Məhkəmə qərarları › İş №2-1(116)-1003/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1003/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1003/2021 06.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı , cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə qardaşı X4 adına verilmiş 2379.79 kv.m torpaq sahəsinə dair AN 206245 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə qardaşı X4 adına verilmiş 2379.79 kv.m torpaq sahəsinə dair AN 206245 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu 03.06.2021-ci il tarixdən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qardaşı X11 1983-cü ildən Rusiyada yaşayıb və vəfat etmişdir. Bunun üçün iddiaçı hesab edir ki, qardaşı X11 yaşayış yeri üzrə daimi yaşamadığı və qeydiyyatda olmadığı üçün ona torpaq sahəsi verilə bilməzdi. İddiaçı Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə qardaşı X4 adına verilmiş 2379.79 kv.m torpaq sahəsinə dair AN 206245 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 08.05.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Müraciətdə qeyd olunan 2-ci məsələnin həlli 1-ci hissədə qaldırılan məsələ ilə bağlı olduğundan həmin hissədə baxılması mümkün deyildir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 05.07.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Aqrar İslahat Komissiyasının qərarı ilə qardaşı X4 adına verilmiş 2379,79 kv.m torpaq sahəsinə dair AN 206245 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini ləğv edərək həmin torpaq sahəsi üzərində özünün adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarı əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından, həmçinin müraciətdə qeyd olunan 2-ci məsələnin həlli 1-ci hissədə qaldırılan məsələ ilə bağlı olduğundan həmin hissədə baxılması tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya 08.05.2021-ci il tarixli, **********57 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayonu, Katex kəndində yerləşən 2379,79 kv.m həyətyanı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə X4 (DBF siyahılar üzrə 1 (bir) nəfərin) mülkiyyətinə verilmiş və həmin qərara əsasən X4 adına Ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən A№ 206245 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Balakən rayon dövlət arxivinin 04.08.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışının surətində qeyd edilir ki, Balakən rayonu Katex kənd XDS İcraiyyə Komitəsinin Təsərrüfatbaşına kitablarına əsasən 1986-1990-cı illər üzrə ailə başçısı X12 olmaqla X8, X11 və X9 adları göstərilmişdir. Arayışın qeyd hissəsində ailə başçısının familiyası, adı və atasının adı yazılan qrafada Əcəb Qarakişi oğlunun adının üstündən xətt çəkilib Patimat Əhməd qızı yazılıb, Patimat Əhməd qızının adının üstündən Firuddin Əcəb oğlu yazılıb. Arxiv arayışında F.Kərimovun 1983-cü ildə Rusiya Federasiyasına getməsi qeyd edilmişdir. Arxiv arayışında həmçinin X9 28.06.1988-ci ildə 1246 nömrəli təsərrüfata ərə köçdüyü qeyd edilmişdir. İş materiallarında olan A seriyalı 206245 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon AİK-nın 29.06.2001-ci il tarixli, 06 nömrəli qərarı ilə 2379.79 kv.m həyətyanı torpaq sahəsi X6 verilmişdir. Sənədə əlavə edilmiş siyahıda 1041-ci sırada X4 adı qeyd edilmiş və torpaq sahəsinin 1 nəfərə verilməsi göstərilmişdir. İş materiallarında olan “Balakən rayonunun Katex kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 175-ci sırada X1, İddiaçı, X7 və X2 adları qeyd edilmiş, onların qanuni istifadələrində 0.12 ha həyətyanı torpaq sahəsinin olması göstərilmişdir. Sözügedən cədvəldə 1041-ci sırada X4 adı qeyd edilmiş, qanuni istifadəsində 0.25 ha həyətyanı torpaq sahəsinin olması göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı qardaşına AİK-nın 29.06.2001-ci il tarixli qərarı ilə verilmiş 2379.79 kv.m torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. İddiaçı iddia ərizəsində qardaşı F.Kərimovun kənddə torpaq islahatı aparılan zaman xarici ölkədə yaşadığı üçün ona torpaq sahəsinin ayrılmamalı olduğunu əsas gətirsə də, iş materiallarında olan sənədlərdən görünür ki, F.Kərimov xarici ölkədə yaşamasına baxmayaraq aqrar islahat aparılan zaman Katex kəndində təsərrüfatında özü tək qeydiyyatda olmuşdur. Belə ki, arxiv arayışından görünür ki, F.Kərimovun atası Əcəb Kərimov 08.02.1988-ci ildə, anası X8 01.04.1990-cı ildə vəfat etmiş, bacısı, hazırkı halda iddiaçı Umarova (Kərimova) Nailə Əcəb qızı isə digər təsərrüfatda qeydiyyatda olmuşdur. Bu da kənddə aqrar islahat aparılan zaman F.Kərimova torpaq sahəsinin ayrılmasına əsas olmuşdur. İş materiallarında olan sənədlərdən həmçinin müəyyən edilir ki, iddiaçı ailə qurması səbəbi ilə 28.06.1988-ci ildə digər təsərrüfata köçmüş, həmin təsərrüfatda qeydiyyata alınmış və aqrar islahat zamanı ona və digər ailə üzvlərinə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə qardaşı X4 adına verilmiş 2379.79 kv.m torpaq sahəsinə dair AN 206245 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar