Məhkəmə qərarları › İş №2-1(116)-1003/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1003/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1003/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0,26 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə verilən və xx.xx.2021-ci ildə qeydə alının reyestrdən çıxarışın pay sahibləri qrafasına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “0,26 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə (135.8 kv.m sahədə tikilən) verilən və xx.xx.2021-ci ildə qeydə alınan reyestrdən çıxarışın pay sahibləri qrafasında evin tam mülkiyyət hüququ ilə İddiaçı adına torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə X1, İddiaçı, X4 və X7 adına dəyişdirilməsi öhdəliyinin (düzəliş edilməsinin) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1003/2022 nömrəli qərardadı ilə X8 və X11 üçüncü şəxs qismində məhkəmə inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı, tələbini mübahisələndirdiyi çıxarışda qeyd edilən torpaq sahəsinin Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə ona digər ailə üzvləri ilə birlikdə verilməsi, fərdi yaşayış evinin isə 1974-cü ildə tikilməsi, həmin fərdi yaşayış evi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasında cavabdeh orqanın səhvə yol verməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini dəqiqləşdirərək ünvan 1ində 0,26 ha torpaq sahəsi və üzərində yerləşən **********71 - 10301 reyestr nömrəli daşınmaz əmlakın fərdi yaşayış evinə münasibətdə pay qrafasında İddiaçı, X5 ilə birlikdə ümumbirgə mülkiyyətində olması, torpaq sahəsinə münasibətdə X5, İddiaçı, X8 və X7 ümumbirgə mülkiyyətində olması ilə bağlı düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, iddia tələbinə etirazını çıxarışın ləğvi və ya düzəliş edilməsi səlahiyyətinin olmaması, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-187 saylı Şəhadətnaməyə əsasən aparılması və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı qeyd olunan yaşayış evinin kimə məxsus olması barədə kənd inzibati ərazi nümayəndəliyindən arayışın təqdim olunmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən fərdi yaşayış evi JN-187 saylı Şəhadətnamənin qaimə sertifikatında qeyd edildiyindən həmin şəhadətnamə əsas götürülməklə fərdi yaşayış evi üzərində də torpaq sahəsində olduğu kimi bütün subyektlərin ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - **********71 - 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında 0.26 ha torpaq sahəsində yerləşən daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) X5, İddiaçı, X8 və X7 ümumbirgə mülkiyyətindədir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 151 nömrəli arayışından görünür ki, ünvan 1 İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair 02 saylı təsərrüfatbaşına kitabının 84№-li təsərrüfatı X1 adına olmaqla, təsərrüfatında İddiaçı (həyat yoldaşı), X8 (gəlini) və X7 (nəvəsi) olması və X1 adına 0.07 ha torpaq sahəsinin olması qeyd edilmişdir. - AZ-İİ 098088 №-li ölüm haqqında şəhadətnamələrdən görünür ki, X5 xx.xx.2020ci ildə vəfat etmişdir. - Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 46 №-li məktubundan görünür ki, təsərrüfatbaşına uçot kitabına əsasən 0.26 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən 1974-cü ildə inşa edilmiş fərdi yaşayış evi İddiaçı adına qeyd olunmuşdur. - V-ЖГ 423084 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. - xx.xx.2022-ci il tarixli 359 №-li Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X5 ilə X9 xx.xx.1961-ci il tarixdə nikah bağlamış və bu barədə 16 №-li akt qeydi tərtib edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçı tərəfindən **********71 - 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda - fərdi yaşayış evinə münasibətdə X11 və X8 ilə bağlı aparılmış qeydiyyata dair hissə mübahisələndirildiyindən, məhkəmə araşdırması zamanı müvafiq çıxarışda adları qeyd olunan şəxslərlə bağlı aparılmış qeydiyyatın əsaslı olub-olmaması yoxlanılmış, ümumi sahəsi 135.8 kv.m olan fərdi yaşayış evi üzrə ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilərək, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan tərəfindən ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi üzərində JN-187 saylı Şəhadətnaməyə istinad olunmaqla X5, İddiaçı, X8 və X7 ümumbirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınarkən yanlış olaraq ancaq müvafiq şəhadətnamə əsas götürülmüş və fərdi yaşayış evi üzərində həmin şəxslərin ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı qeydiyyat aparılmışdır. İşin mübahisəsiz halıdır ki, Yevlax rayonu Tanrıqulular kəndində 0.26 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi 2001-ci ildən əvvəl, yəni 1974-cü ildə inşa edilmişdir. Belə olan halda cavabdeh, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarını əsas götürməklə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməli idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüququn qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyənləşdirilmiş hallarından görünür ki, 1996-2000-ci illər üzrə qeyd olunan torpaq sahəsinə dair təsərrüfatda X5 təsərrüfat başçısı olmuş (84№li təsərrüfat onun adına olmuşdur), İddiaçı (həyat yoldaşı), X8 (gəlini) və X11 (nəvəsi) təsərrüfatın üzvləri olmuşlar. Yəni, fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları təsərrüfat başçısı olaraq mərhum X2 və həyat yoldaşı İddiaçı məxsus olduğundan, digər şəxslərin fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyatı əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, “şəhadətnamənin “həyətyanı sahənin qaimə-sertifikatı” səhifəsində tikinti altında olan torpaq sahəsi - yaşayış evinin tutduğu ölçü 286.6 kv.m qeyd edilməsi həmin tikilinin heç də şəhadətnamədə adları qeyd edilmiş şəxslərin ümumi birgə mülkiyyətində olması demək deyildir. Yuxarıda istinad olunan, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından göründüyü kimi, fərdi yaşayış evlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və əsas olaraq təsərrüfatbaşına kitablardan çıxarış məlumatlarına istinad olunması (hazırkı iş üzrə) birmənalı təsbit edilmişdir. Sözügedən qeydin aparılması və çıxarışın verilməsi məsələlərini tənzimləyən ayrıca inzibati akt qəbul edilməmişdir. Mübahisəli çıxarışın verilməsinə dair hərəkətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrin icrası qaydasında faktiki xarakterli fəaliyyəti ilə bağlı olmuşdur. Bu isə hazırkı tələbin yuxarıda qeyd edildiyi kimi “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasını və cavabdehin müddətlə bağlı tələblərin pozulmasına dair dəlilinin də əsassız olmasını göstərir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ucar Ərazi İdarəsinin üzərinə ünvan 1ində 0,26 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzrə (**********71 - 10301 reyestr nömrəli daşınmaz əmlak) xx.xx.2021-ci ildə qeydə alınan reyestrdən çıxarışa fərdi yaşayış evinə münasibətdə pay qrafasında İddiaçı, X5 ilə birlikdə ümumbirgə mülkiyyətində olması, torpaq sahəsinə münasibətdə X5, İddiaçı, X8 və X7 ümumbirgə mülkiyyətində olması ilə bağlı düzəlişin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar