Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1005/2022 26.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi X1. İddiaçı həmin qərarın ümumiyyətlə mövcud olmamasını bildirir və bunu, qərarın əslinin olmaması, o cümlədən Ədliyyə Nazirliyinin arxivində aşkar edilməməsi ilə əsaslandırır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, müvafiq qərarın olmamasına səbəb xx.xx.2011-ci il tarixdə Potu bələdiyyəsinin inzibati binasında baş vermiş yanğın nəticəsində xx.xx.2006-xx.xx.2011-ci ilə aid sənədlərin məhv olmasıdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-909/2021 nömrəli, xx.xx.2021 tarixli qərarının məzmununa istinad etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati işin şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarının etibarsız hesab edilməsini xahiş edir. müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddian mümkün olsa da, əsassızdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarının etibarsız hesab edilməsini xahiş edir. Lakin, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. İşdə olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-909/2021 nömrəli, xx.xx.2021 tarixli qərarının görünür ki, həmin qərarda işin hallarından bəhs olunarkən Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılması və bununla bağlı torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilərək xx.xx.2007-ci il tarixdə 24 nömrə ilə qeydiyyata alınması, habelə, xx.xx.2007-ci il tarixli aktla sözügedən torpaq sahəsinin yer üzərində ölçülərək iddiaçıya təhvil verilməsi qeyd edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli 390 nömrəli mütəxəssis rəyi ilə Potu Bələdiyyəsinin baş sxemindən çıxarışda göstərilmiş 1310B/0,10 torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi olması, DTXK-nın Göyçay rayon şöbəsi və Potu Bələdiyyəsi tərəfindən təsdiq edilmiş iddiaçıya verilən torpaq sahəsinin yerquruluşu planında göstərilən 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, 2015-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əlavə olunmuş rəqəmsal kadastr xəritəsindən çıxarışda göstərilən 0,11 ha torpaq sahəsinin iddiaçıya verilən torpaq sahəsinin yerquruluşu planında göstərilən 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Göründüyü kimi hazırda iddiaçı tərəfindən etibarsızlığı tələb edilən inzibati aktın mövcudluğu hər hansı şübhə doğurmamış və məzmununun doğru olmasına, səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilməsinə artıq hüquqi qiymət verilmişdir. Odur ki, müvafiq qərarın surətinin hazırda cavabdehdə və ya Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində saxlanılmaması qeyd edilməklə həmin qərarın etibarsız hesab edilməsi ilə bağlı iddiaçının tələbi əsaslı sayıla bilməz. İddiaçı, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının etibarsızlığı ilə bağlı iddiasını “İnzibati icraat haqqında” qanunun 65.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırmamış və qeyd olunan normada göstərilən inzibati aktın etibarsızlığına səbəb olan hallara dair hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-1005/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1005/2022
26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver