Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1001/2025 06.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2021 ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “hüququnun yarandığı xx.xx.2021 ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən , iddiaçı 1971-1974,1977,1979-1983-cü illərdə Balakən rayon İtitala kəndi "M.F.Axundov" adına kolxozda kolxozçu, çoban, ferma işçisi kimi işləmişdir. Həmin iş stajını Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən Dövlət Arxivindən alınmış №3-48-7RA/2-M-7xx-xx/2023, 10 oktyabr 2023-cü il tarixli arayışla təsdiq edir. 30 oktyabr 1974-cü tarixdən 05 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə, 05 oktyabr 1977-ci il tarixdən 01 sentyabr 1978-ci il tarixədək Balakən rayon İtitala poçt şöbəsində poçtalyon işləmişdir.Daha sonra 1984-cü il tarixdən 1990-cı il tarixədək Gürcüstan SSSR-nin Çiteli Çkaro rayonunun “Zemokedi” kolxozunda kolxozçu, traktorist, sürücü işləmişdir.xx.xx.1990-cı ildən xx.xx.2003-cü il tarixədək Zaqatala 2720 saylı avtomobil bazasında sürücü işləmişdir Həmin arayışları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Sosial Müdafiə fondunun Zaqatala Rayon Pensiya şöbəsinə təqdim etmiş, lakin ona №3-17-1/2-М-169643/2024 19 İyul 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialından imtina cavabı verilmişdir, imtina cavabından görünür ki, işlədiyi dövrləri yalnız məhkəmə qərarı ilə təsdiq etdikdən sonra onun pensiya işinə yenidən baxıla bilər. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Hesab edilir ki,2-1(116)-3078/2024 nömrəli ış üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı İ.X2 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir.İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinin əsasən sığorta stajı (30.10 1974- cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, 1971-1983cü illərdə M.F.Axundov adma kolxozda və xx.xx.1977-ci il tarixindən 01 09.1978-ci il tarixinədək Balakən poçt filialında adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) 21 il 9 ay 14 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, Balakən rayon dövlət Arxivinin 111 nömrəli arayışına əsasən onun 1971-1983-cü illər ərzində “M.Axundov" adına kolxozda və Balakən poçt filialının 204 nömrəli arayışına əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixədək Balakən rayon Poçt filialında əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Fondun 3 saylı Şəki-Zaqatala regional filialının Balakən Rayon Dövlət Arxivi ilə və Zaqatala regional Poçt filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktlarına əsasən iddiaçının M.F.Axundov adına kolxozda adına əməkhaqqı hesablanan 6 il 6 ay və Balakən poçt Filialında 10 ay 26 gün sığorta stajına daxil edilmiş, adına əmək haqqı hesablanmayan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Həmçinin bildirilir ki. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01 01.2006-cı il tarixindən 01.07 2018-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Yuxarıda qeyd olunan hüquq normalarına uyğun olaraq İddiaçı işlədiyi M F.Axundov adma kolxozda adına əməkhaqqı hesablanan 6 il 6 ay və Balakən poçt Filialında 10 ay 26 gün sığorta stajına daxil edilmiş, adına əmək haqqı hesablanmayan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AA******* nömrəli Şəxsiyyət Vəsiqəsi
3. 2700 nömrəli Kolxozçunun Əmək kitabçası.
4. Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv Arayışı, xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş şəxsi hesab kitablarından təsdiqlənmiş surətlər və arxiv arayışları
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının 65 yaşı xx.xx.2021-ci il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 21 il 9 ay 14 gün təşkil edir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı,o cümlədən mübahisələndilən 1971-1983-cü illər ərzində “M.Axundov” adına kalxozda və xx.xx.1977-xx.xx.1978-ci illər ərzində Balakən rayon poçt filialında əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Cavabdehin 3 saylı Şəki-Zaqatala regional filialının Balakən Rayon Dövlət Arxivi ilə və Zaqatala regional Poçt filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktlarına əsasən M.F.Axundov adına kolxozda adınıza əməkhaqqı hesablanan 6 il 6 ay və Balakən poçt Filialında 10 ay 26 gün sığorta stajınıza daxil edilmişdir. Cavabdehin həmin müəssisələrdəki digər dövlərin sosial sığorta stajına daxil edilməsindən imtina etməsinin səbəbi sözügedən dövrlər ərzində iddiaçının adına əməkhaqqı hesablanmaması ilə bağlıdır. Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki,cavabdehin imtinası əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin arayışından görünür ki, 1971-1974-cü illər,1977-ci il, 1979-ci il, 1980- 1983-cü illər ərzində iddiaçının işlədiyi gün, saatlar və buna görə əməkhaqqı hesablanaraq qeyd edilmişdir.Müvafiq sənədlərin arxivə natamam verilmiş olması iddiaçının ziyanına şərh edilə bilməz.Belə ki,ona məxsus əmək kitabçasından görünür ki, o,1971-1974,1977,1979-1983-cü illərdə Balakən rayon İtitala kəndi "M.F.Axundov" adına kolxozda kolxozçu, 05 oktyabr 1977-ci il tarixdən 01 sentyabr 1978-ci il tarixədək Balakən rayon İtitala poçt şöbəsində poçtalyon işləmişdir. İddiaçının xx.xx.1990-cı ildən xx.xx.2003cü il tarixədək Zaqatala 2720 saylı avtomobil bazasında sürücü işləməsi əmək kitabçasının 4-5-ci səhifələrində qeyd edilmişdir Yuxarıda göstərilən müddət mötəbərliyi təsdiq olunan 21 il 9 ay 14 günlə toplandıqda iddiaçının cəmi 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir, bu da tələb olunan minimum dövrdən artıqdır. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.