Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-996/2022 17.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 15.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 04.05.1975-ci il tarixdən 18.05.1977-ci il tarixədək keçmiş Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmə illərinin və 1967-ci ildən 1996-cı il də daxil olmaqla Goranboy rayonu “Bəsti Bağırova” kolxozunda kolxozçu işlədiyi müddətin sosial sığorta stajına əlavə edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 04.05.1975-ci il tarixdən 18.05.1977-ci il tarixədək keçmiş Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmiş, 1967-1975 və 1977-1996-cı illərdə Goranboy rayonu “Bəsti Bağırova” kolxozunda kolxozçu işləmişdir. İddiaçı 01.10.2021-ci il tarixdə 65 yaşı tamam olduğuna görə yaşa görə əmək pensiyasını almaq məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş və ona yaşa görə sosial müavinət təyin etmişdir. İddiaçı hesab edir ki, ona yaşa görə sosial müavinət deyil, yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 10- 11 yaşlarından kolxozda işləmiş və əmək haqqı almışdır, həmçinin 1978-ci ilin əvvəlində Xanlar kolxozunda, sonrakı aylarda isə B.Bağırova kolxozunda işləmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən ümumi iş stajı cavabdeh inzibati orqana təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinin 2990 nömrəli arayışına əsasən 04.05.1975-ci il tarixdən 18.05.1977-ci il tarixə qədər hərbi xidmət olduğu müddət olan 2 il 14 gündür. İddiaçının mübahisələndirilən ümumi iş stajı 1967-1999-cu illərdə onun Goranboy rayon B.Bağırova adına kolxozda işlədiyini iddia etdiyi illərdir. İddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi Goranboy rayon Dövlət Arxivinin 18 oktyabr 2021-ci il tarixli, 183 nömrəli arxiv arayışına əsasən, o, 1973, 1979-1995-cı illərdə minimum adam günləri tamamlayaraq əmək haqqı almış, bu isə ümumilikdə 18 il ümumi iş stajı edir. Arxiv arayışında iddiaçının 1967-1970-ci illərdə azyaşlı olduğu üçün həmin illərin sosial sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından qeyri mümkündür. İddiaçı 1971-ci ildə minimum 200 gün normaya qarşılıq 94 gün, 1972-ci ildə minimum 200 günə qarşılıq 129 gün, 1974-cü ildə minimum 200 günə qarşılıq 197 gün, 1975-1978-ci illərdə minimum 180 günə qarşılıq müvafiq olaraq 96, 120, 83 gün, 1996-cı ildə minimum 200 günə qarşılıq 197 gün adam günü norması tamamladığı əks olunmuşdur. Həmin illərdə iddiaçının tamamladığı adam günləri müvafiq olaraq, 4 il 8 ay 16 gün ümumi iş stajına bərabərdir. Beləliklə, iddiaçının Goranboy rayon “B.Bağırova adına kolxozu”nda işlədiyini iddia etdiyi, mübahisələndirilən illər 22 il 8 ay 16 gün təşkil edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Goranboy Rayon Dövlət Arxivinin 18.10.2021-ci il tarixli 183 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1967-1975 və 1977-1996-cı illərdə Goranboy rayonu “Bəsti Bağırova” kolxozunda kolxozçu işləmiş və əmək haqqı almışdır. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin 19.10.2021-ci il tarixli 2990 nömrəli arayışdan görünür ki, iddiaçı 04.05.1975-ci il tarixdən 18.05.1977-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 23.11.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -Goranboy Rayon Dövlət Arxivinin 20.04.2022-ci il tarixli 49 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1978-ci il tarixdə “Xanlar” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ümumilikdə 25 ildən artıq sığorta stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Dövlət Arxivinin 18.10.2021-ci il tarixli 183 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, 1967-1975 və 1977-1996-cı illərdə Goranboy rayonu “Bəsti Bağırova” kolxozunda kolxozçu işləmiş və əmək haqqı almışdır. Arxiv arayışından görünür ki, iddiaçı 1973, 1979-1995-ci illərdə müəyyən olunmuş minimum adam günlərini tamamlayaraq əmək haqqı almışdır, bu isə ümumilikdə 18 il ümumi iş stajı edir. Bundan əlavə, həmin arxiv arayışında iddiaçının 1967-1972, 1974 və 1996-cı illər üzrə müəyyən olunmuş 200 günlük minimum adam günü normasına qarşılıq faktiki əmək günü 1969-cu ildə 130 gün, 1970-ci ildə 83 gün, 1971-ci ildə 94 gün, 1972-ci ildə 129 gün, 1974-cü ildə 197 gün və 1996-cı ildə 197 gün, 1977-1978-ci illər üzrə müəyyən olunmuş 180 günlük minimum adam günü normasına qarşılıq faktiki əmək günü isə 1977-ci ildə 96 gün və 1978-ci ildə 83 gün olmuşdur. Qeyd edilməlidir ki, iddiaçının qeyd olunan illər üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1967-1972, 1974 və 1996-cı illər üzrə:- 130+83+94+129+197+197=830; 830x12=9960; 9960/200≈49 ay (4 il 1 ay) 1977-1978-ci illər üzrə:- 120+83=203; 203x12=2436; 2436/180≈13 ay (1 il 1 ay) Beləliklə, iddiaçının qeyd olunan illər üzrə Goranboy rayonu “Bəsti Bağırova” kolxozunda faktiki müddət üzrə iş stajı ümumilikdə 23 il 2 ay (18 il+4 il 1 ay+1 il 1 ay) hesablanmalıdır. Bundan əlavə Goranboy Rayon Dövlət Arxivinin 20.04.2022-ci il tarixli 49 nömrəli arxiv arayışına əsasən iddiaçının 1978-ci ildə Xanlar kolxozunda müəyyən olunmuş 200 günlük minimum adam günü normasına qarşılıq 184 gün faktiki əmək gününün olması təsdiq olunur. Yuxarıda qeyd olunan qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı 11 ay (184x12=2208; 2208/200≈11 ay) müəyyən edilir. Əlavə olaraq məhkəmə, cavabdeh tərəfindən iddiaçının 1967-1970-ci illərdə azyaşlı olması səbəbindən həmin illərin sosial sığorta stajı kimi hesablanmaması ilə bağlı etirazına münasibətdə qeyd edir ki, müvafiq arxiv arayışında iddiaçının həmin illər üzrə işləməsi və əmək haqqı alması öz təsdiqini tapır, bu halda, həmin illərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmaması onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Bu səbəbdən də məhkəmə cavabdehin qeyd olunan arqumentini əsassız hesab edir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı 04.05.1975-ci il tarixdən 18.05.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur, həmin dövrlər üzrə onun 2 il 14 gün sığorta stajı var və qeyd olunan müddət iddiaçının mübahisələndirilməyən ümumi iş stajı kimi cavabdeh orqan tərəfindən qəbul edilir. Beləliklə, iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən 24 il 1 ay (23 il 2 ay Goranboy rayonu “Bəsti Bağırova” kolxozunda və 11 ay Xanlar kolxozunda) kolxozdakı iş stajı və 2 il 14 gün hərbi xidmət müddəti olmaqla ümumilikdə 26 il 1 ay 14 gün sığorta stajı müəyyən olunmuşdur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla qanunvericiliyin tələbinə əsasən 65 yaşa 01.10.2021-ci il tarixdə çatdığı üçün yaş tələbini də ödəmişdir. Bununla yanaşı qeyd edilir ki, müvafiq arxiv arayışında iddiaçının 1967-ci və 1968-ci illərdə kolxozda işləməsi qeyd edilsə də həmin illər üzrə faktiki adam günü həcmi qeyd edilmədiyindən həmin illərin sosial sığırta stajı kimi nəzərə alınması mümkün olmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan pensiya yaşına çatmaqla yanaşı, həm də tələb olunan sığorta stajına malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi və hərbi xidmətdə olduğu müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 04.05.1975-ci il tarixdən 18.05.1977-ci il tarixədək hərbi xidmət müddətinin və 1969-1975 və 1977-1996-cı illərdə kolxozda işlədiyi müddətlərin sosial sığorta stajına əlavə edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-996/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-996/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver