Məhkəmə qərarları › İş №2-1(116)-1004/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1004/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1004/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “xx xxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Mingəçevir Avtomobilservis Xidməti Stansiyasında və xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik Dövlət müəssisəsində tənəkəçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Mingəçevir Avtomobilservis Xidməti Stansiyasında və xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 2002ci il tarixədək Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik Dövlət müəssisəsində tənəkəçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə Yevlax rayonu Ərəbbəsrə kəndində anadan olmuşdur. O, xx xxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Mingəçevir Avtomobilservis Xidməti Stansiyasında və xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik Dövlət müəssisəsində tənəkəçi işləmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan sözügedən müəssisənin uzun müdət fəaliyyətinin olmamasını, müəssisəyə aid olan sənədlərin Dövlət Arxivində saxlanılmadığını, əmək haqqı arayışının əldə edilə bilmədiyini əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, xx.xx.1977-ci ildən xx.xx.1991-ci ilədək Mingəçevir Avtomobilservis Xidməti Stansiyasında və xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağdaş Avtomobilsevis Xidmətinin “Qoca” kiçik dövlət müəssisəsində tənəkəçi vəzifəsində işləmiş, lakin Mingəçevir Avtomobilservis Xidməti Stansiyasının və Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik dövlət müəssisəsinin uzun müddət fəaliyyətinin olmadığı, həmin müəssisələrə aid sənədlərin arxivdə saxlanılmadığı və əmək arayışları əldə edilə bilmədiyi üçün əmək pensiyasının təyini mümkün olmamışdır. İddiaçı məhkəməyə təqdim etdiyi əmək kitabçasını DSMF publik hüquqi şəxsin Yevlax rayon filialına müraciəti zamanı təqdim etməmişdir. Bundan əlavə, şəxsin əmək kitabçası xx.xx.2018-ci il tarixinə aiddir. Bu da əmək kitabçasının saxta olması, sonradan doldurulması şübhəsinə əsas verir. İddiaçı xx.xx.2020-ci ildə 64 yaş 6 ayı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialına müraciət etmişdir. Müraciətə cavab olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna zidd olduğu qeyd edilmişdir. Beləki, Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Milli Arxiv İdarəsinin Ağdaş Filialına ünvanlanan sorğunun cavabında bildirilir ki, Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik dövlət müəssisəsinin əmrlər kitabı və əmək haqqı sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Əlavə olaraqdan Milli Arxiv İdarəsinin Mingəçevir filialına daxil olmuş sorğuya cavab olaraq bildirilib ki, Mingəçevir şəhəri Avtomobilservis Xidməti Stansiyasının sənədləri arxiv idarəsinə təhvil verilməmişdir. Yuxarıda göstərilən səbəblərdən şəxsin həmin dövrlərdə iddia etdiyi müəssisələrdə işlədiyini təsdiq edən arxiv sənədləri və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barəsində heç bir sənəd olmadığı üçün şəxsin iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları naqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci tarixli 32 nömrəli məktubu, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 28/11 nömrəli məktubu, Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2020-ci il tarixli T-107 nömrəli məktubu, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********283300 nömrəli məktubu, 9 saylı X3 xx.xx.2020-ci il tarixli **********001000 nömrəli məktubu, cavabdeh orqanın etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqan tərəfindən iddiaçının tələbində qeyd etdiyi əmək fəaliyyəti müddəti mübahisələndirilir ki, bu da cəmi 25 il 7 ay 26 gün təşkil edir. Cavabdeh orqan həmçinin qeyd edir ki, iddiaçının pensiya kapitalı yoxdur. Məhkəmə araşdırması ilə əldə edilən və iş materiallarına əlavə olunan Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci tarixli 32 nömrəli məktubu, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 28/11 nömrəli məktubu, Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2020-ci il tarixli T-107 nömrəli məktubundan müəyyən edilmişdir ki, iddiaçının tələbində qeyd etdiyi müəssisələrin sənədləri arxiv idarələrinə təhvil verilməmiş, bu səbəblə də iddiaçının iş stajı barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 9 saylı X5 və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məktublarından müəyyən edilmişdir ki, iddiaçının tələbində qeyd etdiyi müəssisələr məlumat-uçot bazasında hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən xx.xx.2018-ci il tarixdə doldurulan ******* nömrəli əmək kitabçasında iddia tələbində qeyd olunan əmək fəaliyyəti dövrləri göstərilməsinə baxmayaraq həmin fəaliyyətlərin arxiv arayışlarına əsasən təsdiq edilməsi mümkün olmamışdır. Həmçinin vergi orqanlarına edilən sorğularla iddia tələbində qeyd olunan müəssisələrin vergi orqanlarının məlumat-uçot bazasında hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi aşkarlanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində xx xxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Mingəçevir Avtomobilservis Xidməti Stansiyasında işlədiyini qeyd etsə də, işə girmə tarixi əmək kitabçasında xx.xx.1977-ci il qeyd olunmuş, xx xxxxxxxx 1991-ci il tarixdən Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik Dövlət müəssisəsində işlədiyini qeyd etdiyi halda xx.xx.1991-ci il tarixinin həftənin bazar gününə (istirah günü) düşməsinə baxmayaraq həmin tarixdə 09 nömrəli əmrlə işə girməsi qeyd olunmuş, ümumiyyətlə əmək kitabçası 1999-cu ildə çap edilmiş və xx.xx.2018-ci ildə doldurulmuşdur. Həmin müəssisələrə dair arxivdə heç bir məlumatın olmasına baxmayaraq onun hansı sənədlərə əsasən doldurulması da müəyyən olunmur. Düzdür əmək kitabçasının 1-ci səhifəsində “təkrar” qeydi olsa da, məhkəmə qeyd edir ki, əmək kitabçasının təkrar verilməsi anlayış qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. (iddiaçının əmək kitabçasının birinci səhifəsində əmək kitabçasını verən məsul şəxsin imzası yoxdur) Qaydaların 7.1-ci bəndinə əsasən bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx xxxxx 1977ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Mingəçevir Avtomobilservis Xidməti Stansiyasında və xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik Dövlət müəssisəsində işlədiyi müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “xx xxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Mingəçevir Avtomobilservis Xidməti Stansiyasında və xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək Ağdaş Avtomobilservis Xidmətinin “Qoca” kiçik Dövlət müəssisəsində tənəkəçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar