Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-10/2021 02.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X3, X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X14, X4, X9, X15, X10) “cavabdeh orqan tərəfindən adına verilmiş 3/338 saylı, 04 mart 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün, üçüncü şəxslərin adlarına verilmiş JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə və həmin şəhadətnamənin cavabdeh idarənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən adına verilmiş 3/338 saylı, 04 mart 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün, üçüncü şəxslərin adlarına verilmiş JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə və həmin şəhadətnamənin cavabdeh idarənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ağdaş şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 11 nömrəli, 15 sentyabr 1983-cü il tarixli qərarı ilə iddiaçıya ünvan 1 ünvanda yaşamış mərhum atası X11 istifadəsində olan torpaq sahəsindən bir otaqlı, bir mərtəbəli yaşayış evi tikdirmək üçün eni 15 metr, uzunluğu 20 metr olmaqla 300 kv.metr torpaq sahəsi verilmişdir. Ağdaş RİHB-nın 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü işlənərkən texniki səhvə yol verilərək Ağdaş şəhər XDS İK tərəfindən ona verilmiş 300 kv. metr həyətyanı torpaq sahəsi 125.1 kv.m kimi qeyd edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 05.08.2019-cu il tarixli, **********72 nömrəli məktubunda qeyd etmişdir ki, müraciətdə qeyd olunan plan-ölçü sənədi və JN-1615A nömrəli şəhadətnamənin ləğv edilməsi 17 saylı Ərazi İdarəsinin səlahiyyətində deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 27.03.2019-cu il tarixli, **********27 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinə baxılmış və bununla əlaqədar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanarkən məlum olmuşdur ki, onun atasına məxsus olan Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15.09.1983-cü il tarixli, 11 saylı qərarı ilə verimiş torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X11, X8, X1, X5, X7 və X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. X11 adına ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə aprel 1987-ci il tarixli, fərdi yaşayış fonduna daxil olan 422 inventar nömrəli texniki pasport tərtib edilmiş, lakin o sonradan müraciət etmədiyi üçün fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-1615A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ağdaş şəhərində X11 və ailə üzvünün ümumbirgə (6 nəfər) mülkiyyətində 0.06 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmiş və ona müvafiq imtina məktubu verimişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 21.05.2019-cu il tarixli, **********11 nömrəli məktubda qeyd edilir ki, ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsində idarənin mütəxəssisi tərəfindən zəruri olan inventarlaşdırma işləri aparılmış, tələb olunan iddiaçıya verilmiş 300 kv.m torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, elektron xəritə bazasında, həmçinin arxivdə olan X11 adına tərtib olunmuş 422 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin planında müqayisə etdikdə, məlum olmuşdur ki, həmin torpaq sahəsi faktiki sahəsi 1152.0 kv.m olan torpaq sahəsinin tərkib hissəsidir. Yuxarıda qeyd olunan məktuba əlavə edilən JN-1615A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,Ağdaş rayon, AİK-nın 05.01.2006-cı il tarixli, 01 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X16 və onun ailə üzvlərinin (iş üzrə üçüncü şəxslər) mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilən Ağdaş şəhəri, S.Vurğun küçəsində yerləşən əmlakın yerləşdiyi məhəllənin ortofoto görüntüsündən müəyyən edilir ki, iddiaçının tələbində qeyd etdiyi 0.03 ha torpaq sahəsi X11 adına tərtib olunmuş 422 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda göstərilən faktiki sahəsi 1152.0 kv.m olan torpaq sahəsinin tərkib hissəsidir. Məktuba əlavə edilən inventar nömrəsi 422 olan Ağdaş şəhəri, S.Vurğun küçəsi 20 ünvanında yerləşən yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 1152.0 kv.m-dir. Məktuba əlavə edilən Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15.09.1983-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən şəhərin S.Vurğun küçəsi 20 ünvanında yaşayan X6 həmin ünvanda yaşayan atası X11 istifadəsində olan torpaq sahəsindən bir otaqlı, bir mərtəbəli 24 kv.m yaşayış sahəli, 21 kv.m qeyri-yaşayış sahəli yaşayış evi tikmək üçün eni 15 metr, uzunluğu 20 metr olmaqla 300 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına cavabdeh tərəfindən təsdiq edilmiş surəti əlavə edilən torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05.01.2006-cı il tarixli, 01 nömrəli sərəncamı ilə 125.1 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına təsdiq edilmiş surətləri əlavə edilən 333078 nömrəli və 451379 nömrəli “Ölüm haqqında şəhadətnamələr”dən görünür ki, həmin şəhadətnamələrə əsasən müvafiq olaraq X16 11.10.1992-ci ildə, X2 31.10.1990-cı ildə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.12.2019-cu il tarixli, **********23 nömrəli məktubuna əlavə edilən Cədvəlin təsdiq edilmiş surətindən görünür ki, X16 və ailə üzvlərinə (iş üzrə üçüncü şəxslər) 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi qismən əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15.09.1983-cü il tarixli qərarına əsasən şəhərin S.Vurğun küçəsi 20 ünvanında yaşayan iddiaçıya həmin ünvanda yaşayan atası X11 istifadəsində olan torpaq sahəsindən bir otaqlı, bir mərtəbəli 24 kv.m yaşayış sahəli, 21 kv.m qeyri-yaşayış sahəli yaşayış evi tikmək üçün eni 15 metr, uzunluğu 20 metr olmaqla 300 kv.m həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin sxematik planı tərtib olunmuşdur. Daha sonra mübahisəli plan ölçü sənədi tərtib olunarkən qeyd olunan qərar və sxematik plana istinad olunmadan iddiaçıya aidiyyəti olmayan ərazinin koordinatları qeyd olunmuş, ümumiyyətlə torpaq sahəsinin ölçüsü 125.1 kv.m yazılmışdır. Eyni zamanda iş üzrə 3-cü şəxslərin və iddiaçının atasının adına JN-1615A nömrəli şəhadətnamə hazırlanmış, həmin şəhadətnamə hazırlanarkən də Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15.09.1983-cü il tarixli qərarı və sxematik plan nəzərə alınmamış, nəticədə iddiaçıya ayrılmış torpaq sahəsi həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin olunmalı, cavabdehin üzərinə iddiaçının adına tərtib olunmuş **********0338 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin tam, JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən - iddiaçıya Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15.09.1983-cü il tarixli qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, həmin hissədə şəhadətnamənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə İddiaçı adına tərtib olunmuş **********0338 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin və JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən - iddiaçıya Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15.09.1983-cü il tarixli qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, həmin hissədə şəhadətnamənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-10/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-10/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver