Məhkəmə qərarları › İş №2-1(116)-1005/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1005/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1005/2025 04.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi iddiaçı X4, iddiaçının qanuni nümayəndəsi İddiaçı Nəriman qızının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X2rşı “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının qanuni nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il təvəllüdlü oğlu X7 2019cu ilin avqust ayında yıxılmış və sağ qol dirsəkdən aşağı sınmışdır. 2020-ci ilin oktyabr ayına kimi azyaşlı oğlu lazım olan bütün müayinə və müalicələri davam etdirilmiş və müalicəsini tam başa çatdırmamış 2020-ci ilin oktyabr ayının 8-də bir daha yıxılaraq təkrarən həmin qolundan sınıq xəsarətini almışdır.Tibbi Sosial Ekspert Komissiyası isə hər dəfə əsaslar gətirərək azyaşlı övladına əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Komissiya isə hər dəfə suallardan yan keçərək əlillik dərəcəsinin verilməsindən dolayı imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəTibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 barəsində Səbəb: “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar dəqiqləşdirilsin.” əsası ilə imtina edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış, Diaqnozun mətni: Yuxarı ətrafın mononevropatiyaları, Sağ saidin əzələ - toxuma defekti.,kobud əməliyyat sonrakı çapıqları,əzələ atrofiyası. Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar dəqiqləşdirilsin” əsası ilə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin 06 mart 2024-cü il tarixli imtina qərarı;

2. Dövlət Tibbi-Sosial Ekspertza və Reabilitasiya Agentliyinin xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktubları;

3. Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu

4. Cavabdehin etirazı və ona əlavə edilən sənədlər;

5. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışlar;

6. Dövlət Tibbi-Sosial Ekspertza və Reabilitasiya agentliyinin 3-17-4/2- 18998/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubu və Tibbi-Sosial ekspert komissiyasının 3-17-4/3-1-17475/2025 nömrəli qərarı:

7. Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-nin xx.xx.2025-ci il tarixli 5987 nömrəli məktubu və ona əlavə edilmiş ekspert rəyi;

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq əlilliyinin müəyyən edilməsindən ibarətdir. İş materiallarına əsasən müəyyən edilir ki, X7 barəsində müxtəlif tarixlərdə tibb müəssisəsi tərəfindən cavabdehə Forma 88 göndərişləri təqdim edilmişdir.İddiaçı barəsində məhkəməyə müraciət ediləndən əvvəl sonuncu- xx.xx.2024-cü il tarixli göndəriş 06 mart 2024-cü il tarixində qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar dəqiqləşdirilsin.” əsası ilə cavabdeh tərəfindən əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən iddiaçının mövcud sağlamlıq vəziyyətinin əyani müayinəsi və qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana 30 gün müddət təyin edilmişdir.Cavabdehin xx.xx.2025-ci il tarixli qərarda 3-17-4/3-1-17475/2025 nömrəli qərarından müəyyən edilir ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin qüvvədə olan Meyarlara uyğun əlilliyin təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Hər bir halda əlilliyin təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1005/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)-395/2024 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. Təqdim edilmiş rəyə əsasən : Müayinə olunanın boyu yaşına uyğun inkişaf etmişdir, düzgün bədən quruluşludur və kifayət qədər köklükdədir. Sağ saidin orta üçdə birinin arxa səthində 9,7 × 7,5 sm sahədə əzələ-toxuma defekti izlənir. Həmin nahiyənin dəri örtüyü solğun qəhvəyi rəngdə olub, bozumtul çalarlıdır və çapıq toxumalıdır. Atrofiyaya uğradığından sümük dəri altından aydın nəzərə çarpır. Müayinə olunan DTSERA-ya ekspert-travmatoloqun müayinəsinə göndərilmişdir. Müayinədə müəyyən edilmişdir ki, xəstənin hazırkı durumu əlillik səviyyəsində deyildir. Əlin tutma qabiliyyəti pozulmamışdır, pronasiya və supinasiya hərəkətləri qeyd olunur. Dirsək oynağında hərəkət məhdudluğu qeyd edilmir. Beləliklə, S.S. Mahmudovun mövcud sağlamlıq vəziyyətini əks etdirən diaqnoz səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müayinə göndərişində göstərilən “ətrafların digər qazanılmış deformasiyaları, sağ said sümüklərinin orta üçdə birinin varus deformasiya ilə bitişmiş sınıqları, osteoporozu, sağ saidin əzələ-toxuma defekti, kobud əməliyyatsonrası çapıqları, əzələ atrofiyası” diaqnozuna uyğun olsa da, əlin tutma qabiliyyətinin pozulmaması, pronasiya və supinasiya hərəkətlərinin saxlanılması, dirsək oynağında hərəkət məhdudluğunun qeyd edilməməsi səbəbindən əlillik təyinatı səviyyəsində hesab edilmir. “Ətrafların digər qazanılmış deformasiyaları, sağ said sümüklərinin orta üçdə birinin varus deformasiya ilə bitişmiş sınıqları, osteoporozu, sağ saidin əzələ-toxuma defekti, kobud əməliyyatdan sonrakı çapıqları və əzələ atrofiyası” diaqnozuna uyğun olsa da, qeyd olunan xəstəliklər əlillik təyinatı səviyyəsində hesab edilmir. Məhkəmə müəyyən edir ki, iddiaçının göndəriş verilərkən sağlamlıq vəziyyəti, Forma 88-də qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” Meyarlarının M21 XBT kodundan göstərilən digər Ətrafların digər qazanılma deformasiyaları diaqnozuna uyğun olmuşdur.Həmin diqnozun qiymətləndirici əlamətləri Meyarlara əlavənin 13.3.1-13.3.21-ci bəndlərində təsbit edilmişdir.İddiaçının barəsində tərtib edilmiş göndəriş və müəyyən edilmiş diaqnoz həmin əlamətlərin əhatə dairəsinə daxil deyildir.Nəticədə iddiaçının OFP-nin pozulması dərəcəsi 35 faizdən aşağı olduğundan əlillik əlaməti təyin etmir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Hazırkı işdə isə iddiaçı, tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır və cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Qüvvədə olan Meyarlara əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri aşağıdakı kriteriyalara əsasən müəyyən edilmişdir : 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin kriteriyalara əsasən isə sağlamlıq imkanlarının məhdudluq dərəcəsinə uyğun olaraq əlillik dərəcələndirilmişdir.Sözügedən Meyarların : 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçıya əliliyin təyin edilməsindən imtina əsası olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir. Həmin halların yoxlanılması və iddiaçının tələbinin əsaslılığının müəyyən edilməsi isə müvafiq ekspert rəyinin əsasında məhkəmə tərəfindən rəyin hüquqi baxımdan yoxlanılması vasitəsi ilə mümkündür.İddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cümaddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

X4 cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X2rşı “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar