Məhkəmə qərarları › İş №2-1(116)-1004/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1004/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1004/2022 27.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-80/2021 nömrəli qərarı ilə, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il 2-1(107)- 188/2021 nömrəli qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(116)-80/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1349/2021 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-188/2021 saylı iş üzrə 26 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 80/2021 nömrəli qərarından çıxarış icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2021-ci il tarixli 11/6114 nömrəli ərizə göndərərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-80/2021 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-80/2021 nömrəli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizəsi və vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirlinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(116)-80/2021 nömrəli inzibati iş üzrə icraat yeni açılmış hallarla bağlı təzələnmiş, hazırkı iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-80/2021 nömrəli qərarının icrası dayandırılmışdır. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində N saylı hərbi hissənin tərkibində xidmət keçərkən hərbi hissə komandirinin əmri ilə döyüş bölgələrinə döyüş tapşırıqlarına yerinə yetirmək üçün ezam edilmişdir. Belə ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Laçın, Kəlbəcər bölgələrində döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sənədlərini Komissiyaya təqdim edərək, Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabheh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazında bildirmişdir ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Bu səbəblə də iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/Ə-793 nömrəli nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 63 nömrəli, xx.xx.1992-ci il tarixli 84 nömrəli, xx.xx.1992-ci il tarixli 90 nömrəli, xx.xx.1993-cü il tarixli 4 nömrəli, xx.xx.1993-cü il tarixli 30 nömrəli əmrlərindən görünür ki, xx.xx.1992-ci il tarixli 63 nömrəli əmrdə iddiaçının Laçın şəhərinə getdiyi, xx.xx.1992-ci il tarixli 84 nömrəli əmrdə Cəbrayıl rayonunun Mahmudlu stansiyasına texniki əmlakın daşınması üçün ezam olunduğu, xx.xx.1992-ci il tarixli 90 nömrəli əmrdə Ağcabədi-Füzuliyə YSM (yanacaq sürtkü materialları) daşınması üçün ezam olunduğu, xx.xx.1993-cü il tarixli 4 nömrəli əmrdə Ağdam şəhərinə N nömrəli hərbi hissəyə YSM daşınması üçün ezam olunduğu, xx.xx.1993-cü il tarixli 9 nömrəli əmrdə Ağdam şəhərinə YSM daşınması üçün getdiyi, xx.xx.1993-cü il tarixli 30 nömrəli əmrdə Kəlbəcər rayonuna N nömrəli hərbi hissəyə YSM daşınması üçün ezam olunduğu göstərilmişdir. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli 465 nömrəli məktubuna əlavə edilmiş çıxarışların təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı 1992-1993-cü illərdə xidmət etdiyi hərbi hissə tərəfindən dəfələrlə döyüş bölgələrinə ezam edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 63 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün Laçın rayonuna getdiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 66 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdə ezamiyyətdən qayıtdığı qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 84 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonuna döyüş tapşırığının yerinə yetirilməsi üçün texniki təminat aparması və ezam müddətinin 3 gün olması qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 90 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdən Ağcabədi-Füzuli rayonlarına döyüş tapşırığının yerinə yetirilməsi üçün 3 gün müddətinə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 16 gün müddətinə Ağdam şəhəri, N nömrəli hərbi hissəyə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 7 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdə ezamiyyətdən qayıtdığı qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 9 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 14 gün müddətinə Ağdam şəhərinə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 30 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdən Kəlbəcər rayonu, N nömrəli hərbi hissəyə döyüş tapşırığının yerinə yetirilməsi üçün 6 gün müddətinə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 31 nömrəli əmrindən çıxarışda iddiaçının ezamiyyətdən qayıtdığı qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 670 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı məhkəməyə təqdim edilən əmrlərdən çıxarışlarında qeyd edilən müddətdə ezam olunmasının məqsədi döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Katibliyinin zabit-təhqiqatçısının xx.xx.2021-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar"ından görünür ki, iddiaçı N nömrəli hərbi hissənin komandiri X3 şifahi müraciət etmiş, sonuncu, hərbi hissənin kadrlar üzrə müfəttişi X1 çağıraraq İddiaçı 1992-ci ildə Qarabağ müharibəsi zamanı müxtəlif şəhər və rayonlara ezam olunması barədə hərbi hissə komandirinin əmrindən çıxarışların ona verilməsinə göstəriş vermişdir. X2 isə İddiaçı 1992-ci ildə 1-ci Qarabağ müharibəsi zamanı Laçın, Cəbrayıl, Ağcabədi və Füzuli rayonlarına əşya-əmlakın, texnikanın, yanacaq-sürtkü materiallarının daşınması məqsədi ilə deyil, döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezam olunmasını göstərmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Cavabdeh orqan etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad edərək, iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. İş materiallarında olan, yuxarıda məzmunu qeyd edilmiş N nömrəli hərbi hissənin iddiaçının döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması barədə əmrdən çıxarışlarının məzmununun həqiqətə uyğun olmaması və məzmunun təhrif edilməsi xx.xx.2021-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar"ından aşkar görünür. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. İddiaçının ezamiyyətə göndərilməsi səbəbinin hərbi hissənin döyüş təminatının (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmaması işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən cavabdeh orqandan sorğu edilərək alınmış X6 xx.xx.2014-cü il 197 nömrəli, X4 xx.xx.2012-ci il tarixli 120 nömrəli, X7 xx.xx.2021-ci il tarixli 767 nömrəli və X5 xx.xx.2020-ci il tarixli 725 nömrəli protokollarla “Müharibə Veteranı” adının verilməsinə dair sənədlərlə müəyyən edilmişdir ki, sözügedən şəxslərlə iddiaçının hüquqi vəziyyəti bir çox hallarda oxşar olmuşdur. Bununla belə, məhkəmə, cavabdeh orqan tərəfindən ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktikanın yeni praktika ilə dəyişdirilməsi imkanını nəzərə alaraq qeyd edir ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamış hər hansı digər şəxsə “Müharibə Veteranı” adının verilməsi, hazırkı iş üzrə iddiaçının tələbinin əsaslı hesab edilməsinə səbəb ola bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsində birmənalı olaraq qeyd edilmişdir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar