Məhkəmə qərarları › İş №2-1(116)-1011/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1011/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1011/2022 25.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçının Balakən Rayon Məhkəməsinin 21 fevral 2017ci il tarixli 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü ünvan 1ində yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü ünvan 1ində yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Balakən Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən iddiaçı keçmiş əri X2 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Qətnamənin icrası 27.11.2018-ci ildə Balakən rayon İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur. İddiaçı hal-hazıradək həmin evdə yaşayır. İddiaçı həmin fərdi yaşayış evinə qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. Məhkəmənin 04.05.2022-ci il tarixli 2-1(116)-1011/2022 nömrəli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Balakən Rayon Məhkəməsinin 21.02.2017-ci il tarixli 2(019)-166/2017 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı ünvan 1ində yerləşən həmin iş üzrə cavabdeh X1 yaşadığı bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinə köçürülmüşdür. Balakən rayon İcra və probasiya şöbəsinin 27.11.2018-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən İddiaçı ünvan 1ində yerləşən cavabdeh X1 yaşadığı 1 mərtəbəli üç otaqlı fərdi yaşayış evinə köçürüldüyündən və sözügedən icra sənədi icra olunduğundan icraata xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin 29.03.2022-ci il tarixli **********55 nömrəli məktubunda bildirilmişdir ki, X3, X1 və ailə üzvlərinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi Balakən rayon dövlət notariat kontorunun 28.04.2015-ci il tarixli 4Ə-226 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Məktuba əlavə olunmuş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonunun Qazbinə kəndində yerləşən 0,0675 ha həyətyanı torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, artıq Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş 21.02.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla cavabdehin imtinasını istisna edən şərt öz təsdiqini tapmış, cavabdehin 27.12.2020-ci il tarixli 109-29018H-3220 nömrəli məktubda göstərilən əsaslardan ibarət imtinası əsassız olmuşdur. İddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etdiyi mübahisəli fərdi yaşayış evinə münasibətdə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanındığından və icraya yönəldildiyindən onun tələbi əsaslı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)-3309/2019 nömrəli analoji iş üzrə 27.11.2019-cu il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının istifadə hüququnun tanındığı fərdi yaşayış evinə qeydiyyata alınmaqdan ibarət tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Balakən Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü ünvan 1ində yerləşən fərdi yaşayış evinə (********** qeydiyyat nömrəsi ilə 17.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyesrtində qeydə alınmış, üçüncü şəxs X4 mülkiyyətində olan torpaq sahəsində yerləşən) yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar