Məhkəmə qərarları › İş №2-1(114)-999/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-999/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-999/2022 25.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, gözlərinin görmə qabiliyyəti zəiflədiyi üçün 2019-cu ildə Zərifə Əliyeva adına Göz Xəstəxanasında müayinə olunmuşdur və həmin sənədi digər epikrizləri ilə bir yerdə Tibbi Sosial Ekspert Kommisiyasına təqdim etmişdir və xx.xx.2019-cu il tarixdə 2-ci dərəcə əlilliyi müəyyən edilib və bununla əlaqədar sosial müavinət təyin edilmişdir. DSMF-nin 18 saylı Regional Ərazi Filialı tərəfindən 03 dekabr 2020-ci il tarixdə “tələbin icraya yönəldilməsi haqqında” qəbul edilmiş qərarla xx.xx.1973-cü il tarixdə anadan olmuş, Göygöl rayonu Nadel kəndində yaşayan İddiaçı tərəfindən 1287.42 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən vəsaitin bərpası icraya yönəldilmişdir. Qərarda göstərilməyinə baxmayaraq qərarın surəti ona göndərilməmiş və həmin qərarın surətini icraçıdan almışdır. Göründüyü kimi qərar 03 dekabr 2020-ci il tarixdə qəbul olunmasına baxmayaraq indiyə kimi ona göndərilməyib və hesab edir ki, aldığı müavinətin geri qaytarılmasına dair qəbul edilmiş qərar tam əsassız və qanunsuzdur. TSEK Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyindədir və həmin müavinət ona TSEK-in rəyi əsasında verilmişdir. Qərarda göstərilib ki, Nazirliyin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müaynəyə dair məlumatına vətəndaşın əlilliyi etibarsız hesab edilmişdir. Lakin, həmin müayinənin TSEK tərəfindən sonuncu müayinə dair məlumatı neçənci ildə və hansı ayda verilməsi göstərilməmişdir. 1287.42 manat müavinət ona təyin olunmuş əlilliyi əsasında verilib və əlilliyi düzgün təyin edilməyibsə Nazirliyin öz həkimləri tərəfindən bilərəkdən və ya bilməyərəkdən təyin olunub. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 avqust 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən vətəndaşın əlilliyi etibarsız hesab edilmiş və nəticədə 1287.42 manat məbləğində artıq ödənilmiş vəsait aşkarlanmışdır. İddiaçıya xx.xx.2019-cu il tarixdən təyin olunmuş İİ dərəcə əlilliyin etibarsız edildiyi aşkarlanmışdır. Nəticədə iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1287,42 manat məbləğində artıq hesablanıb ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən, DSMF-nin X1 **********5 nömrəli qərarı ilə xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1287,42 manat artıq ödənilmiş vəsaitin bərpa olunacağı qərara alınmışdır. Bu barədə iddiaçıya **********4 nömrəli məktubla məlumat verilmiş və qərarın surəti ona göndərilmişdir. Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surəti ; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarının təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli etiraz məktubu. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən vətəndaşın əlilliyinin etibarsız hesab edilməsi əsas gətirilərək ona ödənilmiş artıq 1287,42 manat vəsaitin qaytarılması barədə xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələbinə görə, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş sosial müavinətin tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2020-ci il tarixli, **********5 qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar