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon X22 xx xxxxxxx 2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən Tərtər rayon sakini X10 və onun ailə üzvləri – X16, X17, X26, X19, X30, X20, Muradov Amin VAqif oğluna, X35, X31 və X27 0,06 ha torpaq sahəsi verilmişdir. - Bərdə regional “Asan xidmət” mərkəzində notariat kontorunun xx xxxxxx 2016-cı il tarixli, 828/2016 nömrəli məktubundan görünür ki, Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 saylı ünvanda qeydiyyatda olan X11 xx xxxxx 2017-ci il tarixdə ölməsi barədə Bərdə regional “Asan xidmət” mərkəzində notariat kontoruna məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş X43 və İddiaçı mərhum X11 qanun üzrə 1-ci növbə vərəsəsi kimi tanınmaq hüququna malikdir. -Tərtər Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(061)-938/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi İddiaçı mülki qanunvericiliyə uyğun olaraq mərhum X6ndan miras qalmış Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. -Tərtər bələdiyyəsinin xx xxxxxxx 2018-ci il tarixli, 182 nömrəli məktubundan görünür ki, Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin X3 barədə Tərtər bələdiyyəsinin heç bir qərarı olmayıb və mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. -Tərtər rayon Dövlət Notariat Kontorunun xx xxxxxx 2018-ci il tarixli, 346 nömrəli məktubundan və xx.xx.2018-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, ünvan 9 ünvanında yaşamış mərhum X11 ölümü ilə əlaqədar Tərtər rayon Dövlət Notariat Kontorunda deyil, Bərdə Regional “Asan xidmət” Mərkəzində xx.xx.2016-cı ildə vərəsəlik işi açılmışdır. -Bərdə regional “Asan xidmət” mərkəzində notariat kontorunun xx xxxxxx 2018-ci il tarixli, 1798/2018 nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanında yaşamış, xx xxxxx 2007-ci il tarixdə vəfat etmiş X11 barəsində Bərdə regional “Asan xidmət” mərkəzinin notariat kontorunda xx xxxxxx 2016-cı il tarixdə V-563 reyestrlə vərəsəlik işi açılmış, lakin onun əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X44 xx xxxxxxx 2019-cu il tarixli, **********63 nömrəli məktubundan görünür ki, ünvan 9 A saylı ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. -Tərtər Rayon İcra Hakimiyyətinin xx xxxxx 2020-ci il tarixli, 527 nömrəli və xx xxxxx 2020-ci il tarixli, 564 nömrəli məktublarından görünür ki, İddiaçı iddia etdiyi ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı ilə xx.xx.2018-ci il tarixdə X2. X37 həmin torpaq sahəsində yaşayış evi tikdirərək orada yaşayır. -“Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli, RX seriyalı çıxarışdan görünür ki, Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, 52 A ünvanında 0,07 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X14 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X44 xx xxxxxxxx 2020-ci il tarixli, **********80 nömrəli məktubundan görünür ki, Tərtər şəhəri, N.Nərimanov küçəsində əmlakların (fərdi yaşayış evi və torpaq sahələrinin) son sıra nömrəsi 54 olmaqla yekunlaşır. - xx.xx.2019-cu il tarixli yerində müayinə protokolundan məlum olur ki, iddiaçı iddia etdiyi torpaq sahəsini göstərir, üçüncü şəxs X24 mülkiyyətində olan 0,06 ha torpaq sahəsini göstərməklə, iddiaçının iddia etdiyi torpaq sahəsinin ona hər hansı bir aidiyyəti olmadığını bildirir. İddiaçının nümayəndəsi iddiaçının hüquqlarının qeydiyyatı ilə bağlı tələb etdiyi torpaq sahəsinin X12 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə aidiyyəti olmadığını, iddia etdiyi torpaq sahəsinin qonşu torpaq sahəsi olduğunu bildirir. İddiaçının iddia etdiyi torpaq sahəsi üçüncü şəxs T.Muradovun qonşuluğunda yerləşməklə hasara alınmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. HəminQanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Hazırkı iş üzrə Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1991-ci il tarixli, 9 nömrəli iclas protokolundan çıxarışa əsasən Azərbaycan SSR Torpaq Məcəlləsinin 133cü maddəsinə müvafiq olaraq X15 anası X7 həyətyanı torpaq sahəsindən 0.05 hektar kəsilib verilməsi qərara alınsa da, həmin torpaq sahəsinə Q.Muradovanın hüquqmüəyyənedici sənədləri, bununla yanaşı torpaq sahəsinin koordinatları və yerləşmə yerini müəyyən edən ilkin torpaqayırma sənədləri, plan-cizgisi tərtib edilməmişdir. Həmçinin, iş materiallarında olan Tərtər Rayon İcra Hakimiyyətinin xx xxxxx 2020-ci il tarixli, 564 nömrəli məktubundan və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli, RX seriyalı çıxarışdan görünür ki, İddiaçı faktiki iddia etdiyi ərazi xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Tərtər bələdiyyəsi tərəfindən X4 və xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X44 xx xxx 2020-ci il tarixli, **********73 nömrəli məktubundan görünür ki, X7 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi İddiaçı Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1991-ci il tarixli, 9 nömrəli iclas protokoluna istinad etməklə həmin sənəd üzrə atası R.Muradova verilmiş torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etsə də, həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən edən sənədlər inzibati orqana təqdim edilməmiş, faktiki iddia etdiyi torpaq sahəsi isə bələdiyyə müylkiyyəti olmaqla üçüncü şəxs K.Yaqubovaya satılmış, sonuncunun torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyatına alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanunidir və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X48 (üçüncü şəxslər X24 və X29) qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X48 (üçüncü şəxslər X24 və X29) qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar