Məhkəmə qərarları › İş №2-1(116)-100/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-100/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-100/2020 06.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “DSMF-nin Ağdaş rayon şöbəsinin imtinasının əsassız hesab edilməsi və ona pensiya yaşı bitdiyi xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1972-ci ildə Ağdaş yerli sənaye kombinatında işə başlamış və xx.xx.1973-cü ildə oxumağa getməyi səbəbindən işdən azad edilmişdir. 1973-1978-ci illərdə S.Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumunda "Avtomobil yollarının tikintisi və istismarı" ixtisası üzrə əyani təhsil almış texnikuma qəbul olduqdan sonra xx.xx.1974-xx.xx.1976-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirmiş və xx.xx.1978-ci ildə Dövlət İmtahan Komissiyasının qərarı ilə ona həmin texnikumdan 591665 nömrəli Diplom verilmişdir. O, məktəb illərində oxuya-oxuya axşam boş vaxtlarında işlə də məşğul olmuşdur. Belə ki, xx.xx.1977-xx.xx.1977-ci, xx.xx.1977-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdə oxuya oxuya gecə işlərində işləmişdir. Təhsilini başa vurduqdan sonra xx.xx.1979-cu ildən Suvarma Sistemləri idarəsinə işə girmiş və orada xx.xx.1992-ci ilə kimi müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Ağdam rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək Ağdaş Əlillər Cəmiyyətində işləmişdir. Hazırda pensiya yaşı çatıb, 2006-cı ilədək 25 ildən çox iş stajı var, ona pensiya təyin edilməsi üçün DSMF-nin Ağdaş Rayon Şöbəsinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, pensiya stajı və pensiya kapitalı yoxdur, pensiya kapitalı qeydə alınmayıb. Bunun səbəbi kimi axırıncı iş yerində cəmiyyət tərəfindən pensiya fonduna ödənişlər edilmədiyi bildirilmişdir. O, işlədiyi hər bir idarədə əmək haqqı almış, pensiya fonduna ödəniş etmək onun yox, işə götürənin vəzifəsidir. Onun oxuduğu, hərbidə olduğu, işlədiyi illər olmaqla 25 ildən çox iş stajı var, yaşı bitdiyi vaxtdan pensiya təyin edilməsindən imtina əsassızdır. İddiaçı məhkəmədən, “DSMF-nin Ağdaş Rayon Şöbəsinin imtinasının əsassız hesab edilməsi və ona pensiya yaşı bitdiyi vaxtdan yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin edilməsində imtina edərkən bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, sığorta olunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı yoxdur. Fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə sadalanan səbəblərdən yaşa görə əmək pesiyasının təyin olunmasından imtina olunmuşdur. Cavabdehin iddiaya münasibəti: Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin tələbinə görə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Ağdaş rayon Əlillər Cəmiyyəti”ndə işlədiyi dövrün sosial sığorta stajı həmin müəssisənin hüquqi ünvanının məlum olmadığı, xx.xx.2000-ci il tarixdə 178 № işə qəbul olunması, xx.xx.2004-cü il tarixdə 196 №-li əmrlə işdən azad olunması əmri, əmək haqqı cədvəlillərinin yoxlanılması mümkün olmadığı üçün və “Ağdaş rayon Əlillər Cəmiyyətinin” xx.xx.2001-ci ildən sonra Fondun Ağdaş rayon şöbəsi ilə qarşılıqlı hesablaşma aparmadığından xx.xx.2001-ci ildən xx.xx.2004-cü il tarixədək olan dövrün sosial sığorta stajı kimi hesablanması qanuna ziddir. İddiaçı tələb olunan 25 il sosial sığorta stajı, 23040 manat pensiya kapitalının olmaması və ya xx.xx.2018-ci il tarixədək fərdi hesabında məbləğindən asılı olmayaraq pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin oluna bilməz. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********9 nömrəli, xx.xx.2020-ci il tarixli **********6 nömrəli, xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubları və xx.xx.2019-cu il tarixli **********4 nömrəli etirazı, БТ seriyalı 591665 nömrəli diplomun təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, xx.xx.1973-cu il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********444800 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyn edildiyi kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və onun pensiya təyin edilməsi üçün 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Bu hal cavabdehin xx.xx.2019-cu il tarixli tarixli **********9 nömrəli məktubu ilə təsdini tapır və bu işin mübahisəsiz halıdır. İşin mübahisə halı ondan ibarətdir ki, iddiaçıya həmin tarixdən pensiya təyin edilməsi üçün 25 il sosisal sığorta stajı və ya 17536,94 manat pensiya kapitalı tələb olunur ki, cavabdehin iddiasına görə o, 25 il sosial sığorta stajına və ya 17536,94 manat pensiya kapitalına malik deyildir. Belə ki, cavabdeh iddiaçının xx.xx.2000-ci il tarixdə 178 № işə qəbul olunması, xx.xx.2004-cü il tarixdə 196 №-li əmrlə işdən azad olunması barədə əmrləri, əmək haqqı cədvəlillərinin yoxlanılması mümkün olmadığı üçün və “Ağdaş rayon Əlillər Cəmiyyətinin” xx.xx.2001-ci ildən sonra Fondun Ağdaş rayon şöbəsi ilə qarşılıqlı hesablaşma aparmadığından xx.xx.2001-ci ildən xx.xx.2004-cü il tarixədək olan dövrün sosial sığorta stajı kimi hesablanmamış və buna nəzərə almadığı üçün iddiaçıya mübahisəsiz 23 il 2 ay sosial sığorta stajı və buna müvafiq 16250,90 manat pensiya kapitalı hesablamışdır. Cavabdehin imtina dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Ağdaş rayon Əlillər Cəmiyyətindən işləməsi əmək kitabçasında qeyd edilmişdir. Həmin cəmiyyətin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri deyil və onun ziyanına şərh edilə bilməz. Bundan başqa cavabdehin “Ağdaş rayon Əlillər Cəmiyyətinin” xx.xx.2001-ci ildən sonra Fondun Ağdaş rayon şöbəsi ilə qarşılıqlı hesablaşma aparmaması ilə bağlı dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, cəmiyyətin qarşılıqlı hesablaşma aparmaması iddiaçının həmin cəmiyyətdə işləmədiyinə dəlalət etmir. Belə ki, hesablaşmanın aparılmadığı dövrdə Fondun yerli şöbəsi bununla həmin dövrdə qanunla müəyyən edilmiş tədbirləri həyta keçirməli idi. Fondun yerli şöbəsi qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Beləklə şərh olunanla əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtina dəlilləri əsassız olduğundan iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərəvəAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar