Məhkəmə qərarları › İş №2-1(114)-999/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-999/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-999/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı 14 saylı Ərazi Vergilər İdarəsinin qərarlarının xx.xx.2024-cü il tarixindən icraya yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********201200 saylı qərarının qanunsuz hesab edilərək həmin qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********540100 nömrəli qərarı ilə İddiaçı 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

2. 14 saylı Ərazi Vergilər İdarəsinin Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli **********893200 nömrəli qərarı ilə İddiaçı 280 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

3. 14 saylı Ərazi Vergilər İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********425700 nömrəli qərarı ilə İddiaçı 2022-ci ilin oktyabr ayı üzrə 1300 manat məbləğində aksiz vergisi hesablanmışdır.

4. 14 saylı Ərazi Vergilər İdarəsinin Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli **********0551400 nömrəli qərarı ilə İddiaçı 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

5. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********201250 nömrəli qərarı ilə İddiaçı tərəfindən 1235.0 manat əsas, 7121.91 manat faiz, 500.0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 8856.91 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 14 saylı Ərazi Vergilər İdarəsinin qərarlarının xx.xx.2024-cü il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin qərarlarının xx.xx.2024-cü il tarixindən icraya yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********201200 saylı qərarının qanunsuz hesab edilərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

8. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər.

9. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Cavabdehin iddiaya yazılı etirazı daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 22 noyabr 2022-ci il tarixdə təqdim etdiyi 2022-ci ilin oktyabr ayı üzrə “Aksiz vergisi” bəyannamənin 402-ci “İçkilərin bütün növləri üzrə” sətrinin “Aksiz məbləği, manatla” sütununda göstərilən 0,00 manat məbləğ, yaradılmış nəzarət postu məlumatlarına əsasən bəyannamənin aid olduğu ay üzrə istehsal binasının hüdudlarından kənara çıxarılan içkilər üzrə cəmi hesablanmış 1300,00 manat aksiz məbləğindən az olduğu üçün 1300,00 manat kənarlaşma yarandığı və 22 noyabr 2022-ci il tarixdə təqdim etdiyi 2022-ci ilin oktyabr ayı üzrə Əlavə dəyər vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən icarə müqaviləsinin bağlanmasına baxmayaraq, 2022-ci ilin 3-cü rübün hesabat dövrünə “Ödəmə mənbəyindən tutulan vergi” bəyannaməsini təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 28 noyabır 2022-ci il tarixli **********7900700 nömrəli uyğunsuzluq məktubunun göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2022-ci ilin aksiz vergisi üzrə 1300,00 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 19 dekabr 2022-ci il taixli **********425700 nömrəli qərar İddiaçı göndərilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 28 noyabır 2022-ci il tarixli **********7900700 nömrəli uyğunsuzluq məktubu və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 19 dekabr 2022-ci il taixli **********425700 nömrəli qərar İddiaçı elektron qutusuna göndərilmiş, elektron qutuda isə uyğunsuzluq məktubunun 10 dekabr 2022-ci il tarixdə saat 11:07-də və məsuliyyət qərar isə 19 dekabr 2022-ci il tarixdə saat 12:25-də oxunmuşdur (Oxunmalar əlavə edilir). "Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” 24 aprel 2024-cü il tarixli **********073400 nömrəli xəbərdarlıq məktubu İddiaçı elektron qutusuna göndərilmiş, elektron qutuda isə 25 sentyabr 2024-cü il tarixdə saat 15:40-da oxunmuşdur (Oxunma əlavə edilir). Vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə İddiaçı borcunu ödəmədiyi üçün, vergilər üzrə yaranmış 1235,00 manat əsas, 7121,91 manat faiz və 500,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 8856,91 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 14 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 04 iyun 2024-cü il tarixli **********201200 nömrəli qərar Tovuz rayon İcra və Probasiya şöbəsinə və İddiaçı elektron qutusuna göndərilmiş, elektron qutuda isə 25 sentyabr 2024-ci il tarixdə saat 15:39-da oxunmuşdur (Oxunma əlavə edilir). İddiaçı “Hesabatın müəyyən edilmiş meddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********893200 nömrəli və xx.xx.2023-cü il tarixli **********051400 nömrəli qərarlara əsasən 400 manat məbləğində və “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********540100 nömrəli qərara əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı ilə İddiaçı arasında 23 may 2018-ci il tarixdə bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 4.1.7-ci bəndinə vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla 3 gündə bir dəfədən gec olmayaraq tanış olmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 19 dekabr 2022-ci il taixli **********425700 nömrəli qərardan şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin məcəllənin 16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəlləsinin Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək , bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin məcəllənin 23.1.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - 70.2-1.1 vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; - 70.2-1.2 poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; - 70.2-1.3 elektron üsulla elektron kabinetinə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

15. İddiaçı öz tələbində 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********201200 saylı qərarını mübahisələndirərək, onun ləğv edilməsini xahiş edir. Hansı ki, sözügedən qərar mübahisələndirmə haqqında iddianın predmeti ola biləcək inzibati akt deyil.

16. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı vergi öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirmədiyi üçün 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********540100 nömrəli qərarı ilə 100 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********893200 nömrəli qərarı ilə 280 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********0551400 nömrəli qərarı ilə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, habelə Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********425700 nömrəli qərarı ilə 2022-ci ilin oktyabr ayı üzrə 1300 manat məbləğində aksiz vergisi hesablanmışdır. İddiaçıya həmin məbləğlərin ödənilməsi üçün müəyyən olunmuş müddət bitdiyi və ödəniş həyata keçirilmədiyi üçün 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********201250 nömrəli qərar qəbul edilərək, İddiaçı tərəfindən 1235.0 manat əsas, 7121.91 manat faiz, 500.0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 8856.91 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 14 saylı Ərazi Vergilər İdarəsinin qərarlarının xx.xx.2024-cü il tarixdən icraya yönəldilməsi qərara alınmışdır.

17. Göründüyü kimi, iddiaçı üçün hüquq və vəzifə yaradan qərarlar “Vergi aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********540100 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********893200 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********051400 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********425700 nömrəli qərarlarıdır və onlar mübahisələndirilməlidir.

18. Bu barədə iddiaçıya xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə qanunauyğunluq haqqında sərəncamlar ünvanlaraq, yuxarıda qeyd edilən məsələlər onun nəzərinə çatdırılmış və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir.

19. İddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında sərəncamda qeyd edilən, yəni ona əsas borc hesablanmasına əsas olmuş qərarları mübahisələndirmək istəmədiyi, hüquqi marağının faiz borcunun silinməsi ilə bağlı olduğunu bildirdiyinə görə, iclas zamanı ona tələbinin hüquqi marağına uyğunlaşdırılmalı olması və həmin tələblə cavabdeh vergi orqanına müraciət etməli olması bildirilmiş və bununla bağlı iddiaçıya şərait yaradılması üçün iclas xx.xx.2025-ci il tarixə təxirə salınmışdır.

20. Lakin iddiaçı məhkəmə iclasınadək məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmiş, eyni zamanda xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir.

21. Hazırkı halda isə iddiaçının irəli sürdüyü tələbə baxılması mümkün deyildir.

22. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Maddə 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Maddə 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

23. İnzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).

24. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir, o, yalnız qəbul edilmiş inzibati aktın məhkəmə qərarı olmadan icraya yönəldilməsi (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilməsi) məqsədilə inzibati orqan tərəfindən qəbul edilir.

25. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

26. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar