Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-996/2021 06.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı cavabdehin 15.03.2021-ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 19.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.03.2021-ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 1905595.58 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 956768.66 manat maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 15.03.2021 ci il tarixli, **********145294 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarına əsasən iddiaçıya 1905595.58 manat əlavə vergi hesablanmış və 956768.66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı 12 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən poçt vasitəsi ilə göndərilən 29.01.2021-ci il tarixli, **********143607 saylı səyyar vergi yoxlaması aktını 20.02.2021-ci il tarixdə alınmış və tanış olduqda yoxlayıcının və cəlb edilmiş ekspertin Azərbaycan Respublikasının Qanunlarına deyil, öz illüziyalarına söykənərək qərəzli, heç bir əsası olmayan rəy verildiyinin və bunu əsas götürərək akt tərtib edildiyinin şahidi olmuşdur. Səyyyar vergi yoxlaması aktının 1.8-ci maddəsində iddiaçının Əmtəə Betonunun istehsalı (hazır beton qarışığı) ilə məşğul olduğu qeyd edilmişdir. İddiaçı ümumiyyətlə beton istehsalı ilə məşğul olmamış və heç bir şəxsə də, beton satmamışdır. İddiaçı yoxlamanın əhatə etdiyi dövrdə yalnız çınqıl-qum satışı ilə məşğul olmuş, bütün dövr ərzində 187400.55 manat dəyərində mal satmışdır. Satdığı malların vergisini hesablayıb dövlət büdcəsinə ödəmişdir. Əgər iddiaçı vergi idarəsinin qeyd etdiyi kimi beton istehsal etmişdirsə demək onda kimdənsə sement almalı, betonuda kiməsə satmalı idi, lakin iddiaçı heç bir şəxsə beton satmamışdır. Çünki beton istehsalı ilə məşğul olmamışdır. İddiaçı beton istehsalı ilə məşğul olmamış və büdcəyə hesablanmalı olan bütün sadələşdirilmiş vergini hesablayıb büdcəyə ödəmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanı iddiaçının beton istehsal etmək üçün sementi və başqa materialları haradan aldığını müəyyənləşdirməli, kiminsə iddiaçıdan beton aldığını sübut etməlidir, əks halda vergi orqanının əməkdaşı hansı bir fövqəl gücün hesabına belə qənaətə gəlmiş və iddiaçıya milyonlarla manatlıq beton satışı hesablamışdır. İddiaçının adına yazılan obyekt “ünvan 1 ünvanında yerləşən beton sexi olduğu üçün müqaviləyə beton zavod adı qeyd edilmişdir. İddiaçı müəyyən dövrlərdə qum, çınqıl qırıntısının istehsalı və satışı ilə məşğul olmuşdur. Vergi orqanının əməkdaşı və rəy yazan ekspert araşdıraraq Beton-zavodun "xxxx” ASC-yə məxsus olduğunu müəyyən etməli idilər. İddiaçı yoxlama dövrünün müəyyən aralıqlarında işləmiş və işlədiyi dövrdə qum-çınqıl istehsal etmiş və rəsmi olaraq digər vergi ödəyicilərinə satmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının iddiaçının sahibkarlıq fəaliyyətinin yoxlanması üçün təyin etdiyi yoxlama qərarı qanunsuz və əsassızdır. Ona görə ki, iddiaçının sahibkarlıq fəaliyyəti üçün açılmış qərarda hansı ünvanda yoxlama apaılacağı göstərilməyib. İddiaçının sahibkarlıq fəaliyyətinin yoxlanılması üçün Ədliyyə Nazirliyindən alınmış 05.08.2020-ci il tarixli çıxarışda iddiaçının fəaliyyət növü, obyektin kodu və ünvanı göstərilməyib, ancaq guya iddiaçının bütün təsərrüfat obyektlərini yoxlayırlar. İddiaçı “xxxx" ASC-nin rəhbəri X2 hə müqavilə bağlayaraq, ünvan 2 ünvanında çınqıl, qum və s. tikinti materialı istehsal etmişdir. X2 beton sexini başqa vergi ödəyicilərinə icarəyə verib, onlarda beton istehsal ediblər. Vergi əməkdaşlarının iddiaçıya səyyar vergi yoxlaması açıb nəticə aktını tərtib edənə kimi bütün hərəkətləri qanunsuzdur, qərəzlidir. Vergi əməkdaşları aktda yoxladıqları ünvanı Poçt qəsəbəsi göstəriblər, ancaq iddiaçı “xxxx” ASC-nin Gəncə şəhəri, Abbas Səhhət, 1Q ünvanında fəaliyyət göstərərək, qum, çınqıl istehsal etmişdir. Vergi əməkdaşları aktda göstərmişlər ki, güya iddiaçı 36 ay işləmişdir. Ancaq iddiaçının 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixə kimi faktiki sahibkarlıq fəaliyyəti 13 ay olmuşdur. Vergi əməkdaşları olmayan ünvanda - Poçt qutusu qəsəbəsində yoxlama aparır, iddiaçının haqqında akt tərtib edir. Göstərilənlərə əsasən cavabdehin qərarını qanunsuz və əsassız hesab edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, cavabdehin 15.03.2021ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim etdikləri iddia tələbinə dair yazılı etirazda qeyd edilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - 15.03.2020-ci il tarixli, 23-1 nömrəli xidmət müqaviləsinin surəti; - 01.01.2018-ci il tarixli xidmət müqaviləsinin surəti; - 02.12.2018-ci il tarixli xidmət müqaviləsinin surəti; - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 04.09.2020-ci il tarixli qərarın əsli; - Səyyar vergi yoxlamasının dayandırılması haqqında 11.09.2020-ci il tarixli qərarın əsli; - Vegri yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 06.08.2020-ci il tarixli qərarın əsli; - Mütəxəssisin dəvət edilməsi haqqında 11.09.2020-ci il tarixli qərarın surəti; - Ekspertizanın təyin edilməsi haqqında 11.09.2020-ci il tarixli qərarın surəti; - 29.01.2021-ci il tarixli səyyar vergi yoxlaması altı; - cavabdehin 15.03.2021-ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surəti; - «xxxx» MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin 27.01.2021-ci il tarixli, MB 13-1323 nömrəli ekspert rəyinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 15.03.2021-ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və nəticədə İddiaçı 1905595.58 manat əlavə vergi hesablanmış, 956768.66 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Cavabdeh tərəfindən 11.09.2020-ci il tarixdə **********139838 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərar qəbul edilmiş və ekspertin üzərinə “Gəncə şəhəri, Poçt qutusu ünvanında fəaliyyət göstərən beton istehsalı sahəsində 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan yoxlama dövründə istehsal olunmuş betonun markalar üzrə aylıq olaraq topdan və pərakəndə qaydada eyni zamanda qum, çınqılın topdan və pərakəndə qaydada aylıq olaraq real bazar qiymətinin markalar üzrə istehsal olunmuş betonun maya dəyərinin müəyyən edilməsi” öhdəliyi qoyulmuşdur. Həmçinin cavabdeh tərəfindən 11.09.2020-ci il tarixdə **********139836 nömrəli mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edilmiş və mütəxəssisin qarşısına “Gəncə şəhəri, Poçt qutusu ünvanında fəaliyyət göstərən beton istehsalı sahəsində 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan yoxlama dövründə aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə və sərf olunan yanacağa uyğun olaraq istehsal olunmuş qum, çınqıl və betonun istehsal həcmi nə qədərdir?” sualı qoyulmuşdur. Nəticədə ekspert tərəfindən 136474.00 ümumi istehsal həcmi, keb.m., ********.00 ümumi dövryyə (ƏDV-li) müəyyən edilmişdir. Yuxarıda göstərilən ekspertin rəyinə əsasən cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi 15.03.2021-ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, Gəncə şəhəri, Poçt qutusu ünvanında fəaliyyət göstərən beton istehsalı sahəsində müvafiq dövr ərzində qum, çınqıl və betonun istehsal həcmləri bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, hazırki vəziyyətdə məhsulun xassəsi baxımından tozlanaraq itkiyə getməsi və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər, lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan əlavə məhkəmə 22.06.2021-ci il tarixdə Gəncə şəhəri, Poçt qutusu ünvanında fəaliyyət göstərən beton istehsalı sahəsində yerli baxış keçirmiş, baxış zamanı 1 ədəd 1 saat ərzində 20-25 kub enerji sərfiyatı istifadə edən beton sexi, 2 ədəd daxildə 40kv-lıq, bir ədəd xaricində 50 kv-lıq kompressor mövcud olan komressor sexi, Əhəng yandırıcı qurutma sexi 2 ədəd çəndən ibarət, 1 ədəd 250kv-lıq işıq sərfiyyatı ilə fəaliyyət göstərən daş kəsən sexi, 1 ədəd quruducu sex və daş tozu istehsal edən sex, Tornaçı sexi, Gelatin dəmir kəsmə sexi, Kafel-metlaq sexi, Ofis binası, Təkər təmiri sexi, Tikinti materialları satışı dükanı, Yeməkxana fəaliyyət göstərir. Həmçinin müəyyən olundu ki, bütün sadalanan tikililər 1 trasvamatordan qidalanır və bir işıq sayğacı ilə təhciz olunmuşdur. Beləliklə də, yuxarıda sadalanan bütün qurğu və obyektlərin trasvamatordan qidalandığı üçün məhkəmə belə nəticəyə gəlir ki, həmin trasvamator əsasında Gəncə şəhəri, Poçt qutusu ünvanında fəaliyyət göstərən beton istehsalı sahəsində qeyd edilən aralıqlarda istehsal olanan qum, çınqıl və betonun həcminin düzgün müəyyənləşdirilməsi mümkün deyildir. Həmçinin 15.03.2020-ci il tarixli, 23-1 nömrəli xidmət müqaviləsindən məlum olur ki, «xxxx» QSC və «xxxx» ASC arasında beton istehsalı ilə əlaqədar müqavilə imzalanmışdır. 01.01.2018-ci il tarixli xidmət müqaviləsindən məlum olur ki, «xxxx» MMC və «xxxx» ASC arasında beton istehsalı ilə əlaqədar müqavilə imzalanmışdır. Bununla yanaşı 02.12.2018-ci il tarixli xidmət müqaviləsindən isə məlum olur ki, İddiaçı və «xxxx» ASC arasında çınqıl, qırmadaş, qum tikinti məhsulları ishtehsalı ilə əlaqədar müqavilə imzalanmışdır. Göründüyü kimi «xxxx» ASC-nin digər hüquqi şəxslərlə beton istehsalı ilə əlaqədar müqavilə imzalaması İddiaçı da, beton istehsalı ilə məşqul olduğuna əsas vermir. Həmçinin məhkəmə iclasında “xxxx” şirkətinin iş icracısı X5 şahid qismində dindirilmişdir. X5 “xxxx” şirkətində iş icracısı işlədiyini, “xxxx” şirkəti ilə “xxxx” ASC arasındakı razılaşmaya əsasən orada beton istehsal etdiklərini, Beton istehsalı üçün lazım olan xammalı şirkətdən sifariş etdiklərini, öz işçilərinin lazım olan betonu istehsal etdiklərini, “xxxx” şirkəti sadəcə avadanlıqlardan istifadə üçün “xxxx” ASC ilə razılaşma əldə edildiyini, işıq pulunun necə ödənilməsi barədə məlumatının olmadığını, İddiaçı tanımadğını, ondanda heç vaxt beton almadığınıbildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 15.03.2021-ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunarkən əsassız vergi məbləğləri (ƏDV və.s) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 15.03.2021-ci il tarixli, **********145294 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-996/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-996/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver