Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1008/2021 25.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdehnə qarşı “oğlu Əsədli Ərdoğan Ramiz oğlunun adının dəyişdirilərək “Rəcəb”, soyadının “Ərdoğan” olaraq qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı Cavabdehnə qarşı «oğlu Əsədli Ərdoğan Ramiz oğlunun adının dəyişdirilərək “Rəcəb”, soyadının “Ərdoğan” olaraq qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 10.01.2017-ci il tarixdə Şəki rayonun Çeşməli kəndində anadan olmuşdur. Ona “Ərdoğan” adını qoymaqda məqsədi türk dünyasının liderlərindən olan X1, həmçinin soyunun axısqa türklərindən gəlməsidir. Əslində o, oğlunun adını, soyadını və öz adını dəyişdirərək “X10” qoyulmasını istəyir. Lakin, dəfələrlə mərkəzi hakimiyyət strukturlarına, idarə və təşkilatlara müraciət etsə də eyni məzmunlu cavablar almışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək oğlu Əsədli Ərdoğan Ramiz oğlunun adının dəyişdirilərək “Rəcəb”, soyadının “Ərdoğan” olaraq qeydə alınması öhdəliyinin Şəki rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı 04.06.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub göndərilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 5 (beş) gün müddətində vaxt təyin edilmişdir. Müvafiq məktub 11.06.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 02.04.2021-ci il tarixli məktubu, - AZE seriyalı, 11551583 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi : İddiaçı Cavabdehnə qarşı «oğlu X4 adının dəyişdirilərək “Rəcəb”, soyadının “Ərdoğan” olaraq qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 02.04.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı övladının adının “Ərdoğan” adından “X10” adına dəyişdirilməsi üçün müraciət etmiş, lakin, inzibati orqan Mülki Məcəllənin 26.1-ci maddəsinə və Ailə Məcəlləsinin 54-cü maddəsinə əsaslanmaqla müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçıya yerli icra hakimiyyəti orqanına müraciət etməsini tövsiyə etmişdir. İş materiallarına əlavə edilmiş, AZE seriyalı, 11551583 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının övladı X7 10.01.2017-ci il tarixdə Şəki rayonu Çeşməli kəndində doğulmuşdur. Səyyar ASAN 10 tərəfindən 03.03.2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı oğlu X4 adının dəyişdirilərək “Rəcəb”, soyadının dəyişdirilərək “Ərdoğan” olaraq qeydə alınmasına nail olmaqdır. Lakin, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmə tərəfindən inzibati qaydada baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2000-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirməsi müəyyən edilmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı, yəni yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Odur ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın (Cavabdeh) hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Həmçinin əlavə olaraq məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı icazə vermədi təqdirdə belə, qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Şəki rayon İcra Hakimiyyətinin inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Şəki rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti “İnzibati İcraat haqqında” qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Şəki rayon İcra Hakimiyyətinin iddiaçının müraciəti əsasında qəbul etdiyi sənəd inzibati akt deyil, ünvanlandlığı şəxs üçün hər hansı nəticə yaratmır və məcburilik xüsusiyyətlərinə malik deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından, və mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia mümükün sayılmamalıdır. İddiaçıya izah edilir ki, hazırki iddia tələbində qeyd olunan tələblə bağlı ilk öncə Şəki RİH-nin qəyyumluq və himayəçilik orqanına müraciət etməli, sonuncu tərəfindən uşağın adının dəyişdirilməsinə icazə vermədiyi təqdirdə ona qarşı iddia ilə cavabdehin olduğu yer üzrə Şəki Rayon Məhkəməsinə müraciət etməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı «oğlu Əsədli Ərdoğan Ramiz oğlunun adının dəyişdirilərək “Rəcəb”, soyadının “Ərdoğan” olaraq qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1008/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1008/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver