Məhkəmə qərarları › İş №2-1(116)-1005/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1005/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1005/2020 19.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1983-1989cu illərdə Ucar rayonu Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi müddətin sığorta stajı kimi qəbul edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. 1983-1989-cu illərdə Ucar rayonu Qazıqumlaq kənd keçmiş “Qafqaz” kolxozunda kolxozçu işləmişdir. Lakin onun xx.xx.1993-cü il tarixdə anadan olmuş qızı X1 imkanı məhdud olan uşaq olduğundan, hal-hazırda isə 1-ci qrup əlil olduğundan uşağı anadan olduqdan sonra heç bir yerdə işləyə bilməmiş və ona baxmaq məcburiyyətində qalmışdır. Belə ki, o, heç bir yerdə işləmədən xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək 16 yaşınadək sağlamlıq imkanı məhdud qızına qulluq etmişdir. xx.xx.2012-ci il tarixdən hal-hazıradək isə müddətsiz ümumi səbəbdən 1-ci qrup əlil uşağı X2 qulluq edir. (Əslində iddiaçı uşağı doğulan gündən indiyədək həmin uşağa qulluq edir. Sadəcə olaraq heç bir yerdə işləmədən 16 yaşınadək sağlamlıq imkanı məhdud uşağına xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək orta məktəbdə xadimə işləyərək qızına qulluq edib). O, aidiyyəti sənədləri də təqdim edərək ona uşaqlıqdan əlil uşağın anası kimi yaşa görə pensiya təyin etməsi üçün cavabdeh dövlət orqanına müraciət etsə də həmin orqan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarla bundan imtina etmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Həmin tarixli məhkəmə iclasında ərizə icraata qəbul edildi. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyyə etmiş anaların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır və həmin qanunun 21.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Lakin iddiaçının 1983- 1989-cu illərdə Ucar rayonu Qazıqumlaq kənd keçmiş “Qafqaz” kolxozunda işləməyi əmək kitabçasında qeyd edilmədiyi üçün tələb olunan sosial sığorta stajı tamamlanmamış və bu səbəbdən pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli arxiv arayışından görünür ki, Abdullayeva(Niftəliyeva) X10 rayonu, Qazıqumlaq kənd keçmiş “Qafqaz” kolxozunun əmək haqqı sənədlərinə əsasən 1983-188, 1984-232, 1985-73, 1986-95, 1989-72 adam günü işləmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə verilən 050264 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 ümumi səbəbdən 1-ci qrup müddətsiz əlildir. İşdə olan Qazıqumlaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərtib etdiyi xx.xx.2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdən sağlamlıq imkanları məhdud olmaqla xx.xx.2016-cl il tarixdən 1-ci qrup əlildir və kənar şəxsin köməyinə çox ehtiyacı vardır. İş materiallarında olan ******* nömrəli “Kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1983-cü ilin yanvar ayından 1989-cu ilin dekabr ayınadək “Qafqaz” kolxozunda kolxozçu işləmişdir. İş materiallarında olan cavabdehin xx xxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx xxxx 2020-ci il tarixli Aktına əsasən sağlamlıq imkanları məhdud və 1-ci qrup əlil uşağına xidmət müddəti 16 il 03 ay 09 gün, əmək kitabçasına əsasən 06 il 06 ay (2009-2016) olmaqla, cəmi 22 il 09 ay 09 gün təşkil edir. İddiaçının 1983-1989-cu illərdə Məlikballı kənd keçmiş “Qafqaz” kolxozunda işlədiyi müddət 03 il 08 ay təşkil edir. Pensiya hüququ isə xx.xx.2020-ci il tarixdə yaranır. İş materiallarında olan “1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə Akt”dan müəyyən olunur ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək sağlamlıq imkanları məhdud və xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 1-ci qrup əlil uşağı X2 qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 16 il 03 ay 03 gün təşkil edir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, 050264 nömrəli vəsiqənin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli imtina məktubları, Ucar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 03 nömrəli arxiv arayışı, xx.xx.2020-ci il tarixli aktın təsdiq edilmiş surəti, ******* nömrəli “Kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli məktubu, xx.xx.2020-ci il tarixli akt aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, iddiaçının 1983-1989-cu illərdə kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, sağlamlıq imkanları məhdud İ qrup əlil uşağına xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası almaq hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X6” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və X5 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar