Məhkəmə qərarları › İş №2-1(116)-1007/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1007/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1007/2023 24.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “ümumi xəstəlikdən ikinci qrup əlil kimi 2021-ci ilin fevral ayı da daxil olmaqla 2021-ci ilin avqust ayınadək olan altı ay müddət üçün ödənilməmiş qalan əlilliyə görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi xəstəlikdən ikinci qrup əlil kimi 2021-ci ilin fevral ayı da daxil olmaqla 2021-ci ilin avqust ayınadək olan altı ay müddət üçün ödənilməmiş qalan əlilliyə görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2006-cı ildən “insulindən asılı olmayan şəkərli diabet” xəstəliyi ilə əlaqədar İİ qrup əlillik dərəcəsi ilə əmək pensiyasına çıxmışdır. 2021-ci ilin fevral ayında onun xəbəri olmadan növbəti müayinədən keçmədiyinə görə pensiyası dayandırılmışdır. Pensiyasının kəsildiyini bildiyi vaxtdan yenidən tibbi müayinələrdən keçmək üçün müraciət etmişdir. İddiaçı bir neçə dəfə əsassız olaraq təkrar müayinələrdən keçməyə məcbur edilmiş, nəhayət xx.xx.2021-ci ildə ümumi xəstəlikdən, yəni əvvəlki “insulindən asılı olmayan şəkərli diabet” diaqnozu ilə ona İİ qrup ümumi xəstəlikdən əlillik dərəcəsi təyin edilməklə iddiaçıdan asılı olmayan səbəblərdən əlilliyinin təyin edilməsi cəmi altı ay iki gün gecikdirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Eyni zamanda bildirilir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Araşdırma məlumatına əsasən bildirilir ki, əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi sosial ekspert komissiyası tərəfindən təkrar müayinə edilərkən iddiaçıya xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlillik müəyyən edilmişdir. Əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən 2021-ci ilin 02 avqust tarixindən bərpa edilmişdir. Qeyd olunanlara əsasən təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-47694/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, T.Bağıyevin iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən də məlum olur ki, o, xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonu, Mollaisaqlı kəndində doğulmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya alt sistemi” məlumatlarına əsasən müəyyən olur ki, iddiaçıya xx.xx.2006-cı il tarixli müraciəti əsasında xx.xx.2006-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik alt sistemi” məlumatlarına əsasən T.Bağıyevin əlilliyi növbəti dəfə xx.xx.2016-cı ildə qiymətləndirilmiş və 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Yəni iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə özünün qeyd etdiyi kimi dayandırılmamış, əlilliyin müddəti bitmişdir. İddiaçı T.Bağıyev qeyd edir ki, ona əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa olunduğu xx.xx.2022-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməlidir. İddia tələbinin qeyd edilən hissəsinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən; 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı T.Bağıyevin əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişi əsasında, xx.xx.2021-ci il tarixdə 2-ci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun “Əlilliyin müəyyən edilməsi” başlıqlı 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı T.Bağıyevin əlilliyi isə əlillik müddəti bitdikdən 6 ay sonra bərpa edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər-hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmir. Fondun Məhkəmə Mübahisələr ilə İş üzrə Məkəzi Filialı etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyət baxımından əsaslıdır. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-20597/2023 nömrəli məktubuna əlavə olunmuş: Sistemdən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, ona “şəkərli diabet İİ tip orta ağır forma insulin tələbli. Diabetik polineyropatiya. Diabetik retinopatiya. Aşağı ətrafların angiopatiyası” diaqnozu ilə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin olunmuş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il, təyinat tarixi xx.xx.2016cı il olaraq qeyd olunmuşdur. Sistemdən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, ona əlilliyin təyin olunmasında imtina olunmuş, səbəb olaraq göndərişin natamam doldurulması göstərilmişdir. Sistemdən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçı yenidən müayinə olunmuş, ona “insulindən asılı olmayan şəkərli diabet” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən müddətsiz təkrar ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçı təkrar təyinata qədər sonuncu dəfə yanvar ayı üçün ödəniş almışdır. Cavabdehin iddia tələbinə qarşı əsas dəlili isə iddiaçıya münasibətdə əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən 6 ay keçdikdən sonra xx.xx.2021 tarixdə (6 ay 1 gün sonra) bərpa edilməsi ilə bağlı olmuşdur. Cavabdeh etirazını da göstərilən hal üzərindən əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən təkrar müddətsiz İİ dərəcəli əlillik müəyyən olunmuş, həmin tarixdən sosial müavinət təyin edilmişdir. İddiaçı barəsində ödənişlər yenidən təyinat aparıldığı tarixdən həyata keçirilməkdədir. Əlilliyin təkrar qiymətləndirilməsi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlər və müayinələr əsasında aparılmışdır. Bunula yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə 6 aylıq müddətin son günü olan xx.xx.2021ci il tarixi həftənin bazar gününə təsadüf etmişdir. Bu isə onu deməyə əsas verir ki, məhz qeyri-iş gününə təsadüf etməsi səbəbindən təyinat nə xx.xx.2021-ci il tarixdə, nə də xx.xx.2021-ci il tarixdə aparılmamış və xx.xx.2021-ci il tarixdən verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildiyindən o, ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməlidir. Odur ki, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə ümumi xəstəlikdən ikinci dərəcə əlil kimi 2021-ci ilin fevral ayı da daxil olmaqla 2021-ci ilin avqust ayınadək olan altı ay müddət üçün ödənilməmiş qalan əlilliyə görə əmək pensiyasının hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar