Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-10/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli qərarı ilə iddiaçıya satılmış Şəki şəhəri, Niyazi küçəsində yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli qərarı ilə iddiaçıya satılmış Şəki şəhəri, Niyazi küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli qərarı ilə keçmiş X1 X2 Komissiyası tərəfindən Rayon AİK-in islahat fondu üçün ayrılmış metal məmulatları ilə tikilən altıaçıq, altıaçığən hasarı və həmin tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçıya satılmış, pul vəsaiti Rayon AİK-in islahat fonduna keçirilmişdir. Bundan sonra 24 dekabr 2004-cü il tarixli əmlakların qiymətləndirilməsi və təhvil-təslim aktı tərtib edilmiş, əmlaklar iddiaçıya təhvil verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ünvan 1ndə yerləşən həmin sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş,cavabdeh tərəfindən imtina edilmişdir. İmtinaya əsası kimi 06 oktyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, Şəki şəhəri Niyaz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim edilən sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, "çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı" təqdim olunmalıdır. Torpaq sahəsinin ayrılmasına dair sənəd üzrə sahə 0,2574 ha olmasına baxmayaraq faktiki istifadə olunan sahə 0,26438 ha təşkil edir ki, qeyri-yaşayış binasının 59,8 ha hissəsi zəbt olunmuş 69,8 kv m torpaq sahəsində yerləşir, həmçinin qeyri-yaşayış binasının bir hissəsi yaxınlıqda (7,7 m məsafədən) keçən 6 Kv-luq elektrik xəttinin mühafizə zolağına düşür. Cavabdeh iddiaya qarşı məhkəməyə münasibət bildirmişdir ki, müraciətdə göstərilən 0.2574 ha torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli **********83 reyestr nömrəli çıxarış verilmişdir. Müraciətdə qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması dair təqdim olunmuş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, “çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyə 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmi layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim olunmalıdır. Məlumat üçün bildiririk ki, qeyri-yaşayış binasının 59.8 ha hissəsi zəbt olunmuş 69.8 kv.m torpaq sahəsində yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Şəki şəhəri, Niyazi küçəsində yerləşən qeyri7 yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2021-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. A 790630 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.2574 ha torpaq sahəsinin hüquqi subyekti İddiaçıdur.
3. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli, 14 saylı iclas protokolundan çıxarışın qərarının surəti.
4. ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.2574 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi naturada 2574 kv.m olub döngə nöqtələri, koordinatları və üzərində inşa edilmiş qeyri- yaşayış binası tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Həmin torpaq sahəsi DWG faylına əsasən ictimai tikili,Tekuis ( Torpaqların elektron kadastr uçot informasiya sistemi) elektron məlumat bazasında Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid .tikili altı torpaqlar, Azcad məlumat bazasında Yaşayış məntəqəsi torpaqlar kateqoriyasına aid, həyətyanı torpaqlar kimi göstərilmişdir.İddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə iddiaçıya məxsus 22 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 2574 kv.m torpaq sahəsi üst-üstə düşür. İddiaçı bildirdiyinə görə həmin torpaq sahəsi onun tərəfindən istifadə olunur. Məhkəmə tərəfindən torpaq sahəsinə dair huquqmüəyyənedici sənəd təqdim edilmədiyindən sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsinin eyni-olub olmamasını müəyyən etmək mümkün olmamışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddiaçının sənəd üzrə olan 2574 kv.m torpaq sahəsi, döngə nöqtələri, koordinatları və **********83 reyestr nömrəli çıxarışda göstərilən 2574 kv.m torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli qərarı ilə iddiaçıya satılmış ünvan 1ndə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı cavabdehin imtina əsasları ilə birgə işin digər halları da araşdırılmışdır.İş materiallarına əlavə olunan Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli, 14 saylı iclas protokolundan çıxarışın qərarından görünür ki, islahat fondu üçün ayrılmış metal məmulatları ilə tikilən altıaçıq, altıaçığın hasarı və həmin tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçıya satılmışdır.Tərəflərin tərtib etdiyi 24 dekabr 2004-cü il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki,təhvil verilən taxıl üçün nəzərdə tutulmuş altıaçıq 1992-ci, altıaçığın hasarı 1976-cı ildə istismara verilmişdir.Həmin tikililərin 2004-cü ilə münasibətdə istismar nəticəsində köhnəlmə faizi müvafiq olaraq 78,4 və 48 faiz təşkil etmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli, 14 saylı iclas protokolundan çıxarışın qərarına əsasən iddiaçıya satılan tikilinin təyinatı məsələsi araşdırılmışdır.Sözügedən sənədlərdə satılan tikililərin metal və taxıl yığılması üçün nəzərdə tutulan “altıaçıq” olduğu təsbit ediilmişdir.Azərbaycan dilinin izahlıq lüğətinə əsasən yanları açıq olan çardağa “altıaçıq” deyirlər. Sinonimi talvar sözüdür. Üzərində mülkiyyət hüququ qeydə alınması iddia olunan tikiliyə yerində baxış keçirilmişdir.Müəyyən edilmişdir ki,aqrar islahat zamanı satılmış tikilinin müvafiq sənədlərə əsasən satıldığı vaxtla müqayisədə real vəziyyəti tamamilə fərqlidir.Belə ki,altıaçıq olaraq inşa edilmiş və istismara verilmiş tikili mövcud vəziyyətdə rekonstruksiya edilmiş,divarlar hörülmüş və dam örtüyü yenilənmişdir.Həmin ərazidə müvafiq tikinti-bərpa işlərinin davam etdirilidiyi əyani müşahidə edilmişdir. Nəticə etibarı ilə “altıaçıq” kimi köməkçi tikili funksiyasından,ayrı-ayrı otaqları olan,uzunluğu 60 metrdən artıq, ümumi sahəsi 504,2 kv.m-dən ibarət qeyri-yaşayış binasına çevirilmişdir. Təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Şəki rayonu,Yemçilik müəssisəsinin tərtib etdiyi sxemdə tikili 8 mx100 m metal dirəklərin üzərində bir tərəfi 0.20 m hasarla bağlı bina əks olunmuşdur. Aparılan ölçü işləri nəticəsində təqdim olunan bina rekonstruksiya nəticəsində dörd tərəfdən mişar daşı ilə hörülmüş, küçə tərəfdən hər birinin ayrı-ayrı giriş qapıları olmaqla arakəsmələrlə-ayrılıqda otaqlara bölünmüşdür.Faktiki olaraq binanın ümumi sahəsi 504,2 kv.m,o cümlədən əsas sahə 494,3 kv.m,köməkçi sahə 9,9 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Maddə 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Maddə 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Maddə 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Maddə 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Maddə 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Maddə 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Göründüyü kimi qeydə alınması iddia olunan qeyri-yaşayış binası aqrar islahat zamanı satıldığı ilə müqayisədə tamamilə yeniləndiyi halda bununla bağlı tikintiyə icazə və istismara qəbul aktı tələb aktı mövcud olmadan müvafiq tikinti həyata keçirilmişdir.Odur ki, cavabdeh orqan ünvan 1ndə yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 2004-cü il tarixli qərarı ilə iddiaçıya satılmış Şəki şəhəri, Niyazi küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə