Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1001/2020 06.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən rayon filialına qarşı "1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda, xx.xx.1997-ci ildən xx.xx.2000-cı ilədək analıq məzuniyyətində olduğu müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş və hazırda Balakən rayonu Mahamalar kəndində yaşayır. O, xx.xx.1985-ci ildə Vüqar, xx.xx.1987-ci ildə Vüsalə, xx.xx.1989-cu ildə Rəşad, xx.xx.1995-ci ildə Orxan, xx.xx.1997-ci ildə Vüqar adlı uşaqları doğub, onları 8 yaşınadək tərbiyə etmişdir. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Bakı şəhəri 42 nömrəli TPMdə təhsil almışdır. Bundan başqa, o, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Balakən RİC-də satıcı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Balakən rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində sosial xidmət işçisi, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Balakən Rayon Əhalinin X4 sosial xidmət işçisi işləmiş, həmin Mərkəzin xx.xx.1997-ci il tarixli əmri ilə analıq məzuniyyətinə buraxılmışdır. Bundan başqa, o, 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmişdir. Bundan sonra o, 2019-cu ilin sentyabr ayınadək cəmi 13 il 5 ay müddətində fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. İddiaçı xx.xx.2020-ci ildə (56 il 6 ay) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunda işçinin analıq məzuniyyətində olduğu dövrün sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığına, eləcə də iddiaçının Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyinə görə həmin müddətlərin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmiş, eləcə də xx.xx.1997-ci ildən xx.xx.2000-cı ilədək analıq məzuniyyətində olmuşdur. Cavabdeh məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə o, 56 il 6 ayda pensiya yaşına çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sosial sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən 9 il 9 ay 11 gün, fiziki şəxs kimi sığorta haqları keçirdiyi dövr üçün 13 il 5 ay, əyani təhsil müddəti üçün 10 ay 22 gün, kolxozda işlədiyi dövr üçün 1 il 1 ay, analıq məzuniyyətində olduğu dövr üçün 3 il 1 ay 26 gün sosial sığorta stajı vardır. Lakin kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bundan başqa, Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda qadınlar üçün minimum adam/gün norması 180 adam/gün müəyyən olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Balakən RİC-də satıcı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Balakən rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində sosial xidmət işçisi, xx.xx.1993cü ildən xx.xx.2000-ci ilədək Balakən Rayon Əhalinin X4 sosial xidmət işçisi işləmiş, həmin Mərkəzin xx.xx.1997-ci il tarixli əmri ilə analıq məzuniyyətinə buraxılmışdır. - İşdə olan, Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmişdir. - İşdə olan, Balakən Rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 650 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1985-ci ildə Vüqar, xx.xx.1987-ci ildə Vüsalə, xx.xx.1989-cu ildə Rəşad, xx.xx.1995-ci ildə Orxan, xx.xx.1997-ci ildə Vüqar adlı uşaqları olmuş və o, 8 yaşınadək uşaqlarını tərbiyə etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə o, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sosial sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən 9 il 9 ay 11 gün, fiziki şəxs kimi sığorta haqqları keçirdiyi dövr üçün 13 il 5 ay, əyani təhsil müddəti üçün 10 ay 22 gün, kolxozda işlədiyi dövr üçün 1 il 1 ay, analıq məzuniyyətində olduğu dövr üçün 3 il 1 ay 26 gün sosial sığorta stajı vardır. Lakin kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bundan başqa, Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda qadınlar üçün minimum adam/gün norması 180 adam/gün müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsində deyilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən normalara uyğun olaraq, iddiaçı 5 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi xx.xx.2020-ci ildə (56 il 6 ay) pensiya yaşına çatmışdır. Həmin tarixə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud da azı 25 il sığorta stajı olmalıdır. Müəyyən edildi ki, iddiaçının əmək kitabçasında göstərilən iş stajı xx.xx.1983cü ildən xx.xx.1984-cü ilədək 11 ay 16 gün, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək 2 il 8 ay 11 gün, xx.xx.1992-ci ildən xx.xx.1993-cü 1 il 2 ay 13 gün, xx.xx.1993-cü ildən analıq məzuniyyətinə çıxdığı xx.xx.1997-ci ilədək 4 il 1 ay 25 gün, analıq məzuniyyətindən qayıtdığı xx.xx.2000-ci ildən işdən çıxdığı xx.xx.2000-ci ilədək 13 gün təşkil edir. Bundan başqa, iddiaçı xx.xx.1997-ci ildə doğulmuş uşağına görə xx.xx.1997ci il tarixli əmrlə analıq məzuniyyətinə buraxılmış və həmin uşağın 3 yaşına çatdığı xx.xx.2000-ci ilədək 3 il 1 ay 13 gün analıq məzuniyyətində olmuşdur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 1-ci hissəsində deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin maddənin 3-cü hissəsində deyilir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddiaçının əmək kitabçasında olan qeydlərin həqiqiliyə hər hansı şübhə olmadığına görə məhkəmə hesab edir ki, yuxarıda göstərilən müddətlər, o cümlədən məzuniyyətdə olduğu müddət (cəmi 12 il 2 ay 1 gün) onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 10 ay 22 gün texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Ona görə də həmin təhsil müddəti də iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə, iddiaçı 2019-cu ilin sentyabr ayınadək cəmi 13 il 5 ay müddətində fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Ona görə həmin 13 il 5 ay müddət iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Yuxarıda sadalanan bütün sığorta stajı müddətlərini topladıqda 26 il 5 ay 23 gün təşkil edir, bu isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmiş, işlədiyi adam/saatların miqdarı 1986cı ildə 1600, 1987-ci ildə isə 12 olmuşdur. Digər iki ildə iddiaçıya hesablanmış pul və dekret pulu qeyd olunsa da, işlədiyi adam/saatların miqdarı göstərilməmişdir. Həmin dövrdə kolxozda minimum əmək iştirakı norması 180 adam/gün (180 adam/gün x 8 saat = 1440 adam/saat) olmuşdur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrində deyilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edildi ki, iddiaçı kolxozda 1986-cı ildə əmək iştirakı minimumunu tam yerinə yetirmiş, 1987-ci ildə isə cəmi 12 adam/saat işləmişdir ki, bu da 2 adam/gündən də azdır. Lakin bununla yanaşı, o, 1986-cı və 1987-ci illərdə həm də Balakən RİC-də satıcı işlədiyinə və həmin müddətlər onun sosial sığorta stajına daxil edildiyinə görə eyni müddət təkrarən onun sığorta stajına daxil edilə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia qismən təmin edilməli, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək analıq məzuniyyətində olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək analıq məzuniyyətində olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1001/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1001/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver