Məhkəmə qərarları › İş №2-1(116)-101/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-101/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-101/2020 21.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Ağdaş rayonu Beşdəlli kəndində anadan olmuşdur. O, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində işləmişdir. İddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Səbail rayon şöbəsinin xx xxxx 2018-ci il tarixli, 1701/763 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajının həmin müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün yoxlanılması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin tələbinə görə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. “Rustam” kiçik müəssisəsi Dövlət X5 ilə qarşılıqlı hesablaşma aparmadığından xx.xx.1991-ci ildən xx.xx.1997-ci il tarixədək olan dövr sosial sığorta stajı kimi hesablanmır və bu halda vətəndaş İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya 16742.88 manat pensiya kapitalının tamamlanmağı xx.xx.2006-cı ilədək tələb olunan 23 il 11 ay olmadığından ona yaşa görə əmək pensiyası təyin oluna bilməz. İş materiallarında olan xx.xx.1972-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətində iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində ikinci dərəcəli fəhlə vəzifəsində işlədiyi qeyd edilmişdir. İş materiallarında olan 9 saylı X2 xx.xx.2019-cu il tarixli **********697800 nömrəli məktubunda “Rustam” kiçik müəssisəsinin 9 saylı X3 hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilən cavabdehin təqdim etdiyi sənəddən müəyyən edilir ki, iddiaçının sosial sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən cavabdeh orqanın mütəxəssisi tərəfindən hesablanmış və hesablamanın nəticəsi məlum edir ki, əgər iddiaçının tələbində qeyd etdiyi müddət onun sosial sığorta stajına daxil edilərsə, iddiaçının cəmi 25 il 22 gün sığorta stajı olacaq ki, bu da ona pensiya təyin edilməsinə kifayət edəcəkdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu, xx.xx.1972-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********5 nömrəli etiraz məktubu, 9 saylı X2 xx.xx.2019-cu il tarixli **********697800 nömrəli məktubu, cavabdeh tərəfindən iddiaçının sığorta stajının hesablanmasını əks etdirən sənəd, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/393-5/398 nömrəli və xx.xx.2020-ci il tarixli 4/425 nömrəli ekspert rəyləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində işləməsi faktını müəyyən etmək mümkün olmadığından məhkəmənin xx.xx.2020-ci il tarixli 2- 1(116)-101/2020 nömrəli Qərardadı ilə iş üzrə kompleks məhkəmə-sənədlərin texniki ekspertizası və məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli “Sənədlərin texniki ekspertizası”nın ekspert rəyində qeyd olunur:

1. Tədqiqata təqdim edilmiş xx.xx.1972-ci il tarixli əmək kitabçasının 24-25-ci səhifələrində olan 28-29-cu qeydlərdəki bütün əlyazılarının və imzaların icra olunmasında istifadə olunan mürəkkəblər rəngləyici maddələrinin kimyəvi tərkibinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər.

2. Tədqiqata təqdim olunmuş xx xxxxxx 1972-ci il tarixli əmək kitabçasında olan 28-ci qeyddəki əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

3. Həmin əmək kitabçasında olan 29-cu qeyddəki əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

4. Həmin əmək kitabçasının 28-ci qeydindəki əlyazıları və imza ilə 29-cu qeydindəki əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdur.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli “Məhkəmə xətşünaslıq ekspertizası”nın ekspert rəyində qeyd olunur:

5. Ekspertizaya təqdim edilmiş, İddiaçı Bahadır oğlunun adına olan xx xxxxxx 1972-ci il tarixli əmək kitabçasının 24-cü səhifəsində “28 1991 09 04”, “29 1997 12 19” yazıları ilə 25-ci səhifəsində “Эмр N 114 09 ceнтjабр 1991-чи ил”, “Эмр N 436 19 декабр 1997” yazıları öz aralarında - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.

6. Ekspertizaya təqdim edilmiş, İddiaçı Bahadır oğlunun adına olan xx xxxxxx 1972-ci il tarixli əmək kitabçasının 24-cü səhifəsində “’’Рустам” к/м-нə 2 чи дəрəчəли фəhлə олараг ишə гəбул едилмишдир. Директор Караев А И ” yazıları ilə “Эз əризəсинə əсасəн ишдəн азад едилмишдир. Директор Караев А И” yazıları öz aralarında - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.

7. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 1972-ci il tarixli əmək kitabçasının 25-ci səhifəsində “Караев А И” yazısının qarşısındakı imza ilə “Караев А И” yazısının önündəki imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Aparılan məhkəmə-sənədlərin texniki ekspertizası və məhkəmə-xətşünaslıq ekspertizasının rəylərinin nəticəsindən göründüyü kimi iddiaçının əmək kitabçasında “Rustam” kiçik müəssisəsinə işə qəbul və işdən azad edilən zaman direktor tərəfindən edilməli imzalar müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1991-ci il tarixli işə girmə əmrinin nömrəsi 114, xx.xx.1997-ci il tarixli işdən çıxma əmrinin nömrəsi 436-dır. Məhkəmə qeyd olunan kiçik müəssisədə qeyd olunan nömrələrlə əmrlər verilməsini ağlabatan hesab etmir. Belə ki, dekabr ayında 436 nömrəli əmrin olması ona dəlalət edir ki, qeyd olunan kiçik müəssisədə şənbə bazar günləri də daxil olmaqla hər gün əmrlər verilmişdir ki, bu da reallığı əks etdirə bilməz. Məhkəmə ekspert rəyi, əmək kitabçasında olan əmrlərin nömrələrinə əsasən belə qənaətə gəlir ki, həmin qeydlər heç bir ilkin sənədlərə, yəni əmr kitablarına istinad olunmadan sadəcə olaraq real olması görüntüsü yaratmaq üçün sonradan aparılmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Rustam” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 247 (iki yüz qırx yeddi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar